Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:43

Hikmət Hacızadə: «İlham Əliyev küsüb, Avropaya dərs keçir»


Hikmət Hacızadə (Foto: Azad Fikir Universiteti)
Hikmət Hacızadə (Foto: Azad Fikir Universiteti)

-
Martın 19-da Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə ictimaiyyət qarşısında çıxış edib.

O, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı beynəlxalq miqyasda «eybəcər» kampaniya başladılmasından, ölkəni bu yolla «ləkələmək, qaralamaq» istəyənlərin olmasından danışıb. İlham Əliyev həmçinin Avropadakı hüquq pozuntularına göz yuman qeyri-hökumət təşkilatlarına da səslənib.

AzadlıqRadiosu politoloq Hikmət Hacızadədən İlham Əliyevin çıxışına münasibət bildirməsini istəyib.

- Mən onun çıxışına fəlsəfi yanaşmaq istərdim. Yəqin o istəyir ki, bütün dünya onun kimi düşünsün. Yəni o hansı işi şərəfli hesab edirsə, Avropa da bunu şərəfli hesab etməlidir və ya o nəyi biabırçılıq sayırsa, Avropa da onun kimi yanaşmalıdır. Axı bu gülməli məsələdir... Avropa Oyunlarını Azərbaycan hakimiyyəti nəyə görə keçirir? Keçirir ki, Avropa bunlara «əhsən» desin. Avropa desin ki, əhsən sizin harmonik inkişafınıza, insani dəyərlərə, idmana, mədəniyyətə münasibətinizə əhsən! Ordan da əhsən gəlmir. Buna görə də küsüb. Avropa da başa salmaq istəyir ki, Avropa Oyunları keçirmək inkişaf göstəricisi deyil, insana münasibət, humanizm, azadlıqların təminatıdır inkişafın meyarı. Bu da Azərbaycanda yoxdur. İlham Əliyev də küsüb, Avropaya dərs oxuyur.

- Hikmət bəy, İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir, siyasi, ifadə, toplaşmaq azadlığı ölkədə təmin edilib.

Biz beynəlxalq təşkilatlar qarşısında insan haqları sahəsində saysız-hesabsız saziş imzalamışıq, öhdəlik götürmüşük...

- Biz beynəlxalq təşkilatlar qarşısında insan haqları sahəsində saysız-hesabsız saziş imzalamışıq, öhdəlik götürmüşük. O öhdəliklərin yerinə yetirilməsinə dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları nəzarət edir. Onlar da müşahidələrdən sonra deyirlər ki, Azərbaycan öhdəlikləri yerinə yetirmir. Azərbaycan isə əksini iddia edir. Bu cür dirəşməklə Azərbaycan imicini qaldırmayacaq. Beynəlxalq təşkilatlar öhdəlikləri yada salan kimi Azərbaycanda dərhal deyirlər: «Bunlar bizə təzyiq göstərmək istəyirlər». Niyə təzyiq göstərməlidirlər, axı? Nə istəyə bilərlər Azərbaycandan? Heç xəritədə görünmür. Avropanın 3-4 faizinin qazını-neftini verə bilirik ya yox. O qazın da, neftin də əhəmiyyəti indi heçə enib. Avropa nəyə görə bizə təzyiq göstərməlidir? Kimik biz?

- Amma İlham Əliyev deyib ki, Azərbaycan böyük dövlət deyil, amma onun da kifayət qədər gücü var ki, öz sözünü desin, bölgədə və qitədə gedən proseslərə təsir etsin.

- Onun deməyi ilə deyil ki. Dünya Azərbaycanın inkişafına, Azərbaycanın hakimiyyətinə qeyri-kafi qiymət verir. İndi sən bunları necə inandıra bilərsən ki, bizim qiymətləndirməmiz sizinkindən obyektivdir? Yəni biz özümüzə «5» veririk, siz isə «2» verirsiz. Buna bişmiş toyuğun da gülməyi gələr. Gəl, dünyanı başa sal ki, biz düz edib jurnalistləri həbsxanaya doldururuq, ya düz edib seçkiləri pozuruq… Vallah bu danışılası mövzu da deyil.

İlham Əliyev Novruz çıxışı (19 mart 2015)
İlham Əliyev Novruz çıxışı (19 mart 2015)

Xatırladaq ki, Prezident Əliyev martın 19-da etdiyi çıxışında Azərbaycanda bütün azadlıqların təmin edildiyini də bildirib:

«Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilib. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar?».

XS
SM
MD
LG