Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:45

-
«Bu əfv sərəncamı okeanda damlaya bənzədi. Ona əfv demək olarsa... Bu qədər siyasi məhbusun içindən iki nəfəri çıxarmaqla nəyi sübut etmək istəyirlər anlaya bilmədim?»

Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu AzadlıqRadiosuna belə deyir.

O dövlət başçısının martın 18-də imzaladığı əfv sərəncamında atasının adının olacağına ümid etmədiyini söyləyir. Ancaq NİDA-çı gənclərin adlarının siyahıya salınacağını isə gözləyirmiş: «O da olmadı. Sıradan bir şey kimi baxıram buna. O ki qaldı atama, anamla bir gün qabaq görüşmüşdülər. Belə bir ümidi yox idi. Gözləmirdik. Gözləmək dönəmi çoxdan bitib».

Başqa bir məhbus – REAL hərəkatının sədri İlqar Məmmədovun yaxınları mətbuata danışmaq istəmir. REAL-ın icraçı direktoru Natiq Cəfərlisə belə gözləntiləri olmadığını deyir.

«ƏFV FƏRMANI ÇIXDI DEYƏN KİMİ İNTERNETİN QABAĞINI KƏSDİRDİK»​

Ancaq NİDA-çı Rəşad Həsənovun anası Almaz xanım oğlunun əfvini gözləyirmiş: ««Əfv fərmanı çıxdı» deyən kimi internetin qabağını kəsdirdik. Atası baxdı, axtardı. Siyahıda adı yox idi. Məyus olduq. Elə bu vaxt uşaq özü zəng vurdu. O da biləndə məyus oldu. Nə bilim...Ya qismət».

Almaz Həsənova deyir ki, ötən ilin sonunda əfv sərəncamı imzalananda özlərini yaxşı xəbərə daha çox hazırlayıblarmış. «Keçən dəfə daha çox gözləyirdik. Bu dəfə qarantiyamız yox idi. İnşallah növbəti fərmanda onun da adı olar. Allah heç bir valideynə belə yol qismət etməsin. Getmişdik yanına bu gün. Yaxşıdır. Amma... Heç bir valideyn övladının orda olmasını istəməz. Allah prezidentimizə can sağlığı versin. Növbəti dəfə mənim balamı da əfv etsin».

«​İLKİN DEDİ Kİ, İNDİ YOX...»​

İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə

İlkin Rüstəmzadənin anası Atlas Hüseynova deyir ki, ümid ən sonda ölür. Ona görə son ana kimi onlar da azacıq da olsa, oğullarının adının əfv siyahısına düşəcəyinə inanırmışlar: «Ancaq İlkin dedi ki, «indi yox, indi buraxmayacaqlar». Bəs nə vaxt? Onu bilmirəm...»

«​SİYASİ MƏHBUS SİYASƏTİ İFLASA UĞRADI»​

Siyasi Məhbuslarsız Azərbaycan Birliyinin sədri Oqtay Gülalıyev bu əfv sərəncamının gözləntiləri doğrultmadığını deyir. «Bu sərəncamda cəmi 3 nəfər siyasi məhbusun adı vardı. Siyasi məhbus probleminin həlli yönündə ciddi addım atılmadı. Gözlənirdi bu dəfə daha çox siyasi məhbus azadlığa çıxacaq. Xüsusən də Tofiq Yaqublu və İlqar Məmmədovun, eləcə də başqalarının buraxılacağını gözləmək olardı», söyləyir Birlik sədri.

Oqtay Gülalıyev hakimiyyətin ötən ilin oktyabrında siyasi məhbuslarla bağlı qurum yaratdığını da xatırladır: «Hakimiyyətin siyasi məhbuslarla bağlı siyasəti də iflasa uğradı. Siyasi məhbus problemi hakimiyyətin əlində alver predmetinə çevrilib. Bu problemi köklü həll etmək istəmir. Taleh Xasməmmədovun yenidən həbsi bunun sübutudur. Bu rejim durduqca siyasi məhbus problemi də duracaq».

HÜQUQ MÜDAFİƏÇİLƏRİDƏN CAVABLAR: «ŞƏRHSİZ»​, «​İCTİMAİ SEKTORDAN DA ADLAR VAR»​, «​HUMANİST ADDIM»​

Ötən il yaradılan və hökumətə əfv üçün siyahı təqdim edən İnsan Hüquqları üzrə Birgə Qrupun üzvləri sərəncamı necə qarşılayır?

Novella Cəfəroğlu

Novella Cəfəroğlu

Novella Cəfəroğlu AzadlıqRadiosunun bu sualını belə cavablandırır: «Şərhsiz. Danışmaq istəmirəm...»

Sahib Məmmədov isə bu əfv sərəncamına müsbət yanaşdığını deyir: «Mən məhkumları rənglərə, çeşidlərə bölmürəm. Barəsində hökm çıxarılan 90 nəfər azadlığa qovuşub. Sevindirici haldır ki, ictimai-siyasi sektordan da adamların adları var. Amma İnsan Haqları üzrə Birgə Qrup təkcə ictimai-siyasi sektorun işi ilə məşğul olmur. Orda bəzi qadınlarla bağlı məsələ də qaldırmışdıq, bu da öz həllini tapıb. İstənilən halda bu sərəncama yaxşı baxıram. Bayram ərəfəsində gör nə qədər adam sevindi».

Birgə Qrup Prezident yanında əfv komissiyasına bir neçə siyasi məhbusun da adını vermişdi. Sahib Məmmədov deyir: «İlqar Məmmədovun da, digərlərinin də əfv olunmasını istərdik. Amma əfv üçün müraciət də olmalıdır. Belə bir müraciət olmadığından gözləntilər də böyük olmamalıydı. Adlar, təkliflər verilib.

Gözləntiləri də başa düşürük. Amma məsələ o qədər də sadə deyil». ​

Azay Quliyev

Azay Quliyev

​Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev “Yeni Müsavat”a açıqlamasında bu sərəncamı “növbəti humanist addım” kimi dəyərləndirib. Onun qənaətincə, bu sərəncam bir mesajdır: “Bu, həmçinin digərlərinə də bir mesajdır ki, dəstəyi hansısa xarici qurumlardan deyil, dövlətdən, cənab prezidentdən gözləməlidirlər. Bütün bunları nəzərə alaraq bir daha qeyd edirəm ki, əfv sərəncamı ancaq pozitiv qiymətləndirilə bilər və qiymətləndirilməlidir”.

Oqtay Gülalıyevsə bu sərəncamı humanist yox, növbətçi əfv sərəncamı adlandırır. O sərəncamda bir məqama diqqət çəkir. “Həmin siyahıya baxdım. Burdakıların çoxu Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cəza alanlardır. Düzdür, hər bir məhbusun azadlığa çıxmasını istərdim, amma necə olur ki, 2013-2014-cü illərdə ağır cəza alanlar azadlığa buraxılır, şərlənərək həbs edilənlər içəridə qalır? Mən bu sərəncamı humanist adlandıra bilmərəm”.

Martın 18-də prezident İlham Əliyev məhkum edilmiş 90 nəfərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamı verib. Əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı, hicab məhbusu Anar Qasımlı və bloqqer Orxan Eyyubzadənin də adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG