Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

-

İçərişəhərdə bayram festivalına gələnləri ilk qarşılayan kababçılar olur.

İri manqallarda bişən kababın tüstü-dumanı ətrafı başına götürüb. Manqalların ətrafında əməlli-başlı növbə var. Yaşlı qadın deyinir, “buna bax a, bir tikə əti 5 manata verir”...

Manqalların yaxınlığında kəndirbaz avadanlıqlarını hazırlayır. Bir göz qırpımında bir neçə metr hündürlüyə, kabab tüstüsü də onun boyu hündürlüyünə qalxır. Kəndirbaz bu dəfə nazik dəmir boruların üstündə velosipedlə gəzir. Meydana toplaşan adamlar onu alqışlayır.

Bir manata araqçın

Bir az qarşıda araqçın satanlar iri kisələrdən araqçınları yerə töküb satır. Balacalar, böyüklər araqçın satanın başına yığışır. Satıcı Vaqif deyir ki, araqçınlar fabrik malıdır. Bir manata olan araqçından hərə birini alıb özünün, uşağının başına qoyur. Kimsə dodaq büzür, “kitayskidir, onun üçün belə ucuzdur”. (Ardı aşağıda)

Papaqçlardansa papaq alan yoxdur. Papaq satanlardan biri “əsl, qaragül dərisindəndir, belə papaq ələ düşməz” deyib satdığı papağı tərifləyir. Ahıl kişi nəvəsinə almaq istəyir, qiymətini soruşur. Papaqçının “60 manat” cavabını eşidəndə uşağın əlindən tutub uzaqlaşır. Paparçı da arxasınca qışqırır: “15 manata süni dəridən olanı da var”... Sonra da deyinir: “Papaq alan yoxdur, hamı başına qoyub şəkil çəkdirir”.

Şəkil çəkdirənlər daha çox çoban papaqlarını başına qoyur. Çoban papaqları ilə şəkil çəkdirmək 50 qəpik, 1 manatdır.

Vur çatlasın, çal oynasın

Bir az içəridə - səhnə tərəfdə adamlar daha sıxdır. Çalğı səsi yaxınlaşdıqca adamlar da çoxalır. Basabas artır. Səhnədə milli paltarda qızlar-oğlanlar rəqs elədikcə tamaşaçıların arasından da rəqsə qoşulan olur. Əvvəlcə bir gənc qol götürüb oynayır. Sonra ona 3-4 cavan oğlan da qoşulur. Aralarında kürəyinə Azərbaycan bayrağı sərmiş biri ətrafdakılar da oynamağa dəvət edir. Ona qoşulanlar da olur. Utancaqlar əl çalmaqla kifayətlənir.

Sənətkarlar, dərzilər, rəssamlar, əl işlərini tərifləyr. Ağacdan fiqurlar hazırlayan Kamilə Əmirova deyir ki, sərgi satış sərgisi olsa da alıcı yoxdur, hamı baxır gedir.

Bu dəfəki bayram festivalında Türkiyə, İran, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın da çadırları var. Bu çadırlara baş çəkənlər də onların milli papaqlarını alıb başlarına qoyub şəkil çəkdirirlər.

Sehrbaz da sehr göstərməkdən yorulmuşdu. O da şəkil çəkmək istəyənlərin könlünü qırmır.

İrandan olan turistlər azalıb

Bundan əvvəlki illərdə İrandan gələn azərbaycanlılar əlindən iynə atsaydın, yerə düşməzdi. Bu il əvvəlki illərdəki kimi İrandan olan turistlər çox gözə dəymirlər. Ərdəbildən olan Həmidağa Məhəmmədi də bunu təsdiqləyir. Deyir yəqin sərhədi keçmək çətinləşdiyi üçün bu il gələnlərin sayı azalıb. “Ancaq gəlmək lazımdır, 5 ildir bayramda Bakıya gəlirəm. Gəlib həmşərilərimi görmək xoşdur”.

Meydandan aşağı – Qız Qalasına doğru hərəkət etdikcə basabas lap çoxalır. Ordan da musiqsi səsi gəlir.

İçərişəhərdə bayram festivalı martın 24-ə qədər davam edəcək. Festivalın təşkilatçısı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi"dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG