Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49

-

Aktrisa İlqarə Tosova: “Dünyadan köçəndə bircə şeyə görə təəssüf edəcəm...”

"Bizim evimizdə ən dəyərli şey – kitabdır. Bu mənə özümü kütlədən biri olmamaq hissini yaşamaq lüksü verir".

Azərbaycanda aktrisalarla bağlı xeyli stereotiplər var: Deyirlər onlar mütaliəsizdir, şıltaqdır, ciddi mövzularla araları yoxdur, bəziləri oynadıqları əsərdə təkcə öz rollarının sözlərini əzbərləyir, nəyi oynadıqlarını bəzən heç bilmirlər də, vətəndaş mövqeyinin nə olduğunu belə bilmirlər... Təbii ki, bu stereotiplərin yaranmasında günahı olanlar da var, olmayanlar da...

Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosova kitab təqdimatlarına, incəsənət sərgilərinə qatılması, sosial şəbəkələrdə ədəbiyyat, teatrla yanaşı, həm də sosial, siyasi mövzuların müzakirəsindəki faəl iştirakı, daima sərgilədiyi aktiv vətəndaş mövqeyi ilə də maraqlıdır...

- İlqarə xanım, bizim ölkədə kino aktrisası olmaqla teatr aktrisası olmağın fərqləri çoxdurmu?

- Fərqi yoxdur, nə desəm təkrar olacaq. Mənə elə gəlir ki, bu barədə hər şey deyilib. Kino və teatr tamam fərqli şeylərdi. Şeir və nəsr kimi...

- Uğurlu aktrisa olmaq üçün ilk növbədə nə lazımdır, istedad, zəhmət, yoxsa tale adamın üzünə gülməlidi?

Mən tamaşaçıya onun problemini göstərməyin tərəfdarı deyiləm. Ona başqa dünyadan, daha gözəl,, daha azad, daha problemsiz dünyadan danışmaq lazımdı. Tamaşaçıda arzu və ümid yaratmaq lazımdı

- Mənim özəl müəllimlərim olub. Olardan biri, Nəsir Sadıqzadə həmişə deyirdi: Aktyor olmaq üçün birinci növbədə istedad lazımdı, sonra sonsuz zəhmət, ən başlıcası isə, Tale! Mən də belə gördüm və belə hesab edirəm. Amma istedad yoxdursa, insanın canında fitri vergi yoxdursa, onu aktyor eləmək üçün çox çalışmaq lazım gələcək.

- Rejissorlar, teatr direktorları çox vaxt aktrisaların şıltaqlığından, 60 yaşlarına çatsalar belə, 18 yaşlı qızı oynamaq istəməklərindən gileylənirlər. Siz isə gənc olduğunuz halda, nənə rollarını sevgiylə oynayırsız. Bu nədən irəli gəlir, komplekssizlik, yoxsa, sadəcə məzəli gəlir sizə?

- Əla sualdı. “Uşaqlığın son gecəsi” filmində çox dəyər verdiyim aktyor Yusif Vəliyevin obrazı demişkən, “Sovet sənayemiz nə istehsal etsə...”. İnsan olaraq elə tiplərdənəm ki, mənim üçün əsas özümün ləzzət almağımdı. Istənilən halda, mənim üçün bu əsasdı, məişətdə də, həyatda da..Şıltaqlıq-zad nadanlıqdan irəli gələn şeydi. Qaldı, nənə oynamağa. ..Mən illərlə sənətimə xəyanət etmişəm, ana rolları oynamağı üstün tutmuşam... Heç bir xəyanət də əvəzsiz qalmır. Bu zarafatdı. Mənə tapşırılan işi yaxşı görməyə, imkan daxilində ləzzət almağa çalışıram. Hələlik, alınır. Məsələn, ilk “nənə”mi çox sevdim...

- Sizi tez-tez kitab təqdimatlarında görürəm. Amma gəlin etiraf edək ki, bir qayda olaraq, aktrisalarımızın o qədər də mütaliəli olduğunu deyə bilmərik...

- Mütaliə də teatr kimidir, yəni hamı üçün deyil. Bizimki kimi cəmiyyətlərdə mütaliəi olmaq adama çox mane olur. Bir deyim var: ağllı fikirləşənə qədər dəli vurdu çayı keçdi...Aktrisalar da cəmiyyətimizin bir hissəsidir. Mütaliəsizlərə daha asandı. Mən belə gördüm! Hər şeyə rəğmən, bizim evimizdə ən dəyərli şey – kitabdır. Bu mənə özümü kütlədən biri olmamaq hissini yaşamaq lüksü verir. O qədər geniş, gözəl, bahalı evlər görmüşəm ki... Noolsun, içində bir dənə də kitab olmayıb...

- Ümumiyyətlə, bu gün teatrlarımızın səhnəsində qoyulan tamaşaların ölkənin havası, dürümü ilə bir əlaqəsi varmı? Tamaşaçı özünü, öz həyatını, öz problemlərini səhnədə görə bilirmi?

- Məncə heç vaxt belə olmayıb. Bizim teatrın intibah dövrünün (əgər belə dövr doğrudan da, olubsa) tamaşalarına baxın. Belə də olmalıdır. Ümumiyyətlə, mən tamaşaçıya onun problemini göstərməyin tərəfdarı deyiləm. Ona başqa dünyadan, daha gözəl, daha azad, daha problemsiz dünyadan danışmaq lazımdı. Tamaşaçıda arzu və ümid yaratmaq lazımdı. Məsələn, elə mən özüm də belə bir tamaşaya baxmaq istərdim, nəinki öz problemlərimə...

İlqarə Tosova ailəsi ilə. Aktyor Ayşad Məmmədov onun həyat yoldaşıdır.

İlqarə Tosova ailəsi ilə. Aktyor Ayşad Məmmədov onun həyat yoldaşıdır.

- Ailədə iki aktyor var. İki aktyorun qazancı ilə dolanmaq mümkündürmü?

- Dolanmaq mümkün deyil, amma acından ölməmək mümkündür.

-Siz həm də yaxşı vətəndaşsınız. Bir çox məsələlərdə sizin vətəndaş mövqeyinizin şahidi olmuşuq. Bilirik ki, belə şeylər nə teatr rəhbərliyi, nə aktyor yoldaşlar, nə də sizə titul, təqaüd verə biləcək məsul şəxslərin xoşuna gəlmir. Necədir sizə münasibət? Çoxmu narahatlıq yaradırlar?

- Heç bir narahatlıq yoxdur. Ciddi deyirəm. Doğrudan belədi. Nə müdiriyyət, nə də başqa məsul şəxs tərəfindən narahatlıq olmayıb. Hər şey normaldı bu sahədə.

Titula, təqaüdə qalanda, mən bunlar üçün işləyən, çalışan adam deyiləm. Mənim üçün əsas özünə, öz şəxsiyyətinə hörmət hissidir. O yoxdursa, heç bir titul, heç bir ad səni adam edə bilməz! Mən adamlara titullarına görə, adlarına görə qiymət vermirəm. Mənim üçün hər şey bu dəqiqə və indi səhnədə baş verənlərdi. Qalan nə varsa, heç! Sən ya yaxşı aktyorsan, ya da bir heç! Ad-zad burda adama kömək eləmir. Təqaüd də maddi dəstəkdir, yəni qarına hesablanıb. Mənim üçün baş qarından yuxarıdır.

- Ötən illərdə ölkədə bir serial bumu yaşandı. Bir çox teatr aktyorlarının maddi durumu düzəldi. O bumdan sizə də pay düşdü?

- (Gülür) O bumdan bizə də pay düşdü. Maddi sıxıntılar yenə qalır, amma xeyli kömək oldu...

- Mütaliənizin yaxşı olduğuna görə maraqlanıram. Son dövrlərdə nələri, kimləri oxuyursunuz?

- Son vaxtlar 3 kitab oxudum. Bir-birindən gözəl əsərlər. Maks Frişin “Homo Faber”, Hans Falladanın “Daha nə, kiçik adam...” və Orxan Pamukun “Qara Kitab”ını. Bir aydır, kitab oxumuram, yaşla əlaqədar gözlərim zəifləyib. Özümə eynək düzəltdirən kimi mütaliəyə davam! Oxumaq ən sevdiyim məşğuliyyətdir. Bu dünyadan köçəndə də ancaq bir şeyə təəssüf edəcəm: bütün yazılanları oxuya bilmədim...

Söhbətləşdi: Günel M.

Günün bütün mövzuları

XS
SM
MD
LG