Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

«Rusiyada tikinti materialları ucuzlaşır, bizdə bahalaşır»


İqtisadçı Vüqar Bayramov, 27 oktyabr 2006

İqtisadçı Vüqar Bayramov, 27 oktyabr 2006

«Panorama» adlı həftəlik radio-icmalda bu dəfə Azərbaycanda qiymətlərin sürətlə artmasından bəhs olunur. Həmsöhbətimiz isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramovdur.


Sual: Artıq bir neçə həftədir ki, Azərbaycanda qiymətlər sürətlə artır. Xüsusilə də tikinti materiallarının. Bu həftə həmin materialların qiyməti daha kəskin artdı. Sement istisna olmaqla qiymətləri ən çox artanlar da Azərbaycana əsasən Rusiya və başqa ölkələrdən gətirilir. Həmin materiallar son vaxtlar Rusiyada bahalaşmasa da Azərbaycanda bahalaşmasının səbəbi nədir?


Cavab: Siz qeyd etdiniz ki, həmin ərəfədə Rusiyada qiymət artmayıb… Biz Rusiyaya baxanda, son iki həftədə tikinti materiallarının qiymətləri hətta təxminən 10 faiz aşağı düşüb. Bizdə isə artır. Çünki bizdə son vaxtlar idxalda qeyri-rəsmi ödənişlərin səviyyəsini artırıblar. Eyni zamanda, başqa ölkələrdən, məsələn, İrandan sement gətirilməsinə belə deyək, qeyri-rəsmi qadağa var…



«Rusiyadan gətirilən sementin üzərinə hətta rəsmi idxal rüsumlarını gəlsək belə, qiymətlər arasında fərq bu qədər ola bilməz»
Sual: Bu həftə Qaradağ Sement Zavodunun açıqlamalarından məlum oldu ki, bu zavod Azərbaycanın sementə olan ehtiyaclarını tam ödəmir. Hardasa 50 faizini ödəyir. Bir halda ki, zavod ehtiyacı ödəmir və yeni zavodlar açılmır, onda sementin idxalına niyə qadağalar qoyulur?

Cavab: Sementin idxalına rəsmi qadağa yoxdur. Ümumiyyətlə, rəsmi olaraq hər hansı bir məhsulun idxalına qadağa yoxdur… Rusiyada sementin qiyməti Azərbaycanla müqayisədə 2.4, Belarusda isə 3 dəfə ucuzdur. Yəni, Rusiyadan gətirilən sementin üzərinə hətta rəsmi idxal rüsumlarını gəlsək belə, qiymətlər arasında fərq bu qədər ola bilməz. Deməli, burada qeyri-rəsmi ödənişlər var. Dövlət başçısı da qeyd etdi ki, müxtəlif sahələrdə inhisarçılıq var və əslində, inhisar qiymətləri müəyyənləşir, qiymətlər rəqabət əsasında müəyyənləşmir…


Qiymətlərin artmasında obyektiv səbəblər də var. Bu da tələbatın artmasıyla bağlıdır. Ötən illə müqayisədə tikintidə tələbat təxminən 2-3 dəfə artıb.


Sual: Son vaxtlar Gömrük Komitəsinin rəhbəri dəyişdirilib. Sizcə, bundan sonra hansısa bir dəyişiklik olubmu?


Cavab: Yox, bütövlükdə orada sistem dəyişməyib, sistem əvvəl necə idi, elə də qalıb. Çünki indiki sədr əvvəl sədr müavini idi. Təbii ki, kadrların dəyişməsi sistemin az da olsa dəyişməsinə təsir edir, amma sistemin bütövlükdə dəyişməyi lazımdır… Biz bunu dəfələrlə qaldırmışıq ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına [ÜTT] üzvlüyünə əngəl yaradan dövlət qurumlarından biri də Gömrük Komitəsidir. Bu yaxınlarda ABŞ-ın ÜTT-dakı səfiri Bakıda oldu, bəyan etdi ki, Azərbaycanın üzv olması çox vacibdir. Ən azı o baxımdan ki, biz ÜTT-ya üzv olsaq, artıq gömrük orqanlarının idxalda və ümumiyyətlə, xarici ticarətdə rolu azalacaq. Bir növ inhisarçılığın qarşısı alınacaq…


Sual: Deməli, Azərbaycan ÜTT-ya üzv olsa, Sizin də qeyd etdiyiniz kimi, gömrük orqanlarında qeyri-rəsmi ödənişlər aradan qalxacaq?


Cavab: Müəyyən dərəcədə aradan qalxır. ÜTT-nin özünün mübahisələrin həlli deyilən bir mexanizmi var. Bu ondan ibarətdir ki, hər bir üzv ölkədə hər hansı bir sahibkar diskriminasiyayla – ayrıseçkiliklə rastlaşırsa, onun ÜTT-nin məhkəməsinə müraciət etmək hüququ var. Yəni həm xarici, həm də yerli şirkətlər idxal və ixracda hansısa bir diskriminasiyayla rastlaşırsa, hər hansı bir qeyri-rəsmi ödənişlər tələb olunursa, onlar həmin problemi ÜTT-də, Cenevrədə həll edə bilərlər. Üzv olmadığımızdan indi bizim iş adamlarının ÜTT-yə müraciət hüququ yoxdur.


VÜQAR BAYRAMOVLA SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN
XS
SM
MD
LG