Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Barəsində 10 illik həbs tələb olunan keçmiş hakim bəraət istəyib


Arxiv fotosu

Arxiv fotosu

-

Martın 16-da Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin məhkəməsi davam edib. Onunla yanaşı Elman Məmmədov və Taleh Süleymanov da mühakimə olunur.

Bu günkü prosesdə Həsən Əliyevin vəkili Sadiq Rəsulov çıxış edib. Vəkil məhkəmədən müvəkkili barədə bəraət hökmü çıxarılmasını xahiş edib.

Sonra keçmiş hakim məhkəmədə son söz deyib. O, irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmə iclasına sədrlik edən hakim məhkəmə araşdırmasının başa çatdığını, martın 17-də hökmü elan edəcəyini bildirib.

Həsən Əliyev əvvəllər Binəqədi rayon Məhkəməsinin sədri olub. 2007-ci ildə Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməyə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) hakim təyin edilib. Ötən il onun barəsində Ramazan Səlimov adlı şəxs tərəfindən Nərimanov rayon prokurorluğuna şikayət edilib. Həmin şəxs şikayət ərizəsində göstərib ki, hakim onu rayonlardan birinə icra hakimiyyətinin başçısı təyin etdirmək üçün ondan 600 min manat alıb.

Barəsində dələduzluq maddəsi ilə cinayət işi başlandıqdan sonra hakim Həsən Əliyev prezidentin fərmanı ilə vəzifəsindən çıxarılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan keçmiş hakim məhkəmə iclaslarında ittihamları rədd edib və vöhtan adlandırıb. Dövlət ittihamçısı Anar Mirkişiyev Həsən Əliyevə digər iki təqsirləndirilənlərin hər birinə 9 il həbs cəzası istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG