Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:28

-

«The Independent» qəzetində Nick Kochan yazır ki, Blair-in Yaxın Şərq üzrə sülh elçisi postunda qalması daha mümkün deyil, ona etibar eləmək olmaz. Kochan keçmiş baş nazirin biznes maraqları barədə «Blair Inc. Maska arxasındakı adam» kitabının həmmüəllifidir.

«Tony Blair-in dünyası getdikcə bizimkindən daha çox uzaqlaşır, ayrılır. Nə vaxtsa onun Leyboristlər Partiyasından baş nazir olması, adamların dəstə ilə gedib ona səs verməsinə inanmaq üçün gərək özünü çimdikləyəsən. Cənab Blair getdikcə tarixə qovuşur, şəxsi maraqlarını güdərək dünya səhnəsindən itir. Yaxın Şərq Kvartetində təmsilçi postundan getməsi təklifi də Vaşinqton və Brüsselin onun roluna və iştirakına inamının sarsıldığını göstərir».

«Cənab Blair səlahiyyət və qanunilik olmadan Baş nazir həyatını yaşayır. O, vəzifədə olduğu zaman getdiyi şəhərlərdə, ölkələrdə dünya liderləri ilə, yüksək əda, inamla, şirin dillə danışır. Ancaq o, indiki zamanda deyil, keçmişdə yaşayır, müasir Kral Lirdir, kral kimi davranır. Ancaq Lirdən fərqli olaraq, pullarını sandığına yaxın yerdə saxlayır», - müəllif yazır.

Cənab Blair baş nazirlikdən sonra Kvartetin (Rusiya, Birləşmiş Ştatlar, Avropa Birliyi və BMT) Yaxın Şərq təmsilçisi postuna gəlib. Bu posta açıq-aşkar George W.Bush-un köməyi ilə seçildi, Bush onu İraqın işğalını dəstəklədiyinə görə mükafatlandırdı. Müəllif Blair-in Kvartetdəki rolunun elə də uğurlu olmadığını vurğulayır: «Blair-in İsrail rəhbərliyinə çox yaxın olması onun obyektivliyini şübhə altına qoyub».

Satıcıya çevrilən siyasətçi Tony Blair «Associates» şirkətinin konsultasiya xidmətlərini bir sıra qaranlıq, qeyri-populyar liderlərə təklif edib. Onun müştəriləri sırasında Qazaxıstan prezidenti Nursultan Nazarbaev, Misir rəhbəri general Abdel Fattah el-Sisi, Əbu-Dabi şahzadəsi, Konqo Demokratik Respublikasının rəhbərliyi və Serbiya hökuməti var.

Qeyd edək ki, Tony Blair-in Azərbaycanın neft və qaz maraqlarına lobbiçilik etməsi Britaniya mediasında müzakirələr doğurmuşdu.

15 mart mitinqi

15 mart mitinqi

AZƏRBAYCANIN «TƏMİZLƏNMİŞ» VERSİYASI

«Index on Censorship» təşkilatı martın 15-də Milli Şuranın Bakıda keçirdiyi etiraz mitinqindən yazır. Müəllif Milana Knežević qeyd edir ki, Avropa Oyunlarına 87 gün qalmış azərbaycanlılar ölkədə insan haqlarının pis hala gəlməsinə, həbslərə, eləcə də ölkədə manatın devalvasiyasından sonra qiymət artımına etiraz səslərini ucaltdılar.

Avropa Oyunlarına çəkilən xərclər də etirazçıların diqqətindən kənarda qalmayıb. Oyunlara 5.4 milyard funt-sterlinq ayrılacağı bildirilir, təşkilat komitəsinin sədri Simon Clegg oyunların indiyədək Azərbaycanda «ən fantastik şou» olacağını vurğulayır.

Müəllif Azərbaycanın idmançıların bütün xərclərini üzərinə götürməsinə də toxunur: «Bu ilin yayında Torontoda keçiriləcək Pan Amerika Oyunlarının təşkilat komitəsinin sədri deyir ki, bunsuz qalib gələ bilməzsən. Ancaq anlaşılan odur ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmək riskini üzərinə götürmək istəyən yeganə ölkə olub və heç kəslə də yarışmayıb. «Index» Avropa Oyunları Komitəsinə müraciət edərək bu oyunlarla bağlı sənədləri, şəhərin qonaqlama planlarını, büdcəni istəyib. Bizə bildirdilər ki, Avropa Oyunları ilə bağlı yeganə sənəd ev sahibi olan şəhərlə müqavilədir və bu sənəd də ictimaiyyət üçün deyil».

«Azərbaycan hakimiyyəti bir müddət müxtəlif cəbhələrdə PR savaşı aparıb, hər şeyə pul xərcləyib – Bakının gözəlləşdirilməsindən tutmuş, parıltılı jurnallara, «Eurovision» kimi beynəlxalq meqa-tədbirlərə qədər».

Müəllif eyni zamanda ölkədə jurnalist Xədicə İsmayılın, hökumətin digər tənqidçiləri Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Seymur Həzi və digərlərinin həbsdə yatdığını qeyd edir.

«İnsan haqları qrupları xəbərdarlıq edib ki, «Eurovision» kimi Avropa Oyunları da insan haqları pozuntularını «yumaq», dünyaya Azərbaycanın «təmizlənmiş» versiyasının təqdimatına xidmət edə bilər. Ancaq aprelin 5-nə daha bir etiraz aksiyası planlaşdırılır. Görünür, hökumət tənqidçiləri və adi insanlar buna imkan verməməyi qət ediblər».

Boris Nemtsov və Vladimir Putin - 2000

Boris Nemtsov və Vladimir Putin - 2000

QƏTL? KREML SSENARİSİ ÇIXDAŞ OLUNUR

«The New York Times»ın redaksiya məqaləsində Rusiyada müxalifət lideri Boris Nemtsov-un qətli ətrafında versiyalardan bəhs olunur. «SSRİ dönəmində siyasi utancverici bir hadisədən sonra əsas sual bu olurdu ki, «Bu, kimin marağına xidmət edir?». Anlaşılan cavab da buydu ki, Sovet İttifaqını utandırmaq üçün Vaşinqton hər şeyi düzüb-qoşub. Bu praktikaya Rusiya prezidenti Vladimir Putin-in həyatında tez-tez rast gəlinir. Kiyevdə qarşıdurma kimin marağına xidmət edirdi? Bəs Malayziya təyyarəsinin vurulması? İndi isə Kremlin tənqidçisi Boris Nemtsov-un öldürülməsi? Cənab Putin-in müstəntiqləri və nağıldanışanlarının cavabı aydındır: şeytan Qərb Rusiya liderini gözdən salmaq üçün müxalifətdən şəhid düzəltməyə çalışır».

Daha sonra məqalədə Nemtsov-un qətlinə görə saxlananlardan, ortaya atılan versiyalardan bəhs olunur:

«Təbliğatın məqsədi Putin-i «cənab Nemtsov Kremlin birbaşa və ya dolayısı ilə qurbanı olmayıb» şübhəsindən qorumaqdır. Bir sıra Qərb ekspertləri cənab Putin-in və ya leytenantlarının Nemtsov-u öldürtmək istəməsi ideyasını qəbul etmirlər. Belə bir fikrə söykənirlər ki, onun ölümünün doğuracağı qəzəb müxalifət fiquru kimi nüfuzunu aşacaqdı».

NYT vurğulayır ki, hər hansı xoşagəlməz hadisəni Qərbin yağına bağlama Putin-in Rusiyasında işləyə bilər, ancaq xaricdə heç kəs istintaq komitəsinin tapıntısına etibar etməyəcək. Ancaq beynəlxalq monitorinq altında olan təhqiqat etibarlı sayılardı. Cənab Putin adını təmizə çıxarmaq istəyirsə, bunu etməlidir. «Ancaq görünən odur ki, konspirasiya söhbəti, sovet dönəmində olduğu kimi, o qədər davam edəcək ki, rusiyalılar Kremlin dediyi heç nəyə inanmayacaqlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG