Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:45

Gürcüstanda yaşayan yazardan Günel Mövluda etiraz


Tapdıq Yolçu
Tapdıq Yolçu

-

Məsələ heç də göy satmaqla bağlı deyil...

Mən də ali təhsilli jurnalist ola-ola iyirmi ildən artıqdır ki, bazarlarda baş girləmək məcburiyyətində qalmışam...

Gürcüstanın Rustavi şəhərində yaşayan azərbaycanlı şair, publisist Tapdıq Yolçu "Oxu zalı"na göndərdiyi bu məqaləsi ilə Günel Mövludun "Göysatan olmaq istəməyənlər" yazısına etiraz edir.

Tapdıq Yolçu

HEÇ DƏ “GÖY SATMAQLA” BAĞLI OLMAYAN MƏSƏLƏ

Günel Mövludun sözügedən məqaləsi soydaşlarım arasında bir qədər narazılığa səbəb oldu.

Əslinə qalsa, həmin xanım bu yazısı ilə buradakı biz-ziyalılar üçün heç də “Amerika kəşf eləmədi” və sanıram ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə bu cür yanaşma çox primitiv və səthidir. Niyə?

Bu niyənin açıqlaması çox genişdir, lakin mən bu yazımda çalışacağam onların əsas məqamları ilə saytınızın oxucularını və ümumiyyətlə, bununla maraqlanan hər kəsi agah edim.

Ümumiyyətlə, yaşayışımızda bizlərin (“bizlər” deyəndə, mən yalnız Gürcüstanda yaşayan azərbaycanlıları nəzərdə tutmuram!) başlıca problemi təhsillə bağlıdır və bu təhsil problemi də başımıza Azərbaycandakı ali məktəblərimizə qəbul zamanı rüşvət toxumunun səpilməsi ilə yarandı. Bunun nə zamandan start götürdüyünü siz deyin!

Bax, elə o zamandan çevrəmizdəki əsl ziyalılıq dairəsi zaman-zaman daralmağa yön aldı. Bu sözü deyiblər, mən də təkrar edirəm: biz, yəqin ki, dünyada yeganə xalqıq, rüşvət veririk ki, uşaqlarımız oxumasın!

Onillərlə o cür təhsil almanın acı nəticəsi bizləri bu gün düşdüyümüz acı durumla üz-üzə qoymuşdur. Bu gün orta və yuxarı yaşlılar arasında vaxtilə Azərbaycanda ali məktəb diplomu alanların, mən deyərdim, 90 faizinin “yiyələnmiş olduqları” elm sahəsindən xəbəri yoxdur.

Çünki vaxtilə onları həmin ali təhsil ocaqlarında yaxşıca “xəstələndirib” virus kimi cəmiyyətin canına yönləndirdilər. Orta məktəblərimizdə dərs deyən müəllimlər arasında da, təbii ki, çoxluq təşkil eləyən həmin “xəstə”lərin təlim keçdiyi gənclər də alayarımçıq təhsil nədənindən “xəstə” böyüdülər və böyüməkdədirlər də.

İnanmırsınızsa, Gürcüstanı qoyun bir kənara, lap elə düşün Azərbaycanın rayonlarına, bir neçə kəndi gəzin, oralardakı müəllim adlanan ziyalılardan soruşun, görün, hansı biliyə malikdirlər?! Onlardan soruşun ki, son bir ayda, son bir və ya on-on-beş ildə hansı bədii, sənədli, yaxud tarixi əsəri oxuyub?! Sizi əmin edirəm ki, onların, ən azı, doxsan faizi ali məktəbi “bitirib”, arzuladığı diplomu əlinə keçirəndən sonra bir kitabı belə vərəqləməyiblər...

O tip müəllimlərin təlimindən çıxmış yeniyetmələrin tale yolları haradan keçməlidir?! Ümummilli bədbəxtçiliyimizin başlıca səbəbi budur, mənim əzizlərim!!!

“Göy satmağa” doğru gedən yolun da ən ilkini budur. Lakin sonu da deyil.

İkinci səbəbin nədən ibarət olduğunu daha yaxşı izah etmək üçün, 2013-cü ilin may ayında Bakıda nəşr olunan “Hürriyyət” qəzetində çap etdirdiyim “Biz gürcülərin son şansıyıq” məqaləmdən bəzi hissələri nəzərinizə çatdırıram:

“...tez-tez müxtəlif siyasətçilərin söylədikləri “Dövlət dilini yaxşı bilmədikləri səbəbindən azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası…” və sair bu kimi sözlər, daha çox kiminsə bizləri başından eləmək bəhanəsi təsiri bağışlayır.

Bu gün Gürcüstanda yaşayan və gündəmdən az-çox məlumatlı olan hər bir soydaşımız keçmişdə də, indi də vəzifə başında olan, lakin gürcü dilini düz-əməlli bilməməsinə rəğmən, müxtəlif dövlət vəzifəsində çalışan çoxlu sayda azərbaycanlının adını sadalaya bilər.

Belələrinin hansı meyarlara əsasən “yuxarı başa” çəkildikləri isə müəmmalı olmaqla yanaşı, istər-istəməz hər bir adamda bəzi şübhələr də oyadır.

Halbuki dövlət dilini mükəmməl bilən ali təhsilli, peşəsinin bacarıqlı bilicisi olan onlarla soydaşımız potensial imkanlarını müxtəlif zəhmət sahələrində havayı xərcləməkdədirlər…”

“...Bu günlərdə hörmətli Baş nazirimiz Bidzina İvanişvili cənabları təmtəraqlı şəkildə elan edir ki, bir nəfər azərbaycanlını nazir vəzifəsinə təyin etmək istəyir. Səmimi və açıq şəkildə bəyan edirəm: qardaşlar, bəsdirin “bir quş qoymaq” xatirinə soydaşımız olan hər hansı bir kimsəni harayasa təyin etdiyiniz! Axı, “şəkil” sayağı kimisə bir vəzifəyə irəli çəkib, bizim millətə “minnət qoymaqla” ortada nə dəyişir ki?!

Belə etməklə hansısa gürcü məmuru əgər elə hesab edirsə ki, bununla bizə olan etibar və sədaqətini ifadə etmiş olur, bilməlidir ki, əslində o, çox səhv bir hərəkətə qol qoyur və bu cür addımlar xalqlarımız arasında dostluğa, qardaşlığa yox, millətlərarası ayrı-seçkiliyə, son nəticədə isə soydaşlarımız sırasından məcburi şəkildə bəzi separat fikirli insanların yetişdirilməsinə xidmət edir.

Elə bu günlərdə hər kəsə məlum Söyün Sadıqovun Gürcüstanda nəsə bir qurum yaratmaq cəhdi ilə bağlı yayılan məlumatlar dediklərimə söykək ola biləcək həyəcan siqnalı deyilmi?! Haqq səsləri eşidilməyən kimlərinsə o cür qurumlara üz tutmasının birbaşa günahkarı, məhz həmin gürcü məmurudur!”

“...Axı, necə olur ki, bir neçə il bundan əvvəl təhsil naziri olmuş “ağzından süd iyi gələn” Nika Qvaramiya soyadlı bir gənc oğlan ölkəmizdəki orta məktəb direktorlarının başına olmazın bir oyun gətirir (test və lototron yolu ilə onların vəzifəyə təyin edilmələri!) və bu “dəlləklik öyrənmək” eksperimentində iştirakdan erməni dilli orta məktəb direktorları qəti şəkildə imtina edirlər, lakin bizimkilər bu sürəcə cəlb olunur və nəticədə iyirmiyə yaxın milli orta təhsil ocağımızda milliyyətcə gürcü müəllimlər vəzifə başına gətirilir?! Ondan sonra bu vəzifəyə gətirilmiş Dmitri Şaşkinin hətta onun bu hərəkətinin səhv addım olduğunu etiraf etməsi də mövcud vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmır və tutaq ki, elə bu gün də mənim doğma kəndim Vaxtangisidə, yaxud Bolnisinin Arıxlı kəndində “lototron bəxtəvərləri” yenə öz yerlərində möhkəmcə oturmaqdadırlar?!

Haqqında söhbət açdığım bu olay barədə xalqımızın bir kobud məsəli var, etik normalara uyğun olmadığından ona bir az “əl gəzdirib” belə deyərdim: Filana gücü çatmır, fəsmənkahı döyəcləyir! Cənablar, deyin görüm, axı, necə olur ki, Samtsxe-Cavaxetiyadan olan, qatı separatçı, erməni Vaqan Çaxalyan həbsxanadan azad olunur və onun “dərdi” parlament dəhlizlərində dinlənilir, bizsə hər hansı problemimizi söyləmək üçün bir məmuru və ya deputatı küçədə-filanda saxlayıb – “bir dəqiqə dinləyin” vəziyyətində qalmalı oluruq?! Həm də bizi narazı salan odur ki, əksər halda bunun da bir nəticəsi olmur! Niyə?! Bizi ən çox ağrıdan, narahat edən də bu “niyə”yə cavab tapa bilməməyimizdir!”

Yekəxanalıq kimi qəbul etməyin, ali təhsili jurnalistəm. Həm də “day-dayı” sayəsində diplom alanlardan deyiləm. Bu mövzu ilə bağlı mən elə həmin qəzetdə “Səhv düşən yerimiz” adlı bir məqalə də çap etdirmişəm. Adından da göründüyü kimi, mən və mənim kimi onlarla soydaşımın olmalı olduğu vəzifələrdə hansısa arxalı “...larlar, ...lərlər” oturdulublar.

Bu səbəbdən də artıq iyirmi ildən artıqdır ki, mən də bazarlarda baş girləmək məcburiyyətində qalmışam, həm də nə fərqi, oyuncaq, alışqan və ya uşaq paltarı satmışam, satıram da, bunun “göy satmaqdan” çoxmu fərqi var?! Yaxud, məsələni bu şəkildə izah eləyim: mənim kimilərinin bazarlara üz tutmasının bir suçu yuxarıda sitat gətirdiyim hallar olsa da, ikinci və deyərdim, başlıca günahkarları Azərbaycandakı başbilənlərimizdir!

Çünki oradakılar bizlərin potensial imkanlarından niyə yararlanmaq istəmirlər? Yəni, Azərbaycan hökumətinin səlahiyyətində olan müəyyən qurumlarda bizlərin layiqli işlə təminatı onlar üçün çoxmu çətin olardı?

Yeri gəlmişkən, elə bu yerdə bir məqamı da xüsusi qeyd edim ki, elə öz həmyerlimiz olan və bu gün Bakıda müəyyən söz və ixtiyar sahibi olan və bizləri daha yaxşı tanıyan (çünki təbii olaraq Bakıdakı rəsmilərin bizlərdən xəbəri olmaya bilər, hərçənd lazımi istək olsa, buradakı səfirlik vasitəsi ilə bunu edə də bilərlər!) həmyerlilərimiz də yalnız öz kəmsavad qohumlarını “yağlı” yerlərə yerləşdirməkdə bir-birindən geri qalmamağa çalışırlar...

Uzunçuluğa getmək istəmirəm, elə hesab edirəm ki, bu yazını oxuyacaq hər kəs nədən söz açdığımı çox yaxşı anladı...

Və gəldik yenə mətləbimiz üstünə. Əziz Günel xanım, haqqımızda söz açmaq istədiyiniz problem yalnız “göysatan” olub-olmamaqla bağlı deyil, məsələ daha mürəkkəbdir.

...Və bu mürəkkəbliklər içində bu günümüzün reallıqlarından biri də odur ki, mənim kimi ziyalılar arxamızca gələn yeniyetmələrə “yaxşı” nümunə ola bilmirik!

...Və bu gün bizləri də bazarlarda görən qızlar, şükürlər olsun ki, yenə “göysatan” yolu ilə gedir, Dubayın-filanın məlum yollarına döşənmirlər!

...Və yazımın başlanğıcında qeyd etdiyim kimi, bu problem təkcə Gürcüstanlı qızların yox, oralı-buralı ümumxalq dərd-azarımızdır!

...Və o “göysatan olmaq istəməyənlər”in də düz yolda olduqları hələ məlum deyil! Çünki onların sıralarından bu milli mənafeyimizə zərər vuran bəzi çağırışlar etdiklərinin sədasını alıram və o çağırışları etməyə kimlərin onları təhrik etdikləri hələlik mənim üçün qaranlıq olan məsələdir. Fakt istəyirsiniz, buyurun – onlar ölkəmizin baş nazirinə müraciət hazırlayıblar ki, Gürcüstanda Azərbaycan dilli məktəblər bağlansın və təhsil tamamilə gürcü dilində olsun.

...Və belə bir çağırışı siz başqa millətlərin nümayəndələrindən, o cümlədən ermənilərdən eşidə bilməzsiniz...

...Və nə qədər ki, bu durumdayıq, bəlkə yenə elə “göy satmaq” yolu daha düzdür?!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG