.
“İsa Qurbanovu tapa bilmirik. Dünən onun həbsinin müddəti bitirdi. Sumqayıt polisindən bildirirlər ki, onu azad ediblər. Ancaq nə ailəsi, nə də mən vəkili kimi onun harda olduğunu bilmirik.”
İsa Qurbanovun Vəkili Əsabali Mustafayev AzadlıqRadiosuna bildirir ki, müvəkkili dünəndən yoxa çıxıb. Vəkil başqa bir qurumun onu yenidən harasa aparmasından narhatdır.
İsa Qurbanov AXCP-nin Sumqayıt şöbəsinin sədridir. O martın 10-da həbs edilib. Polisə müqavimətdə təqsirli bilinərək 5 sutka həbs cəzası almışdı. Cəzasının müddəti martın 15-də tamam olsa da onun azad edilib-edilmədiyi, hazırda harda olması barədə nə vəkilinə, nə də ailəsinə məlumat verilmir.
Sumqayıt şəhər Polis İdarəsindən AzadlıqRadiosu deyiblər ki, onlarda İsa Qurbanovla bağlı heç bir məlumat yoxdur.
DİN mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, məsələni araşdırdıqdan sonra məlumat verə biləcəklər.
Vəkili isə bildirir ki, İsa Qurbanov cəzasını çəkən müddətdə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində dindirilib. Amma sonradan onun hara aparıldığından xəbər ala bilmirlər.
Vəkil İsa Qurbanovun yoxa çıxması barədə Obudsaman aparatına, DİN-in və Baş Prokurorluğun qaynar xəttinə məlumat verildiyini bildirir.