Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Bəzi şərhçilərin fikrincə Aİ-nin kompromisi Moskvanı məmnun edəcək.

Avropa İttifaqı Ukraynadakı münaqişə ilə bağlı Rusiya üzərinə qoyulmuş sanksiyaların saxlanması barədə qərar qəbul edib.

Avropa liderlərinin Brüsseldə əldə etdikləri razılaşmalara görə bu sanksiyalar Ukrayna üzrə sülh sazişinin tamamilə icrasınadək qaldırılmayacaq.

Buna baxmayaraq, Rusiya üzərinə yeni sanksiyaların qoyulması və mövcud sanksiyaların 1 il müddətinə uzadılması barədə bir sıra ölkələrin təklifləri keçməyib.

Hazırkı sanksiyaların müddəti altı aydan sonra başa çatır və təhlilçilər Aİ-də qəbul olunmuş qərarı kompromis razılaşma adlandırırlar.

Başqa sözlərlə, Brüsseldə keçirilən danışıqlarda Avropa İttifaqı üzvləri arasında Rusiyaya qarşı sanksiyaların uzadılmasına dair fikir ixtilafının olduğu təsdiq olunub.

Moskvanın xeyrinə kompromis?

Avropa liderləri arasında kompromis bilavasitə Avropa Şurasının prezidenti, polşalı Donald Tusk, habelə Almaniya və Fransa liderləri Angela Merkel və Francois Hollande-ın səyləri nəticəsində əldə edilib.

Cənab Tusk mətbuat konfransında bildirib ki, Rusiyaya qarşı sanksiyaların müddəti məsələsi birbaşa Ukraynada sülhün bərqərar olmasına bağlanıb.

O deyib ki, Ukraynadakı sülh prosesi pozularsa, Avropa liderləri sanksiyaların uzadılması və hətta yeni sanksiyaların tətbiqi məsələsini müzakirə edə bilərlər.

Beləliklə, sanksiyalar Ukrayna öz sərhədləri üzərində nəzarəti ələ alanadək qüvvədə qalacaq.

Minsk razılaşmasında bunun üçün son möhlət kimi ilin axırı göstərilib.

Fərdi sanksiyalar yumşala bilər

Şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, kompromis yalnız iqtisadi sanksiaylara görə əldə olunub. Bu isə belə düşünməyə əsas verir ki, ayrı-ayrı fərdlərə qarşı qoyulmuş səfər qadağanları bir ildən də tez müddətdə qaldırıla bilər.

Bəzi Avropa nazirləri bildiriblər ki, məsələn, Rusiya yönlü qüvvələr Mariupol üzərinə hücum etmək qərarına gəlsələr, Rusiyaya qarşı yeni sanksiyalar məsələsi gündəmə gələ bilər.

Brüsseldə razılaşma əldə olunmasının dərhal ardınca Angela Merkel ABŞ prezidenti Barack Obama-ya zəng edərək bildirib ki, Rusiya Ukraynaya dair öhdəliklərinə əməl etməyincə sanksiyaların yumşaldılmasından söhbət gedə bilməz.

Donbasın “qarabağlaşmaq” təhlükəsi

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bəyan edib ki, Kiyev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini və mövcud sanksiyaların uzadılmasını istəyirdi.

O bildirib ki, “əgər Putin Aİ üzvləri arasındakı həmrəyliyi pozmağa nail ola bilsə, bu onun ən böyük uğuru, dünyanın isə fəkakəti olacaq”.

Cənab Yatsenyuk həmçinin xatırladıb ki, Avropa İttifaqı Ukraynanın münaqişə bölgəsinə sülhyaradıcılar göndərilməsi barədə ricasına hələ də cavab verməyib.

Amerikanın “Wall Street Journal” qəzeti yazır ki, Rusiya sanksiyaları barədə İttifaq üzvləri arasındakı ixtilaf tam çılpaqlığı ilə üzə çıxıb.

Məsələn, Britaniya, Baltik ölkələri və Polşa Moskvaya qarşı sərt mövqedə dayansa da, Kipr, İtaliya və Yunanıstan Rusiyaya daha rəğbətli münasibət nümayiş etdiriblər. Macarıstan isə Rusiyaya olan hüsn-rəğbətini gizlətmir. Avstriya da Rusiya ilə münasibətlərin normallaşdırılmasına çağırır.

Qəzet yazır ki, Rusiyaya qarşı yumşaq münasibət Moskvaya Ukraynanın şərqində Azərbaycanda, Gürcüstanda və Moldovada etdiyi kimi dondurulmuş münaqişə bölgəsi yaratmaq imkanı verə bilər.

“Gazprom”u cilovlaya bilmədilər

“Financial Times” qəzeti yazır ki, Donald Tusk Aİ sammitində Rusiya ilə bağlı başqa bir məsələdə də uğursuzluğa düçar olub.

Qəzet yazır ki, Tusk və Polşa Avropa Komissiyasına “Gazprom”un Aİ-nin qanunlarını pozan kontraktlarının ləğv edilməsi səlahiyyətinin verilməsini istəyirdi.

Bu təklif Rusiyanın Avropadakı qaz monopoliyasına son qoya bilərdi.

Bu məsələnin müzakirəsinin nəticəsi olaraq “yayğın” bir qərar qəbil edilib. Həmin qərarda deyilir ki, Aİ sadəcə olaraq “Gazprom”un bağladığı kontraktların şəffaflığına və Avropanın enerji təhlükəsizliyi konsepsiyasına uyğunluğuna nail olmalıdır.

“Financial Times” qeyd edir ki, “Gazprom” məsələsində Polşaya qarşı çıxan ölkələrin əksəriyyəti onun qapıbir qonşularıdır.

Yeri gəlmişkən, Azərbaycanın SOCAR şirkəti hazırda bir sıra Şərqi Avropa ölkələri ilə qaz sazişlərinin imzalanması barədə qeyri-müəyyənliyin başa çatmasını gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG