Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

-

«Bir gündə yüz dənə səməni satmışam, bundan yaxşı gün ola bilər? Hansısa ofisdən gəlmişdilər. 100 manat verdilər, hamısını aldılar. Evə rahat gedə biləcəyəm».

«Axır çərşənbə» günü səməni satan Telli Məmmədovanın üzü gülür. Mart girəndən səməni hazırlayır. Başqa günlər bir gündə 20, uzağı 40 səmənini 1 manatdan satırdısa, «İlaxır Çərşənbə»də yüzünü satıb. Deyir, indi evə - Ağdaşa rahat gedə bilər. 100 səməni 100 manatdır. Bu, onun üçün əməlli-başlı qazancdır.

150 MANATA NOVRUZ ŞİRNİYYATI

Nəzakət Əliyeva isə yorğundur. Deyir, Novruz şirniyyatı hazırlayıb ki, uşaqlar sevinsin, süfrə boş qalmasın. Ancaq aylıq 400 manat gəliri olan 5 nəfərlik ailəyə bu 150 manata başa gəlib:

«Candərdi, hərəsindən az-az alıb uşaqlara görə bişirdim. Az-az aldım, ancaq 150 manat xərclədim. Olsun, ildə bir dəfədir, əziz bayramımızdır».

«BİR AZ DA DANIŞSAM, GƏLİB TUTACAQLAR»

Bakının bayram əhval-ruhiyyəsi küçələrdə Novruz bayramının gəlişi ilə bağlı vurulan iri lövhələrdən hiss olunur. Bəs, şəhər sakinlərinin bayram əhvalı necədir?

Sorğumuzda iştirak edənlərin cavabları belə oldu:

Novruz lövhəsi

Novruz lövhəsi

«Havalara görə yazın gəlməyini hiss edə bilmirik. Günəşin çıxmasını gözləyirik».

«Hələ ki, sıradan gündür. Ancaq yəqin Gəncəyə- evə gedəndə daha çox hiss edəcəyəm. Ailə, paxlava, şəkərbura...».

«Düzü, əvvəllər bayramı daha çox hiss edirdim. Bəlkə adamın yaşı artdıqca belə olur. İnsanlar dərdlərindən bilmirlər neyləsinlər. Bayrama fikir verən yoxdur. Mən bir az da danışsam, gəlib tutacaqlar, ona görə ən yaxşısı, susum».

«Biz Novruz bayramına çərşənbələrlə hazırlaşmağa başlayırıq. Keçən çərşənbə çox gözəl keçdi. Ev boyda tonqal qalamışdıq. Bu bayramda biz paylaşmağı öyrənirik. Şirniyyatlar hazırlayırıq, paylaşırıq. Yaxşı keçiririk».

«İmkanı olan da, olmayan da, az da olsa, süfrəsini bəzəyir. Bayram süfrəsində mütləq şirniyyat olmalıdır. Olmazsa, olmazlardandır».

«Mənə görə qiymətlər ucuz deyil. Adi yeməyə badam, qoz alanda görürəm ki, çox bahadır. Ancaq bayram bayramdır».

«Mən Novruz bayramına hazırlaşmıram, çünki hiss edə bilmirəm. Hiss eləmək üçün xoşbəxtlik, maddi durum lazımdır. Adamlar çox narazıdır».

Yevlaxda Novruz tonqalı

Yevlaxda Novruz tonqalı

ƏN ÇOX SEVİNƏNLƏR UŞAQLARDIR

Tonqal qalamağa, şirniyyat yeməyə ən çox sevinənlər isə uşaqlardır:

«Novruz bayramında papaq atmağı xoşlayırıq. Tonqal qalayırıq. Axşama hazırıq. Artıq taxtalar hazırdır».

«Səməni qoyuram, tonqaldan atlanıram. Anam, nənəm şəkərbura, paxlava bişirir. Yaxşı şənlənirik».

BAHALIQDIR, ANCAQ PULSUZ ƏYLƏNCƏLƏR DƏ VAR

Manatın ucuzlaşmasından sonra çox şey bahalaşsa da, Bakı şəhər İcra Hakimiyyəti pulsuz əyləncələr təklif edir. Elə günün ilk əyləncəsi Mərkəzi Bankın qarşısındakı parkda başlayıb.

Bayramın qəhrəmanları Keçəllə Kosa isə günün ilk tonqalını Mərkəzi Bankın qarşısındakı parkda alovlandırıblar. Axşamsa Qoşa Qala Qapısının qarşısında ən böyük tonqal yandırılacaq, konsert olacaq. Sonra da atəşfəşanlıq.

Martın 19-da Bakı Bulvarında, martın 20-dən 23-ə qədər isə İçərişəhərdə bayram şənlikləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG