Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:30

-

«Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlandığı Gəncə İstintaq Təcridxanasından Bakıya, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilib».

Bunu AzadlıqRadiosuna «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev bildirib. Onun dediyinə görə, hazırda Alyansın üzvləri müalicə müəssisəsinin qarşısına toplaşıblar:

«Bizə onunla görüşməyə icazə vermirlər. Aldığımız məlumata görə, Talehin vəziyyəti ağırdır. Penitensiar Xidmətdən bizə deyiblər ki, müstəntiq icazə versə, ailə üzvləri onunla görüşə bilər. İndi ailə üzvləri yoldadır, gəlirlər. Ümid edirik ki, görüş verəcəklər».

Taleh Xasməmmədovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüldüyünü nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov apa-ya təsdiqləyib.

İftixar Qurbanov bildirib ki, T.Xasməmmədov ümumi müayinələrdən keçir, onun səhhəti normaldır.

Ailə üzvlərinin dediyinə görə, Taleh Xasməmmədov qanunsuz həbs olunduğuna görə son 10 gündür aclıq aksiyası keçirirmiş: «Bunun nəticəsi olmadığını görüb, qolunda damarını doğrayaraq özünə qəsd edib».

Bu il fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir. Daxili İşlər Nazirliyi bildirib ki, Taleh Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib. Ailə üzvləri isə onun şərlənərək həbs olunduğunu iddia edirlər.

Fevralın 27-də hüquq müdafiəçisinə həbs verilən gün onun qardaşı Valeh Xasməmmədov də məhkəmənin qarşısında damarlarını doğramışdı.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamı ilə azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG