Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:56

İran prezidenti Qərblə nüvə sazişinin əldə oluna biləcəyini deyib


ABŞ-ın dövlət katibi John Kerry deyib ki, İranın ziddiyyətli nüvə proqramını cilovlamaq üçün aparılan danışıqlarda “əsaslı tərəqqi” əldə edilib.

İran prezidenti Hassan Rouhani bəyan edib ki, nüvə danşıqlarında irəliləyişin əldə olunması yekun sazişinin qəbul ediləcəyinə ümid yaradır.

“Həll oluna bilməyəcək məsələ yoxdur” – deyib İran prezidenti.

Bununla yanaşı, İran mediası prezidentə istinadən bildirir ki, Qərblə Tehran arasında İranın nüvə proqramının gələcəyinə dair “müəyyən fikir fərqləri” qalmaqdadır.

“Əsaslı tərəqqi” və “mühüm fərqlər”

ABŞ-ın dövlət katibi John Kerry deyib ki, İranın ziddiyyətli nüvə proqramını cilovlamaq üçün aparılan danışıqlarda “əsaslı tərəqqi” əldə edilib, lakin bu istiqamətdə “mühüm mövqe fərqləri” hələ də aradan qaldırlmayıb.

O bu bəyanatı Almaniya, Fransa və Britaniya xarici işlər nazirləri ilə London görüşünün başlanğıcında verib.

Bundan əvvəl, ötən həftə ərzində ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İsveçrənin Lozanna şəhəində İran nümayəndə heyəti ilə danışıqlarda olublar.

İranla razılaşma çərçivəsinin martın 31-dək hazırlanması nəzərdə tutulur.

Cənab Rouhani isə bildirib ki, Lozanna danışıqlarında “bundan əvvəlki danışıqlar zamanı mövcud olan bəzi fikir ayrılıqları aradan qaldırılıb”.

Sazişdə hamının (öz) marağı var

Təhlilçilər bildirirlər ki, bu danışıqlarda bütün tərəflər yekun sazişinin əldə olunmasına çalışırlar və elə buna görə də ilkin sazişin nəzərdə tutulan 10 gün ərzində hazır ola biləcəyinə ümid var.

İran tərəfi bu danışıqların nəticəsi olaraq onu əzən sanksiyalardan xilas olmağa, lakin eyni zamanda Qərbin qarşısında qorxaq görünməməyə çalışır.

Mətbuat yazır ki, İranla sazişin əldə olunması prezident Obama-nın xarici siyasətinin təntənəsi olardı.

Bu danışıqlarda Avropa İttifaqının da gözləntiləri var. Mümkün saziş Avropanın aparıcı ölkələri üçün İranın enerji sektoruna giriş verərdi.

Amerika tərəfi bildirir ki, Vaşinqton İranla yalnız etimada deyil, həm də icrası intensiv olaraq təftiş oluna biləcək razılaşma istəyir.

İrandan istənilən nədir?

Britaniya xarici işlər naziri Philip Hammond London məsləhətləşmələrinin ardınca bildirib ki, tərəflər İranla danışıqlarda əsl irəliləyişə nail olunduğu barədə razılığa gəliblər.

İranla aparılan danışqılarda Qərb Tehrandan özünün nüvə proqramını nüvə silahının yaradılması mümkün olmayan səviyyədə saxlanmasını istəyir və bunun müqabilində İrana onun iqtisadiyyatına ağır zərbə vuran sanksiyaların qaldırılacağını vəd edir.

Tərəflər arasında əldə olunmuş ilkin razıalşmaya görə sazişin siyasi çərçivəsi martın 31-dək hazır olmalı, yekin saziş isə iyunun 30-dək imzalanmalıdır.

Associated Press agentliyi etibarlı mənbələrə istinadən bildirib ki, İrandan konkret olaraq hazırda malik olduğu sentrifuqların 40 faiz ixtisar olunması tələb olunur.

Bunun müqabilində İrana qarşısanksiyalar yumşaldılmalı, Tehranın üzərindən BMT-nin adi silahlara dair embarqosu qaldırılmalıdır.

Obamanın Novruz təbriki

Ötən cümə ABŞ prezidenti Barack Obama İran xalqına müraciətində Novruz təbrikləri ilə yanaşı həm də bildirib ki, nüvə probleminin “dinc yolla həlli üçün tarixi imkan yaranıb”.

Danışqların içində olan rəsmilərdən gələn məlumatlara əsasən başlıca çətinlik yaradan məqamlar sanksiyaların qaldırılma sürəti, İranın öz nüvə sektorunun nə qədərini təftiş üçün açacağı və razılaşmanın hansı müddətdə davam edəcəyinə aiddir.

BMT-nin Təhlükəsizlik Şurası 2006-cı ildən bəri İranı uranın zənginləşdirilməsini dayandırmağa çağıran 6 qətmanə qəbul edib.

Buna əlavə olaraq 2012-ci ildən bəri ABŞ və Avropa İttifaqı İranın əsasən neft-qaz sektorunu hədəfləyən sanksiyaları tətbiq etməyə başlayıb.

ABŞ və İranın mühafizəkarları

Bu arada Qərblə İran arasında mümkün razılaşma üçün səyləri heçə endirə biləcək faktorlar qalmaqda davam edir.

İran mühafizəkarları prezident Rouhani-nin komandası tərəfindən aparılan danışıqlara kəskin mənfi yanaşırlar. Bu danışıqları və prezidenti dəstəklədiyini bildirən ali rəhbər ayətullah Ali Khamenei isə ölkədaxili siyasi balansın pozulmaması üçün nüvə danışqılarında Qərbin diqtəsi ilə hərəkət edilməyəcəyini bəyan edir.

ABŞ-da isə respublikaçıların çoxluq təşkil etdiyi Konqres qatı anti-İran mövqeyi tutub və üstəlik Tehran üzərinə yeni, daha sərt sanksiyaların qoyulmasını istəyir.

Konqresə müəyyən mənada İranla düşmən mövqedə olan İsrailin təsiri də nəzərə alınmalıdır.

İndilik konqresmenlər prezident Obamanı İranla əldə olunmuş hər hansı sazişi təsdiq üçün Konqresə təqdim etməyə məcbur edəcək qanunvericilik aktının qəbulunu ləngitməyə razılaşıblar.

Öz növbəsində Ağ Ev hər hansı buna bənzər qanunvericilik aktına veto qoyacağı ilə hədələmişdi.

Fransanın öz oyunu

İranla nüvə razılaşmasının müsbət perspektivlərinə inam yaradan həm də Rusiyanın tutduğu konstruktiv mövqedir.

Rusiya tərəfindən nüvə danışıqlarına rəhbərlik edən Sergei Ryabkov bildirib ki, Tehranla danışqların müsbət nəticə verəcəyinə dair John Kerry-nin optimizmini bölüşür.

Ryabkov həmçinin bildirib ki, mümkün sazişin bütün texniki əsasları, demək olar hazırdır.

Lakin Fransa bu məsələdə Rusiya ilə tamamilə əks mövqe turaq bildirib ki, İranla sazişin əldə olunmasında və sanksiyaların qaldırılmasında tələskənliyə yol vermək olmaz.

Yeri gəlmişkən, İranla Qərb arasında 2013-cü ildə imzalanmış keçid sazişinə də yalnız Paris etiraz etmişdi.

Bir sıra təhlilçilər Fransanın mövqeyini onun nüvə texnologiyaları sahəsində Rusiya ilə apardığı rəqabətlə bağlayırlar.

Onların fikrincə Paris bu başdan Moskvanı İranın, nüvə enerjisi də daxil energetika bazarından məhrum etməyə çalışır.

Belə incəliklərin İranla əldə olunacaq yekun sazişə əngəl törətməməsi üçün Vaşinqton Qərb komandası arasında fikir ayrılığının olmadığı barədə bəyanat yayıb.

Maraqlıdır ki, İranın ali rəhbəri Khamenei də əsəbi, lakin ruhlandırıcı mesaj verib. O deyib ki, “İranda kimlərinsə nüvə sazişinin əleyhinə olduğu barədə söylənənlər yalandır”.

“Bizim istəmədiyimiz İranın Qərb tərəfindən qısnanmasıdır” – deyib Khamenei.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG