Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07

-

«Yeni Müsavat» yazır ki, Azərbaycanda elektrik enerjisi bahalaşa bilər. Bunun nəticəsi olaraq da «Bakı Metropoliteni» və «Azərbaycan Dəmir Yolları» gedişhaqqını artırmalı olacaq. Qəzet bunu iqtisadçı Qubad İbadoğluna istinadla yazıb. İqtisadçının təhlilinə görə, elektrik enerjisinin bahalanması digər sahələrdədə qiymət artımına səbəb ola bilər.

Bəs enerji niyə bahalanmalıdır? Qubad İbadoğlu deyir: «Kredit borcu əsasən valyuta ilə olan və xaricdən dövlət təminatı ilə ən çox kredit götürən «Azərenerji» ASC manatın devalvasiyasından sonra özünəməxsus maliyyə vəsaitləri hesabına borc öhdəliklərini yerinə yetirə bilməyəcək.

Bununla yanaşı, şirkətin sürətlə artan investisiya öhdəlikləri (4 milyard dollardan çox) və vergi borcları (1 milyard dollar manatadək) hazırkı situasiyada onun maliyyə sabitliyini daha pisləşdirib, ödəmə qabiliyyətini aşağı salıb. Şirkətin istehsal etdiyi məhsulun maya dəyərinə yanacaq, maşın və avadanlıqların xərcləri əhəmiyyətli paya malikdir. Belə ki, «Azərenerji» ASC-də yanacaq xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir».

Qubad İbadoğlu deyir ki, şərtlər elektrik enerjisinin bahalaşmasını real olduğunu göstərir.

ÜNVANLI YARDIM ALANLAR AZALIR

ANS imkansız ailələrə verilən ünvanlı sosial yardımdan yazır:

«Azərbaycanda mərkəzləşdirilmiş ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılır. Bu məqsədlə ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki işlərə başlanıb.

Foto: Arxiv

Foto: Arxiv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq».

ANS onu da yazır ki, statistikaya görə, Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqdadır. Buna səbəb kimi də «əhalinin gəlirlərində artım və dövlət yardımlarının təyinatında ünvanlılıq, şəffaflığın təminatına nəzarətin gücləndirilməsi» göstərilir:

«Bu ilin fevralında respublikada 109 min 124 ailə ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36 min 380 ailə, yəni 25% azdır. Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında respublikada ünvanlı yardım alan ailələrin sayı 38 min 675 ailə (168 min 673 nəfər ailə üzvü), yəni 26.4 faiz azalaraq, 107 min 761 ailə (470min 237 nəfər ailə üzvü) təşkil edib».

«NEFT-QAZLA DOST TUTMAQ ERASI BİTİB»

MeydanTV-də iqtisadçı Natiq Cəfərli «Avropanın yeni enerji xəritəsi»ndən danışır.

Onun sözlərincə, bu günlərdə Azərbaycanı, regionu, gələcəyin enerji xəritəsini və bu sahədə «oyun qaydalarını» dəyişə biləcək çox mühüm bir hadisə baş verdi: «Avropa İttifaqı liderlərinin son görüşündə Avropa Enerji İttifaqının yaradılmasına qərar verildi».

Natiq Cəfərli

Natiq Cəfərli

Natiq Cəfərli yazır ki, bütün bu baş verən hadisələrin Azərbaycanla birbaşa əlaqəsi var: «Azərbaycan hökuməti israr edir ki, yaxın 5 ildə Avropanın yeni qaz mənbəyi bizim ölkə olacaq və bu tezisdən siyasi dividentlər əldə etmək üçün istifadə edirlər. Bir məsələni anlamırlar ki, bu tezis Azərbaycan auditoriyası üçün keçərli olsa da, Avropa institutlarını belə məsələlərlə aldatmaq mümkün deyil. Azərbaycanın qaz resursları Avropa üçün tək bir məsələdə önəmli idi: Rusiya qiymət diktə edərkən, yeni mənbənin olması Avropaya danışıqlarda üstünlük qazanmağa yardımçı olurdu. Amma, həm Avropa, həm də Rusiya yaxşı bilirdilər ki, Azərbaycanın çox kiçik qaz həcmləri Avropada «havanı dəyişməyəcək». Yeni Enerji İttifaqının yaranması isə, ümumiyyətlə, bu amili də heçə endirir: Rusiya daha qiymət diktəsi edə bilməyəcək. Yaxın 5 ildə Avropa qaz bazarına yeni böyük oyunçular daxil olacaq. ABŞ, İsrail, Kipr kimi oyunçularla yanaşı, İran və İraq kimi böyük, əhəmiyyətli qaz ehtiyatları olan ölkələr də Avropa bazarını hədəf alıb».

Natiq Cəfərli yazır ki, 2020-ci ildə Avropanın qaza olan tələbatı 500 mlrd. kubmetr olacaq, Azərbaycan da həmin zaman Avropaya ən yaxşı halda 10 mlrd. kubmetr qaz çıxarda biləcək, bu da çox kiçik rəqəmdir.

Natiq Cəfərlinin qənaətincə, Azərbaycan hökuməti anlamalıdır ki, neft-qazla dost tutmaq erası artıq bitib, «ölkənin bütün iqtisadi və siyasi maraqları məhz enerji faktoruna kökləndiyindən artıq dayanaqlığını itirib, ölkə mütləq yeni, tərəqqiyə hesablanmış modelə, yeni sistemə keçməlidir». İqtisadçı hesab edir ki, əks halda ölkəyə ciddi ziyan dəyəcək. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG