Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Allahşükür Paşazadə: Xalqımız Novruza daha böyük inamla qədəm qoyur


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

-

19 mart yerli mediasının icmalı


“Azərbaycan” qəzeti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını ünvanladığı təbriki yayımlayıb: “Təbrikdə deyilir: “Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm Prezidentimiz İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir”.

Allahşükür Paşazadə məktubunu bu sözlərlə bitirir: “Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin”.

ARTUR RƏSİZADƏ NƏYİ NƏZƏRDƏ TUTURDU?

“Azadlıq” qəzeti 19 mart sayında baş nazir Artur Rasizadənin bir-iki gün öncə parlamentdə verdiyi hesabatı müzakirə edir. “Baş nazir ölkənin başına gətirilənləri «hakimiyyətin məqsədə çatması» kimi qiymətləndirdi” sərlövhəli yazıda müəllif bildirir ki, baş nazirin hesabatı ilə ölkə reallıqları üst-üstə düşmür: “Görəsən, hörmətli nazirimiz “qarşıya qoyulan məqsədə nail olunub” deyəndə nəyi nəzərdə tuturmuş? Bu boyda zarafat olmaz axı. İllik hesabata bu qədər şirinlik qatmağa nə ehtiyac var?

Artur Rəsi-zadə Milli Məclisdə hesabat verərkən (Foto: Azərtac)
Artur Rəsi-zadə Milli Məclisdə hesabat verərkən (Foto: Azərtac)

Belə çıxır ki, manatın 34 faiz uculaşması, ərzaq məhsulllarının qiymətinin qalxması, investisiya layihələrinin 57 faiz ləğv edilməsi, sənaye məhsulunun 31,5 faiz azalması, kütləvi ixtisarlara start verilməsi, ölkə iqtisadiyyatının neftdən asılı vəziyyətə salınması, ixracatın azalması, ölkənin idxaldan asılı vəziyyətə düşməsi, mənasız Avropa oyunlarına 8 milyard xərclənməsi, müəllimin, həkimin, təqaüdçünün dilənçi maaşına möhtac olması, şəhid ailələrinə sosial sığorta haqqının ödənilməməsi, təhsil sektorunun çökməsi, Azərbaycanın bütün dünyada qeyri-azad ölkə kimi tanınması, ölkədə 100-dən artıq siyasi məhbusun olması, intiharların getdikcə artması və digər “göstərici”lər hakimiyyətin qarşıya qoyduğu məqsədə xidmət edirmiş”.

“Azadlıq” yazır ki, ölkənin neftdən asılılığı rəsmi şəkildə etiraf olunub: “Deməli, 20 ildən artıq müddət ərzində ölkəyə daxil olan milyardlar, şəxsi ciblərin doldurulmasına xidmət etdi. Ölkə vətəndaşlarının 2.2 milyon nəfəri kredit borcu ödəyir, 2 milyondan çox vətəndaş dolanışıq üçün ölkə xaricinə üz tutub, 10000-ə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılıb. Yəqin Artuq Rəsizadə “məqsədə çatmışıq” deyəndə bu acınacaqlı statistikanı nəzərdə tuturmuş”.

“İPOTEKA KREDİTLƏRİ YENİ MƏNZİLLƏRƏ YÖNƏLDİLƏCƏK”

“Bizim yol” qəzeti bu dəfəki sayında hər zaman aktual olan ipoteka kreditlərinə toxunub: “Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ipoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması haqda məlumat verib. O, əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsinin həll edilməsinin zəruriliyi haqda danışıb.

Arxiv fotosu
Arxiv fotosu

«Value and Sources» konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyev qeyd edir ki, məsələnin rəsmi səviyyədə gündəmə gətirilməsi müsbət tendensiyadır: «Əvvəlki təhlillərdə qeyd etmişdik ki, hazırda mövcud olan dövlət ipoteka proqramının iqtisadi səmərəsi azdır. Çünki həmin vəsaitlər hazırda, əsasən, təkrar bazardakı mənzil alışına yönəldilir. İqtisadi səmərəsinin olmaması ilə yanaşı, proqram daşınmaz əmlak bazarında ekonom sinfinə, yəni dəyəri ucuz mənzillərə tələbatı artıraraq onların qiymətlərinin artımına səbəb olurdu. Bu proses ilkin bazara çox cüzi müsbət təsir göstərirdi. İqtisadi cəhətdən səmərəsi az olmasına baxmayaraq, mövcud proqram sosialyönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir».

“Bizim yol” yazır ki, ekspert ipoteka proqramının daha çox ilkin bazara yönəldilməsinin tikinti sektoruna hazırkı dövrdə əlavə dəstək verə biləcəyini düşünür: «Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə iş yerləri, vergi ödəmələri və iqtisadi inkişafın mənbəyidir. Əlavə etmək istərdik ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20 faizi dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq».

“ƏSLİNDƏ GÜNAH QIZIMDA OLUB”

“Yeni Müsavat” qəzeti Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının müsahibəsini yayımlayıb. Qəzet Hamlet İsaxanlıya qızının döyülməsi iddiasına, onu döyənlərin isə məhkəmədə azadlığa buraxılması ilə suallar ünvanlayıb:

“- Videoda görünür ki, qız maşından düşür və başqa maşına minir. Lakin onu maşından düşürürlər, saçından tutub təpikləməklə zorla digər maşına əyləşdirirlər.

Hamlet İsaxanlı
Hamlet İsaxanlı

- Ekspertiza var, təyin etsinlər, oradakıların kimliyini müəyyən etsinlər. Orada o qızı maşından düşürüblər, ona qarşı müəyyən bir kobudluq ediblər. Biədəb söyüşlər söyürmüş. O oğlanları sonra məhkəməyə çağırıblar, təbii ki, bir az da qorxudublar, deyiblər ki, başınıza bu işlər gələcək. Qızım da düşünmədən belə bir addım atıb. Deyib ki, o qız mən olmuşam və mənim də şikayətim yoxdur, istəyib ki, onları buraxsınlar. Ağlına gəlməyib ki, hay-küy çıxa bilər, bu məsələ belə bir hala gəlib çıxa bilər, video yayıla bilər. Həmin vaxt mən və yoldaşım xaricdə olmuşuq. Martın 11-də biz xaricdə olmuşuq. Bu məsələ ilə bağlı mənə zəng edəndə Kayseridə idim. Səhər saat 6 idi, zəng etdilər, dedi ki, müxbirdir. Soruşdu ki, xəbəriniz var, qızınızı döyüblər, qızınız ölüb. Mən şoka düşdüm. Telefonu qoyub evə zəng etdim. Qızıma dedim ki, bu nə məsələdir. Cavab verdi ki, narahat olma, mənə heç nə olmayıb, o videodakı mən deyiləm. Evə gəl danışaq. Mən evə gələndən sonra danışdı, dedi ki, məsələ belə olub. Mən də ona dedim ki, düz etməmisən, humanistlik etməyin qaydası var. Onun ağlına belə gəlməyib ki, videonu yayarlar, videonu araşdırarlar.

- Yayılan xəbərdə deyilir ki, keçmiş qohumlarınızla aranızda məhkəmə çəkişməsi var və bu məhkəmə çəkişməsindən çıxış edərək belə bir video yayılıb.

- Məhkəmə olub və bitib. Biz yay vaxtı xaricə istirahətə gedirik. Təbii ki, qızımızı və nəvəmizi də özümüzlə götürürük. Nəvəmizi götürmək üçün formal olaraq valideynin icazəsi olmalıdır. Onlar ayrılandan sonra biz onu deyirdik ki, yayda istirahətə gedəndə uşaq bizlə getsin. Buna görə balaca bir məhkəmə oldu və həll edildi.

- Bu işlə bağlı mövqeyinizi bilmək maraqlı olardı.

- Mənim qızım səhv edib, ehtiyatsızlığa yol verib. Onun yoldaşlarının başına heç nə gələn deyildi. Həmin deyilən adam da şikayətçi deyil. Bir adam kobudluq edib, buna görə onu cərimə edəcəkdilər, iş bitəcəkdi. Onlara deyiblər ki, sizə 5-6 il iş düşür, qorxudublar onları. Qızım da deyib ki, orada mən olmuşam və şikayətim də yoxdur. Çox ehtiyatsız, səhv hərəkət edib. O uşaqlar da gərək onu belə hərəkət etməyə qoymayaydılar. Ağıllarına belə gəlməyib ki, reputasiyasına, ailəsinə söz gələ bilər. Düşünüblər ki, balaca bir “stıçka”olub, bitib gedəcək. O video olmasaydı, yəqin ki, belə də olacaqdı”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG