Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:08

-

Bayramqabağı Kənd Təsərrüfatı Nazirliyi paytaxtda yarmarkalar keçirir. Məqsəd bolluq və ən əsası ucuzluq yaratmaqdır. Bolluq var. Ancaq ucuzluq...

KİLOSU 1 MANAT 50 QƏPİYƏ ALMA

Almanın bazarda 3 kilosunu 1 manata aldığın halda, yarmarkada kiloqramı 70-80 qəpikdir, ancaq bayram süfrəsinə layiq qırmızı, gözəl almanın kilosu 1 manat 50 qəpiyə təklif olunur. Xarici meyvələrin də qiyməti artıb. Ananas 5 manata, kivinin, portağalın, seçmə narınginin, armudun kilosu 2 manat 50 qəpiyədir. Bananın qiyməti 2 manat 70 qəpiyə qalxıb. Nar 2 manatdır. Qoz ləpəsi 14-15 manatdan başlayır, kişmiş 7 manat, ərik qurusu 9-13 manatdır... Qiymətləri daha da sadalamaq olardı. Ancaq səbəbə qayıdaq.

Qiymət bahalığından şikayətlənən kimi satıcılar da yerhaqqından gileylənirlər.

«Biz də burda yerhaqqı veririk».

Yerhaqqı ilə maraqlanırıq. Satıcı sağa-sola baxır: «Çox bahadır, çox baha».

SİRLİ İNFORMASİYA

Onun belə boylanmağı əbəs deyilmiş. Demə, ətrafda mühafizəçilər gəzirmiş. Lap detektiv filmlərdə olduğu kimi, az qala, yerin dibindən qəfil bir mühafizəçi peyda olur. «Burda yer söhbəti etməyin» deyə göstəriş verir. Bundan sonra satıcı özünü yığışdırıb alveri ilə məşğul olur. Mühafizəçi isə bizə sarı baxmadan qəfil gəldiyi kimi qəfil yoxa çıxır.

Bakıda yarmarka - 19 mart 2015

Bakıda yarmarka - 19 mart 2015

Bu da başqa satıcı. Qırmızı almalar adama gəl-gəl deyir.

- Alma neçəyədir?

- 1 manat 50 qəpik. Gürcüstandan gətirmişik, seçmədir.

- Çox bahadır.

- Yerpulunu güclə çıxarırıq.

- Nə qədərdir?

- Deyiləsi deyil, vallah. Salamatı sirr saxlamaqdır.

GÜNƏ 50 VƏ 5 MANAT YERHAQQI

Nəhayət, üçüncü satıcı sirri bizə açır. Yarmarka keçirilən günlərdə öz şəxsi avtomobilində mal gətirənlər günə 50 manat verirlər, ancaq yarmarkanın yan-yörəsində alver edənlər 5 manat verməklə canlarını qurtarırlar. Naxçıvandan gəlib burda pendir, çərəz satan bu satıcı, az qala, pıçıltı ilə deyir ki, qiyməti qaldırmasalar, batarlar: «Həm yerpulunu verməliyik – günə 50 manat, həm də gəlirimiz olmalıdır. Aldım qoz, satdım qoz olmasın da...».

Bayrama az qalsa da, yarmarkada alıcıdan çox satıcı var. Tək-tük alıcı gözə dəyir. Onlar da sanki tamaşaya gəliblər. Hüsniyyə adlı yaşlı xanım deyir ki, qiymətlər oddur, əl vursan yandırar: «Yanımızdakı marketdə burdan ucuzdur. Buranın adı var ki, bayram yarmarkasıdır, ucuzluqdur. Vallah, market burdan ucuzluqdur. Özü də səni tanıyırlar deyə, babat mal verirlər. Ona görə heç nə almadım».

Bakıda yarmarka - 19 mart 2015

Bakıda yarmarka - 19 mart 2015

Tatyana adlı rus qadın da eyni şeyi deyir: «Mağaza burdan ucuzdur. Satdıqları da qurdludur. Qozu qırdım, qurd çıxdı. Yaxşısı budur, marketə, ya da bazara gedim».

BAYRAMDAN SONRAYA DA NƏSƏ QALSIN

Fərəc əminin sellofan torbasında bir az meyvə qurusu, 1-2 kilo alma gördük. Dedi: «Bala, camaatı aldadırlar ki, bayramdır, yarmarka düzəltmişik, ucuzluqdur. Amma vallah, bahadır. Bayramdır deyə, özümü aldatdırası deyiləm ki. Təqaüdçü adamam, gərək elə bazarlıq edəm ki, bayramdan sonra da diş qurdalamağa nəsə qalsın...».

Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 14-də mətbuata deyib ki, yarmarkalarda qiymətlər münasibdir, ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur:

«Heç bir inzibati təsir göstərilməyib. Sadəcə, bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG