Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:20

Məhbus ağzını tikərək aclıq etdi, əlavə cəza aldı


-

“Oğluma cəzaçəkmə müəssisəsində verilən 15 günlük cəzanın müddəti bu gün bitir və yenidən Bakının Nizami rayon məhkəməsində ona əlavə 15 gün cəza verilib, üstəlik, hakim qərar çıxarıb ki, iki il qapalı həbsxanada saxlanacaq”.

Bunu AzadlıqRadiosuna 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşən Paşayevin anası Lidiya Mirzəliyeva deyib.

Onun sözlərinə görə, oğlu daxili inzibati qaydaları pozmaqda günahlandırılır. Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə həbs edilib, 12 illik həbs cəzasının artıq 10 ilini çəkib.

Özü və ailəsi yerdə qalan cəza müddətinin şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsini istəyirdi. Buna nail olmadıqda ağzını tikərək aclıq aksiyasına başlamışdı. Anası Lidiya Mirzəliyeva belə iddia edir.

E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib. Ananın bildirdiyinə görə, buna və ümumiyyətlə, həbsxanada ona qarşı olan təzyiqlərə etiraz olaraq oğlu martın 2-dən aclıq aksiyası keçirir.

Lidiya Mirzəliyeva iddia edir ki, həm özü, həm də oğlu müddətsiz aclıq aksiyasına başlaması ilə bağlı Penitensiar Xidmətə müraciət edib, amma qurum onu qeydə almaqdan imtina edib.

Bir müddət əvvəl Penitensiar Xidmət Elşən Paşayevin aclıq aksiyası keçirməsi ilə bağlı məlumatın yalan olduğunu bildirmişdi.

XS
SM
MD
LG