Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:36

Erdoğan Obama-ya səhiyyə məsləhəti veribmiş


ABŞ prezidenti Barack Obama və baş nazir R.T. Erdogan (2013)
ABŞ prezidenti Barack Obama və baş nazir R.T. Erdogan (2013)

-​

19 mart qərb mediasının icmalı

Türkiyə prezidenti Recep Tayyip Erdoğan amerikalı həmkarı Barack Obama-ya səhiyyə islahatlarına başlamaq məsləhəti verdiyini açıqlayıb. Erdoğan deyib ki, Türkiyədəki amerikalı turistlərin xahişi ilə bu məsləhəti ABŞ-a səfəri zamanı verib, ancaq Obama «mənfi reaksiya» ucbatından «məsələni ancaq qismən həll edə bilib». Məlumatı «Hurriyet daily news» saytı yayıb.

Erdoğan martın 18-də Ankarada səhiyyə kompleksinin açılışında çıxış edib. O, nəinki Obama-ya məsləhət verdiyini, digər ölkələrin də Türkiyənin uğurundan nümunə götürməyə çalışdığını vurğulayıb:

«Bir dəfə Sultanahmet məscidində cümə namazında idim. Orada turistlər vardı. Bəziləri növbəti həftə Birləşmiş Ştatlara gedəcəyimi bilirdi. Onlar səhiyyədə qazandığımız uğurlarla maraqlanırdı və məndən xahiş etdilər ki, bu barədə Obamaya danışım».

«Əlbəttə, mən bu barədə cənab Obama ilə danışdım. Ancaq ABŞ-dakı mənfi reaksiya onun işini çətinləşdirdi və problemi qismən həll edə bildi,» Erdoğan deyib.

Türkiyə prezidenti Avropa ölkələri rəsmilərinin də səhiyyə sistemini öyrənmək üçün Türkiyəyə gəldiyini vurğulayıb.

«Onlar bizim modeli götürüb öz ölkələrində də oxşar sistemlər qurmağa çalışırlar. Nöqsanlarımız yoxdurmu? Var, ancaq biz uğura aparan düzgün yoldayıq,» Erdoğan söyləyib.

ALEXSEİ NAVALNY DANIŞIR

«Washington Post» Kremlin tənqidçisi Alexei Navalny ilə müsahibə dərc edib. Navalny bir ilə yaxın ev dustağı olub, jurnalistlərlə hər hansı təması qadağan edilib. O, müsahibəsində Rusiya arzuları, müxalifət lideri Boris Nemtsov-un qətlindən sonrakı qorxuları, Ukrayna böhranı barədə danışıb.

Aleksei Navalny
Aleksei Navalny

Müsahibəni ixtisarla təqdim edirik:

– Boris Nemtsovun qətlindən sonra müxalifət hansı səmtə gedəcək?

– Bu qətlə sanksiyanı Rusiya rəhbərliyi verib, xalqı qorxutmağa yönəlik bu hərəkət mənim kimiləri deyil, hələ də tərəddüd içində olanları hədəfləyir. Vladimir Putin-in ətrafında olanları və ya hakim elitanın üzvlərini. Hakimiyyət əsas qaydanı pozub. Onlar sistemdən olan birini, vaxtilə az qala Rusiya prezidenti olmuş şəxsi öldürüblər. Müxalifətin indi harada olmasına gəlincə, baxmayaraq ki, bizi ekstremizmdə ittiham edirlər, ənənəvi işimizlə məşğul olarıq. Seçkilərdə iştirak kimi. Ancaq faktiki olaraq, indiki məqamda, küçələrdə etiraz yürüşləri təşkil etməkdən başqa iş görə bilmirik. İndi siyasi struktur primitiv görünür.

– Nemtsovun qətlindən sonra müxalifət necə qruplaşmağa çalışır?

– Sovet dönəmindəki kimi dissident olmaq istəməzdim. Bu rolu sevmirəm. Ancaq indiki şəraitdə o dövrün tövsiyələri və təcrübəsindən yararlanmalıyıq. Yəni indi məsələ təşkilatlanmaqda deyil, siyasətdə, bəlkə də əxlaqdadır. İnandığımızı etməliyik.

SURİYADA HƏRƏKƏT VƏ HƏRƏKƏTSİZLİYİN AĞIR BƏDƏLİ

Carnegie-mec.org Yaxın Şərq Mərkəzinin direktoru Lina Khatib-in məqaləsini dərc edib.

Suriya
Suriya

Müəllif 2010-cu ildə dərc olunmuş “Müharibələr necə bitir” kitabına istinad edir. Həmin nəşrdə Birləşmiş Ştatların Vyetnamdan sonra qatıldığı müharibələrdə eyni səhvləri təkrarlamasından bəhs olunur. Müəllif Gideon Rose Birləşmiş Ştatların səhvlərini iki faktora bağlayır: artan eqo və aşırı inam; davranışına daxili və xarici nəzarətin olmaması.

“Bu gün dörd ildir davam edən Suriya münaqişəsinə baxanda aydın olur ki, bu münaqişənin müxtəlif tərəfləri həmin səhvləri təkrarlamaqdadırlar və bu da ağır nəticələrə gətirir. Maraqlıdır ki, Birləşmiş Ştatlar keçmiş səhvlərini təkrarlamamaq əzmində olsa da, Suriya münaqişəsi də Amerikanın qarışıq şəkildə müdaxilə etdiyi keçmiş müharibələrin taleyini yaşayıb”.

Müəllif yazır ki, Suriyada qiyamın ilk günlərində İran və Assad rejimi Suriya müxalifəti üzərində təsirini həddən artıq yüksək qiymətləndirdilər. İki müttəfiq Suriya inqilabını yatırtmaq üçün qəddarlıqla gücdən istifadə etdi. Ancaq dinc fəalların gücü heyrətamiz həddə idi, onlar inqilabı bir neçə ay sürdürə bildilər. Daha sonra rejim müxalifəti əzmək üçün fərqli taktika seçdi. Bir neçə cihadçını həbsdən buraxdı və məqsədi inqilabın qeyri-zorakı xarakterini zədələmək idi. Ancaq nəticədə İslam Dövləti (İŞİD) ortaya çıxaraq rejimi hədələməyə başladı. Müəllif cihadçı qrupların da təxminlərində yanıldıqlarını yazır. İŞİD ekspansiyanın ilkin müddətində Suriya ordusuna hücum etmədi, düşündü ki, istədiyi vaxt rejimi ələ keçirə bilər.

Xarici qüvvələr, Birləşmiş Ştatlar, Avropa ölkələri və ya BMT də hərəkətsizliyə üstünlük verdi, Suriyada münaqişənin yaranmasını əngəlləməyə çalışmadılar. Beynəlxalq qüvvələr Yaxın Şərqdə daha bir böhrana qarışmamaq xətti tutdular. Ancaq Suriya qiyamı İraq və Əfqanıstandan, hətta Liviyadakından fərqlənirdi.

“İraq, Əfqanıstan və Liviyadakı səhvlər Yaxın Şərqə görə deyildi, uzaqgörməyən siyasət, aşırı inam, nəzarətsiz səlahiyyət ucbatından baş vermişdi. Bəzi hallarda hərəkətin fəlakətə gətirib çıxarması digər halda hərəkətsizlik anlamına gəlməməlidir. Hərəkətsizlik Suriya münaqişəsini gücləndirdi və Qərbi qatma-qarışıq bir müharibəyə sürüklədi, elə bir müharibəyə ki, onu bitirmək üçün uzunmüddətli plan da yoxdur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG