Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

«Sınıq Körpü»də bayram tıxacı


Tıxaclar piyada keçidlərində də gözə çarpır.

Tıxaclar piyada keçidlərində də gözə çarpır.

-

Bayram günləri Gürcüstanla sərhəddə ucu-bucağı görünməyən avtomobil tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlarca, hətta günlərcə gözləyənlər var. Sürücülər bu sözləri sanki AzadlıqRadiosu müxbirinə deyil, öz-özlərinə deyirlər:

- Bir saatdır gözləyirəm, amma səbəbini öyrənə bilmirəm...

- Mən dünəndən gözləyirəm. Növbədəki maşınlar qurtarmır ki qurtarmır... .

TIXACIN UZUNLUĞU 1 KM-İ AŞIR...

… «Sınıq Körpü» Sərhəd-Buraxılış Məntəqəsində daha çox iritonnajlı yük maşınları, Gürcüstan və Türkiyəyə səmt götürən avtomobillər diqqət çəkir. Öz şəxsi maşınlarında sərhədi keçməyə çalışan sürücülər də az deyil. Onlar da 6-7 saat gözləmək məcburiyyətində qalıblar. Uzunluğu 1 km-i aşan tıxac gözləyənləri hövsələdən çıxarıb...

…Belə tıxaclar piyada keçidlərində də gözə çarpır. Bayramı qonşu ölkədə qarşılamaq istəyənlər bir müddət bayram ovqatını unutmalı və piyada keçidində saatlarla vaxt itirməli olurlar:

- Bir səbəb deyən yoxdur, amma 1 saata 1 maşın buraxanda durum belə olur...

- Tək istəyimiz var: Bizi tez buraxsınlar!..

«ADİ GÜNLƏRDƏ BELƏ OLMUR»

...Tıxacı Qazax rayonunun İkinci Şıxlı kəndi boyunca irəlilədikcə rahatca görürsən. Səbəbini «Sınıq Körpü» Sərhəd-Buraxılış Məntəqəsində gediş-gəlişin çoxluğuna bağlayırlar. Gömrük əməkdaşı Famil Nemətov tıxacın bayramdan qaynaqlandığını düşünür:

- Bayramla əlaqədardır... Gediş-gəliş çoxdur, o üzdən belədir. Adi günlərdə belə olmur. Bu, təxminən 1 saata azalacaq...

...Sürücülər həm yağışlı havada gözləməkdən, həm də iritonnajlı maşınların sərhədi minik avtomobilləriylə birgə keçməsindən narazıdırlar. Onları üzən ən böyük problemsə növbə sırasının pozulmasıdır:

- Bura gömrük işçilərindən bir nəzarət lazımdır ki, növbəlilik qorunsun...

... Bütün deyinmə və narazılıqla yanaşı, sürücülər də, piyadalar da, elə gömrük işçiləri də bir-birinə «Bayramın mübarək!» demədən yan ötmürlər...

XS
SM
MD
LG