Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17

Qərb və Rusiya mediası Moskva-Ankara danışıqlarında çətin məqamların yaşandığından söz açır.

Rusiya mətbuatı danışıqlarda yaranmış çətinliklər barədə daha dramatik tərzdə yazır. Qəzetlər bu xəbərləri “Türk axını” Avropaya çatmayacaq”, “Türk axını” qiymət məsələsində ilişib”, “Rusiya şokdadır”, “Türk axını”na badalaq atıldı” kimi sərlövhələrin altında dərc ediblər.

Xəbər verilir ki, fevralın əvvəllərində Türkiyə üçün Rusiya qazının qiymətinin endirilməsinə dair danışqlar ətrafında yaranmış eyforiyanı bədbinlik əvəz edib.

Mart ayında Moskva və Ankara Rusiya qazı üçün Türkiyənin Botas şirkətinə 10, 25 faiz qiymət güzəşti edildiyini xəbər vermişdilər.

İndi isə tərəflər bu güzəştin hansı komponentə aid edilməsi barədə razılığa gələ bilmirlər. Türkiyə qiymət güzəştinin qazın baza qiymətinə edilməsini istəyirsə, “Gazprom” güzəştin kontrakt qiymətinə şamil edilməsi arzusundadır.

Buna baxmayaraq, Ankara israrla bildirir ki, danışıqlarda heç bir problem yaranmayıb və 10, 25 faizlik güzəşt barədə razılaşma artıq əldə olunub.

Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki, indilik heç bir yazılı sənəd imzalanmasa da, müzakirəsibaşa çatmayan yalnız texniki təfərrüatlardır.

Rusiyanın “Kommersant” qəzeti Kremlin mətbuat xidmətinə istinadən yazır ki, ötən çərşənbə axşamı Vladimir Putin və Recep Tayyip Erdoğan telefon vasitəsilə “ikitərəfli layihələri dostluq atmosferində müzakirə ediblər”.

Kreml bunu da bildirib ki, telefon zəngi Türkiyə prezidentindən gəlib.

Güzəşt üçün şantaj

Bununla belə, RusEnergy konsaltinq şirkətinin nümayəndəsi Mixail Krutixin BBC-nin Rus xidmətinə bildirib ki, tərəflər ola bilsin, hətta güzəştin ölçüsü barədə razılığa gələ bilmirlər, çünki indiyədək Türkiyə 15 faiz güzəştin edilməsini istəyirdi.

Krutixin inanır ki, Moskva sonunda Ankaranın tələbini yerinə yetirməyə məcbur olacaq.

Rusiya ekspertlərinin əksəriyyəti bu qənaətdədirlər ki, Türkiyə çox vaxt özü üçün maksimum əlverişli şərtlər irəli sürür və çox vaxt da bu tələblər layihəni iqtisadi baxımdan mənasız edir.

Mixail Krutixinin fikrincə, bu mənada Türkiyə şirkətlərinin irəli sürdükləri şərtləri “şantaj” da adlandırmaq olar.

Ekspertin sözlərinə görə, indiyədək Moskva həmişə güzəştə gedib və “Türk axını” üçün tərəflərdən heç bir öhdəlik tələb etməyən memoranduma Rusiya artıq 6 faiz güzəşt edib.

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İgor Yuşkov da Pravda.ru saytına müsahibəsində Türkiyənin güzəşt tələblərini əsassız adlandırır.

Ekspert bildirir ki, Rusiya Türkiyə üçün qaz qiymətlərində güzəşti qazın baha vaxtlarında elan etmişdi, indi isə neftin qiymətinə görə qaz onsuz da ucuzdur.

Azərbaycan faktoru

Rusiya mediası diqqəti bu hadisələrin baş verdiyi vaxtda Azərbaycan qzı üçün TANAP kəmərinin çəkilişinə başlanmasına yönəldir.

Avropa İttifaqının enerji birliyinə cavabdeh olan vise-prezidenti Maroš Šefčovič isə bəyan edib ki, Brüssel cənubi Avropanın ehtiyaclarını Xəzərdən gələn qazla təmin etməyə ümid edir.

Vise-prezident eyni zamanda vurğulayıb ki, “Türk axını” layihəsi üzərində hələlik heç bir iş getməyib.

“Türk axını” kəməri layihəyə görə 2016-cı ilin dekabrından ildə 63 milyard kubmetr qaz nəql etməlidir.

Hazırda Rusiya qazı Türkiyəyə “Mavi axın” və Transbalkan kəmərləri ilə ixrac olunur. 2014-cü ildə Rusiya Türkiyəyə 27, 4 milyard kubmetr qaz nəql edib.

Rusiyanın Gudok.ru saytı yazır ki, danışıqlar prosesinə prezidentlərin qarışması razılaşmanın əldə ediləcəyinə ümid yaradır.

Məqalədə deyilir ki, Putinə məhz Erdoğanın zəng etməsi Ankaranın “Türk axını” layuhəsində maraqlı olduğunu nümayiş etdirir.

Qeyd olunur ki, bu layihə Ankaranın Türkiyəni Asiya və Avropanın enerji qovşağına çevirmək ambisiyalarına xidmət edə bilər.

Azərbaycan rəqibdir, yoxsa yox?

Gudok.ru yazır ki, hazırda yaranmış vəziyyətdən Azərbaycan faydalanmağa çalışır, beləki Azərbaycan qazı Rusiya qazı ilə müqayisədə əsas üstünlüyə - qiymət üstünlüyünə malikdir.

Türkiyə Azərbaycan qazını Rusiya qazından 20 faiz ucuzuna alır.

Bununla belə, məqalədə qeyd olunur ki, Azərbaycanın Türkiyəyə qaz ixracı potensialı Rusiya ilə müqayisəyə belə gələ bilməz.

“Türk axını” kəməri reallaşarsa, Rusiyadan Türkiyəyə nəql onunan qazın həcmi elə ilk ildə 30 milyard kubmetrə çatacaq, Azərbaycandan isə Türkiyəyə ildə yalnız 6 milyard kubmetr qaz gəlir.

Bu da vurğulanır ki, TANAP-ın işə düşməsi Azərbaycandan ixrac olunan qazın həcmini ildə 16 milyard kubmetrə çatdıra bilər, lakin həcmin artırılması perspektivi “dumanlı” görünür. Bununla belə, Gudok.ru-nun gəldiyi nəticəyə görə, Azərbaycan Rusiya ilə müəyyən rəqabətə girə bilər.

Rusiyanın başqa bir portalı – “Ekonomicheskiye İzvestiya” yazır ki, Türkiyənin “Türk axını” layihəsinə könülsüz münasibəti Azərbaycan qazının perspektivləri ilə də bağlı ola bilər.

Sayt xatırladır ki, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu hələ ötən ilin dekabrında Ankara üçün prioritetin “Türk axını” yox, TANAP olduğunu bəyan etmişdi.

Rusiyanı İranla sıxışdırırlar

Məqalədə qeyd edilir ki, Türkiyənin mövqeyi Avropanın Rusiyanın qaz layihələrinə neqativ münasibəti ilə izah edilə bilər.

Müəllifin fikrincə, Rusiya öz qaz magistrallarını Ukraynadan yayındırmağa çalışır, Rusiyanı Ukraynaya görə sanksiyalarla cəzalandıran Avropa isə məhz bunun baş tutmasına yol vermək istəmir.

Rusiyanın svpressa.ru saytı isə yazır ki, Qərb “Türk axını” layihəsinin reallaşmaması üçün əlindən gələni edəcək.

Bu saytda dərc olunmuş “Türk axını”na badalaq atıldı” adlı məqalədə vurğulanır ki, ABŞ və Qərb hazırda İranla nüvə danışıqlarında saziş əldə olunması üçün hər şeyi edirlər, çünki başlıca vəzifə enerji bazarında Rusiyanın İranla əvəzlənməsinə nail olmaqdır.

Sayt yazır ki, Qərb bütün hallarda yaxın 5-7 ildə Rusiyanın qaz asılılığından çıxa bilməyəcək, lakin bu, Moskvanı arxayın salmamalıdır.

Məqalə müəllifi buna misal olaraq göstərir ki, Bolqarıstan hətta öz itisadi ziyanına baxmayaraq Rusiyanın “Cənub axını” kəmərindən imtina edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG