Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:29

Çimərlikdən daşıdıqları su ilə yuyunurlar


Arxiv fotosu
Arxiv fotosu

-

"Ötən yay gecənin bir vaxtı gördüm döşəmə çarpayıqarışıq çökür. Elə bildim zəlzələdir, uşaqları götürüb küçəyə qaçdım".

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki Energetika Pansionatında məskunlaşan köçkünlər qəzalı binadakı yaşayışlarının çətin olmasından gileylənirlər. "Qaynar xətt"ə danışan Səadət Qurbanovanın sözlərinə görə, dördmərtəbəli binanın birinci mərtəbəsində yaşayanlar daha çox əziyyət çəkir. Ötən yay binanın zirzəmisində baş vermiş çökmə onu və binadakı digər sakinləri daha da qorxuya salıb:

"ÇİMƏRLİK SUYU İLƏ YUYUNURUQ, PAL-PALTARIMIZI, QAB-QACAĞIMIZI YUYURUQ"

"Neçə illərdir həyəcan içərisində yaşayırıq. Bina elə vəziyyətə düşüb ki, burada yaşamaq qeyri-mümkündür".

Bina sakinlərinin sözlərinə görə, 15 ildir ki, binaya su verilmir, su xətləri çoxdan pas bağlayıb.Məişətdə istifadə etmək üçün suyu yaxınlıqdakı çimərlikdən vedrəylə daşıyırlar, içməli suyu ilə pulla alırlar.

“Yay-qış həftədə bir dəfə məhəlləyə su maşını gəlir, su alırıq. Vallah, bezmişik, uşaqlarımız çimərlikdən su daşıya-daşıya böyüdülər. Çimərlik suyu ilə yuyunuruq, paltarlarımızı, qab-qacağımızı yuyuruq".

Binada kanalizasiya sistemi də bədbad vəziyyətdədir. Bu səbəbdən sə çirkab sular mərtəbələrdəki otaqların çürük döşəmələrindən üzə qalxır.

Sakinlər:

"Üfunətdən binaya girmək olmur. Kanalizasiya xətləri çürüdüyündən çirkab sular binanın altına axır. 10 ildə bina azı yarım metr çöküb. Gecə kəlmeyi-şəhadətimizi deyib yuxuya gedirik. Səhərə salamat çıxacağımıza ümidimiz olmadığından... Bina elə vəziyyətdədir ki, istənilən vaxt çökər, altında qalarıq. Bir neçə il əvvəl birinci mərtəbədəki evlərin eyvanların yerdən hündürlüyü bir metr idi, indi eyvanlar az qala yerlə birdir".

EVDƏ ÇƏTİR QURUB OTURURLAR

Deyirlər, bu binada aşağı mərtəbədəyaşamaq bir dərddirsə, yuxarı mərtəbədə yaşamaq beş dərddir. Yuxarı mərtəbənin sakinləri yağış yağanda evin içərisində çətir qurub otururlar:

Sahibə Sadıqova:

"Mən yuxarı mərtəbədə yaşayıram. iri çətirlərim var. tavannan su damcılamağa başlayanda, döşəmədən tavana qədər qururam, altında otururam".

Sakinlərin daha bir şikayəti binadakı elektrik xətlərindəndir:

"Çürük, köhnə xətlərdir, hörümçək toru kimi qarışıb naqillər bir-birinə... Neçə dəfə yanğın təhlükəsi sovuşub".

Köçkünlər binanın vəziyyəti barədə dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etdiklərini deyirlər.

Xəzər rayon İcra Hakimiyyətindən bildirilib ki, binaya baxış keçirilib. Binadakı vəziyyət ürəkaçan deyil və bu barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən isə bildirilib ki, onlar da köçkünlərin məskunlaşdığı binanın vəziyyəti barədə məlumatlıdılar. Bu yaxınlarda həmin binaya yaxın başqa qəzalı binadakı 23 ailənin köçürülməsi baş tutub. "Qaçqınkom" keçmiş bu qəzalı binada məskumlaşmış köçkünlərin də taleyinə yaxın vaxtlarda əncam çəkəcək.

Sovetlər Birliyi dönəmində bu bina energetiklərin pansionatı kimi istifadəyə verilib. 90-cı illərdə Qarabağdan gələn köçkünlər binada məskunlaşıblar. Əvvəllər binada azı 100 ailə məskunlaşıb. Hazırda isə 21 ailə yaşayır.

XS
SM
MD
LG