Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:45

Vahidli kənd məktəbinin müəlliməsi rayon polisini və prokurorluğu ittiham edir


Arxiv fotosu

Arxiv fotosu

-

“Evimi talayıblar, özümü döyüblər. Mənə qarşı vəhşilik etdiklərini təsdiqləyən ekspertiza kağızım da var. Ancaq bu rayonun prokuroru, polisi oğrunu, xuliqanı açıq-aşkar himayə edir”.

Bunu "Qaynar xətt"ə müraciətində Tovuzun Vahidli kənd sakini Ziyafət Həsənova deyib.

Z.Həsənova Vahidli kənd orta məktəbində biologiya müəlliməsi işləyir. Müəllimə deyir ki, Aran Yanıqlı kənd sakini Azad Qurbanov yaxın dostları ilə əlbir olaraq müxtəlif vaxtlarda onu döyüb təhqir ediblər, yaşadığı evi talayıblar, özünü isə ölümlə hədələyərək ev-eşiyindən didərgin salıblar.

"BİZ BELƏ AİLƏ QURDUQ"

Ziyafət Həsənovanın sözlərinə görə, bir neçə il əvvəl Aran Yanıqlı kənd sakini Əli Qurbanovla ailə qurub:

“Əli vaxtilə uzun illər sovxoz direktoru olub. Yaxşı pulu, malı-mülkü olub. Övladlarını yerbəyer edib, hamısına ev-eşik verib. Həyat yoldaşı vəfat edəndən sonra övladları onu incidirdi. Baxımsız vəziyyətdə qalmışdı. Heç kəs ona qayğı göstərmirdi. Əli kənddəki keçmiş pivə zavodunun birmərtəbəli, 6 otaqlı, həyətyanı sahəsi olan yerini aldı aldı. İkimərtəbəli, 40 sot həyətyanı sahəsi olam əmlakını da oğlanlarından birinə bağışlayıb, bircə çöp də götürməyib evindən çıxdı. Biz rəsmi ailə qurduq”.

Z.Həsənova deyir ki, Əli Qurbanovla ailə qurandan sonra sonuncunun banklardan birinə olan borcunu birlikdə ödəyiblər. Uzun müddət istifadəsiz, baxımsız qalmış və təmirsiz olan keçmiş zavodun otaqlarını da birlikdə təmir ediblər. Əl-ələ tutub şəraitlərini, güzəranlarını birtəhər düzəldiblər:

“Əli pensiyaya çıxdı. Mən iki kənddə işləyirdim - həm Vahidli, həm də Aran Yaqnıqlı məktəblərində. Məvacibim də ümumilikdə 400 manata yaxın idi. Birləşib 5-10 qoyun aldıq. evi təmir edib başladıq orada yaşamağa. Əlinin sahəsi vardı, toxum alıb taxıl əkdik, əkinçiliklə məşğul olduq. Dəyirman aldıq, yem aparatı aldıq... Şəraitimizi bir az da düzəltdik”.

"O ÖLƏNDƏN SONRA ÖVLADLARI ÜSTÜMƏ GƏLDİ"

Ötən il sentyabrın 22-də Əli Qurbanov vəfat edib. Bundan sonra onun birinci nikahdan olan övladları Ziyafət Həsənovadan əmlakı tələb etməyə başlayıblar.

Z.Həsənovanın dediklərindən:

“Dedilər, hamısı bizə çatır. Dedim, a bala, atanızı incidirdiniz, bununla belə, axırıncı çöpünə kimi nəyi vardı, sizinçün qoyub evdən evdən çıxdı. Bu ev-eşik, şəraiti isə qanuni nikah dövrümüzdə birlikdə qurub-yaratmışıq. Oktyabr ayında oğlu Azad, Aran Yanıqlı kənd məktəbinin direktoru işləyən əmisi Tariyel Qurbanov və sonuncunun oğlu, başqa ailə üzvləri, bir də Famil adında bir dostları evimə neçə dəfə hücum edib məni döydülər. Bu barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat verdim. Ekspertizadan da keçdim. Xəsarətlərim təsdiqləndi. Dəfələrlə evimə hücum etdilər, döydülər, mən də hər dəfə şikayət etdim. Baxdım ki, mən bunlardan polisə, prokurora şikayət etdikcə bunlar daha da vəhşiləşirlər. Qarşılarını kəsən isə yoxdur”.

Şikayətçi bildirir ki, noyabrın 23-də ölümlə hədələndiyinə görə evini tərk etmək məcburiyyətində qalıb:

“Bu adamların cəzasız qalması hamını qorxuya salıb. İş o yerə çatıb ki, mənə xəbər yollayıblar ki, axşam saat 9-a kimi evdən çıxmasan, Famil gəlib evin içində səni doğrayacaq. Mən qorxdum. Bildim ki, polisə şikayət etməyin xeyri yoxdur. Onsuz da tədbir görmür. Məcbur qalıb evdən çıxdım. Qonşulara yalvardım ki, məni təcili Vahidli kəndinə - ata evimə çatdırsınlar. Qonşular dedilər onlar başıpozuq adamlardır. Bilərlər sənə kömək etmişik, gəlib bizə də zərər vurarlar”.

"NƏYİMİZ VARDI TRAKTORA, YÜK MAŞININA YÜKLƏYİB APARDILAR"

Dekabrın 23-də aranın sakitləşməsindən ürəklənən Ziyafət Həsənova evinə baş çəkmək qərarına gəlir. Ünvana çatanda heyrətdən yerindəcə donur:

“Hər şeyi yığışdırıb aparmışdılar. Su çənini, həyətdəki mini dəyirmanı, yem aparatını, taxıltəmizləyən aparatı, anbardan 20 ton taxılı... Qonşular dedilər, yük maşınları ilə, traktorla gəlmişdilər. Hamısını yüklədilər, apardılar. Mən dərhal polisə, prokurorluğa şikayət etdim. Əvəzində kənd məktəbinin direktoru işləyən keçmiş qaynım Tariyel Qurbanov mənə zəng vurdu, hədələyib dedi, şikayətlərinin xeyri olmayacaq sənə. Sən şikayət etdikcə biz də gedib pulumuzu veririk, ərizəni cırıb zibil yeşiyinə atırlar. Baxdım ki, elə düz deyir, başıma gələnlərlə bağlı rayon polisinə, rayon prokurorluğuna, DİN-ə, Baş Prokurorluğa, 300-dən çox məktub, teleqram yollamışam. Yalnız bircə dəfə - oktyabr ayında DİN-dən bir nəfər gəlib, məni dinləyib, o adamlara da deyib ki, qadın xeylağıdır, xalqın müəlliməsidir, incitmək olmaz. Vəssalam. Elə bunu dedi, getdi...”

Müəllimə bu günədək başına gələnləri qarşı tərəfin cəzasız qalmasə ilə əlaqələndirir:

“Məlum oldu ki, mənə qarşı baş verənlərin başında Tovuz rayon prokuroru şəxsən özü dayanır və onlara himayədarlıq edir. DİN əməkdaşı Tovuza gəlib-gedəndən sonra isə mənə hücumlar, ölümlə hədələmələr daha da artdı və bu azmış kimi, özümü ev-eşiyimdən didərgin salıb malımı-mülkümü taladılar. Mən baş prokurora və daxili işlər nazirinə səslənirəm: bıçaq sümüyə dirənib, ya Tovuzdakı özbaşınalığa son qoysunlar, ya da malı-mülkü əlindən çıxmış, hər gün hədələr və səksəkələr içində yaşayan tək qadından ötrü bir quru candan keçməkdən başqa çarə qalmır. Bir gün məni Baş Prokurorluğun qarşısında əlimdə benzinlə dolu qab görəndə heç kəs səbəbini uzaqda axtarmasın. Çünki səbəbindən aylardır ki, hamıya yazıram”.

Səslənən bu ittihamlara münasibət öyrənmək üçün Tovuz rayon hüquq-mühafizə orqanlarına müraciət etdik.

Tovuz Rayon Polis Şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, Ziyafət Həsənovanın şikayət ərizəsi ilə bağlı araşdırma aparılıb:

“Onun adını qeyd etdiyi şəxslər şöbəyə dəvət olunaraq dindirilib. Ancaq Ziyafət Həsənovanın mənzilindəki oğurluqla əlaqələri müəyyən edilməyib. Onun döyülməsi ilə bağlı dedikləri isə ümumiyyətlə təsdiqini tapmayıb”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG