Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41

-

Amerikalı rəssam qadın Jenness Cortez Leonardo da Vinci-nin məşhur «Mona Liza»sını («Cakonda»nı) yenidən işləyərək bərpa edib.

Xəbəri «Art Daily» portalı yayıb.

Xanım Cortez-in fikrincə, tablo XVI əsrin əvvəllərində necə görünürdüsə, indi həmin görünüşü qazanıb.

Bununla belə, xanım rəssam öz rəsminin Leonardo-nun əsəriylə müqayisə olunmasına iddia etmir.

Rəssam tablonu işlərkən Fransa Muzey Araşdırmaları və Bərpası Mərkəzinin laborator nəticələrinə əsaslanıb. Xanım Cortez dahi rəssam və şagirdlərinin rəsmləri barədə tarixi faktları da analiz edib:

«Bütün bilik və təcrübəmi, intuisiyamı, xəyal gücü və ehtirasımı bu işə qoymuşam. Eynən Leonardo kimi, tablonu yaradarkən, həmin cilvəli ilham pərisinin baxışlarından ləzzət almışam. Ümid edirəm ki, mənim «Liza»m görənlərin xoşuna gələcək».

Xanım Cortez-in tablosu orijinaldan daha parlaq təsir bağışlayır. Sənətşünasların fikrincə, Leonardo-nun tablosunda zaman keçdikcə parlaqlığını itirən mavi, qəhvəyi və yaşıl rənglərə bərpaçı rəssam xüsusi diqqət ayırıb. Nəticədə «Mona Liza»nın bəzi ayrıntıları - qaşları və üzünün rəngi daha gözəçarpan olub, gözləri və saçları daha parlaq və aydın sezilib.

Xəbəri yayan qaynaq vurğulayır ki, üstündən ötən bu qədər zamanın təsiriylə «Cakonda» müxtəlif dəyişikliklərə uğrayıb. Məsələn, hədsiz təmizlənmə və nəmlik ucbatından cila tündləşərək saralıb, tabloda təbii kimyəvi proseslər gedib, bəzi zəif piqmentlər görünməzləşib.

Leonardo da Vinci-nin məşhur «Mona Liza»sı 1503-1506-cı illərdə yaradılıb.

Tabloda təsvir olunan qadının florensiyalı tacir Gioconda-nın (Cakonda) həyat yoldaşı olduğu deyilir.

Tablo o üzdən «Cakonda» adlanır.

«Mona Liza» Parisdə -Luvr muzeyində saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG