Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:26

-

"Bütün qışı istilik görmədik. Dedik, sürünək, birtəhər yaza çıxaq. Bu da mart... Yenə qışdakı problemlərlə çarpışmaqdayıq. Qaz yoxdur. Olanda da çox zəif təzyiqlə olur".

Maştağanın Heybət Heybətov küçəsinin sakinləri AzadlıqRadiosunun "Qaynar xətt"inə danışırlar ki, qəsəbədəki qaz xətləri təzələnib, yeni salınmış məhəllələrə də qaz xətləri çəkilib. Ancaq yenə də həyətdə ocaq qalayıb yemək bişirirlər. Necə deyərlər, qəsəbədə divarboyu uzanan qaz xətləri sakinlər üçün əməlli-başlı gözdağına çevrilib:

İsa Abdullayev:

"Sevindik ki, qaz xətləri çəkilir, bizim də canımız çətinliklərdən qurtaracaq. Qaz xəttində təzyiq yoxdur. Kibriti çəkib yandırırsan, kənara çəkilən kimi görürsən ki, söndü. Qaz deyil, havadır. Səs-küy salırıq, təzyiqi azca artırırlar, 3-5 gündən sonra baxırsan ki, yenə qaz kəsildi".

Sakinin sözlərinə görə, təbii qaz olmadığından ev-eşiyi elektrik cihazları ilə qızdırmaq məcburiyyətindədilər. Bu isə onlara baha başa gəlir. O, hər ay azı 80-90 manat işıqpulu ödədiyini deyir:

"Kənd yeridir, yeni məhəllələrdə adamlar ikimərtəbəli, geniş evlər tikiblər. istilik olmadığı üçün nəmişlikdən təmirləri də bərbad günə düşüb. Bu, evdirsə, və içərisində adam yaşayırsa, deməli istiliyi də olmalıdır. Sağa-sola qaz satırıq, öyünürük, özümüz tonqal qalayıb üstündə çay qaynadırıq".

İsa Allahverdiyev deyir, hər dəfə qaz idarəsinə müraciət edəndə onlara bildirilir ki, qazın verilməməsi abonentlərin borcları ilə əlaqəlidir:

"Deyirəm, abonentin biri mən... Evimdə sayğac var, özü də smart sayğac. pul ödəyirəm, qaz verilir, kartda pul tükənəndə qaz da bitir. Mənim sizə necə borcum ola bilər? İndi əvvəlki vaxt deyil axı, qazı aylarla işlədək, pulunu ödəməyək, borclarımız yığılsın. "Azəriqaz"a zəng vururuq. Telefonlara cavab vermirlər. Mən ödənişimi vaxtlı-vaxtında edirəmsə, niyə mənim qaz zəif verilməlidir? Axı "Azəriqaz" öhdəlik götürüb ki, mən ona vaxtlı-vaxtında borcumu ödəyəcəm, o da mənə yüksək, keyfiyyətli xidmət göstərəcək. Budur göstərdikləri xidmət?"

Sabunçu rayon Qaz İdarəsindən "Qaynar xətt"ə bildiriblər ki, Heybət Heybətov küçəsinə verilən qazın təzyiqi heç də sakinlərin dediyi kimi, zəif deyil. Həyətlərində istixanalar saxlayan sakinlər qazdan daha çox istifadə etdiklərinə görə digər ünvanlara gedən qazın təzyiqi kəskin azalır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG