Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:22

“İki ilə yaxındır ki, Sumqayıt Apelyasiya Məhkəməsində atamı qətlə yetirən şəxslərin apelyasiya şikayətinə baxılır. Hakimin prosesi ləngitməsi, bunu nə məqsədlə etməsi bəlli olsa da, əlaqədar qurumlara çoxsaylı şikayətlərimiz bu günə kimi cavabsız qalır”.

Bunu "Qaynar xətt"ə Ağdaş rayon sakini Ayxan Məmmədov deyir. Onun sözlərinə görə, atası Elsəvər Məmmədov 2012-ci ilin dekabr ayının 3-də tanışı Oqtay Mürsəlovla görüşmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb:

DİŞ HƏKİMİ NİYƏ ÖLDÜRÜLÜB?...

“Atam diş həkimi işləyirdi. Oqtay atamı çağıranda deyib ki, görüşməyə gələndə bu barədə heç kimə deməsin. Amma atam anam Gülzarəyə Oqtayla görüşəcəklərini bildirib. Həmin gün atam anamla əlaqə saxlayanda dumanlı havaya düşdüyünü, axşam evə gələ bilməyəcəyini deyib. Ertəsi gün isə atamın telefonuna nə qədər zəng etsək də, bağlı olduğundan əlaqə yaratmağımız mümkün olmadı. Atamı axtarmağa başladıq, Oqtayla görüşəndə o, atamdan xəbərsiz olduğunu, onu görmədiyini dedi. Amma atamın hadisə zamanı Oqtay və Vasiflə görüşməsi barədə telefon dinləmələri oldu. Müəyyən edildi ki, atam bu şəxslərlə görüşüb. Oqtayla Vasif atamı öldürüb meyiti basdırmışdılar. Hadisədən iki ay sonra qətlin bu şəxslər tərəfindən törədilməsi məlum oldu. Oqtay həbs olunandan sonra meyiti basdırıqları yeri istintaqçılara göstərdi”.

İttihama görə, “Azər-Trans” mühafizə şirkətinin işçisi olan Oqtay Mürsəlov və Vasif Soltanov özlərini vəzifəli şəxs kimi təqdim edərək özgənin külli miqdarda pulunu ələ keçiriblər. Belə ki, O.Mürsəlov Fövqəladə Hallar Nazirliyinin mayoru, V. Soltanov isə leytenant rütbəsində vəzifəli şəxs olduqlarını bildiriblər. Onlar Elsevər Məmmədovun vasitəsi ilə iki tanışından 11 min 500 manat alaraq mənimsəyiblər. Bundan sonra Elsevərlə Məmmədovla aralarında mübahisə yaranıb. O. Mürsəlov ötən il dekabrın 3-də E. Məmmədovu iş düzəltmək məqsədilə Şamaxı rayonuna çağırıb. Həmin gün saat 16 radələrində Ağdaş rayonunda yaşayan Elsevər Məmmədov özünə məxsus avtomaşında evdən çıxaraq İsmayıllı rayonunun Pirqulu qəsəbəsinə gedib və həmin gündən də geri qayıtmayıb. Ona məxsus “VAZ-2106” markalı avtomobili isə Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində gizlədiblər.

Araşdırmalar zamanı E.Məmmədovun həmin gün V. Soltanov və O. Mürsəlov tərəfindən tamah məqsədilə Şamaxı rayonunun Çuxuryurd kəndinə aparılıb orada boğularaq qətlə yetirilməsi, meyitinin isə meşə zolağında basdırılması müəyyən edilib.

TƏQSİRLƏNDİRİLƏNLƏR CƏZALANDIRILSA DA...

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb və təqsirləndirilən şəxslər barəsində hökm çıxarılıb. Hər iki şəxs cəzalarının ilk 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cinayət işi üzrə günahkar olmadıqlarını və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Mərhumun oğlu Ayxan Məmmədovun sözlərinə görə, atasını qətlə yetirən şxəslər barədə çıxarılan hökm onları qane etsə də, təqsirləndirilən şəxslər hökmlə razılaşmayıblar:

“Oqtay tutulan zaman özü etiraf etdi ki, atamı onlar öldürüblər. Hətta meyiti basdırdıqları yeri də hüquq-mühafizə orqanlarının əməkdaşlarına özü göstərdi. İndi isə günahsız olduğunu deyir. Guya istintaq zamanı onlara polis əməkdaşları tərəfindən təzyiq olunub, döyülüblər”.
Şikayətçinin dediklərinə görə, bu iş üzrə artıq iki ilə yaxındır ki, Sumqayıt şəhər Məhkəməsində apelyasiya şikayətinə baxılır. Məhkəməyə sədrlik edən hakim Hüseyn Nəbiyev isə bilərəkdən prosesi uzadır: “Hər dəfə bir bəhanə gətirirlər. Gah təqsirləndirilən şəxslərin müdafiəçiləri gəlmir, gah özləri işi yubadırlar. Yollarda qalmışıq. Ağdaşdan Sumqayıta gəlmək asan deyil, çətinlik çəkirik. Dünən yenə məhkəmə olmalı idi. Məhkəmənin təxirə salınmasını anama şəhərə çatanda xəbər veriblər”.

NÖVBƏTİ MƏHKƏMƏYƏ AZ QALIB

Sumqayıt Apelyasiya Məhkəməsindən "Qaynar xətt"ə bildiriblər ki, təqsirləndirilən şəxslər barəsində ekspertiza təyin olunduğuna görə məhkəmə prosesi müəyyən müddətə qədər təxirə salınıb. Belə ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı fiziki işgəncəyə məruz qaldıqlarını, polis əməkdaşları tərəfindən döyüldüklərini deyiblər. Artıq ekspertizanın rəyi məhkəməyə göndərilib. Növbəti məhkəmə prosesi aprelin 3-də baş tutacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG