Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:14

Gürcüstan Bakıya «xəyanət edir»?


Rusiya qoşunları Gürcüstanda - 2008
Rusiya qoşunları Gürcüstanda - 2008

-

«Rusiya hərbi texnikasının Gürcüstanda görünməsi barədə məlumatlar Azərbaycanda narahatlıq yaradıb. Yəni Tbilisi Rusiyadan Ermənistana hərbi texnika tranzitinə icazə verməklə Bakıya «xəyanət» edirmiş kimi görünüb».

Joshua Kucera eurasianet.org-da yazır ki, Gürcüstan küçələrində Rusiya istehsalı olan «ZIL 131» hərbi yük maşınlarının görünməsi müxtəlif fərziyyələrə yol açıb.

Müxalifət iddia edib ki, hökumət Moskva ilə işbirliyinə gedir, digərləri texnikanın Ermənistana göndərilməsi ehtimalını irəli sürüb: «Rusiya maşınlarının Ermənistana getməsinə elə bir sübut yoxdur, ancaq eyni zamanda Rusiyanın Ermənistandakı bazanı necə təchiz etməsi sualı da açıq qalır. Gürcüstan 2011-ci ilədək Rusiyanın Ermənistana hərbi uçuşlarına icazə verib. Sonra isə bu müqaviləni dondurub. Bu tranzitin indiki statusu isə aydın deyil, ancaq təsdiqlənməmiş məlumatlara görə, tranzit hətta keçmiş prezident Mikheil Saakashvili-nin dövründə bərpa olunub».

Müəllif daha sonra azərbaycanlı politoloq Mübariz Əhmədoğlunun martın 5-də Bakıda keçirdiyi mətbuat konfransında Gürcüstanı Azərbaycana xəyanət etməkdə günahlandırmasını yada salır. «Gürcüstan rəsmiləri iddia edə bilər ki, Ermənistana hərbi texnikanın daşınması Azərbaycana və Gürcüstana təhlükə deyil. Ancaq bununla Gürcüstanın indiki rəhbərliyi özünə hərbi və geosiyasi təhlükə yaradıb», - Əhmədoğlu deyib.

«Əhmədoğlunun fikirlərinin hökumətin mövqeyini əks etdirdiyi bəlli deyil. Ancaq Azərbaycanın getdikcə güclənən repressiv mühitində onun keçirdiyi mətbuat konfransının hökumətyönlü mediada işıqlandırılması rəsmi icazənin göstəricisi də sayıla bilər», - Joshua Kucera yazır.

ERDOĞAN-IN «YENİ TÜRKİYƏ»SİNDƏ PROTEKSİONİZM 2.0 VS. DEMOKRATİYA

Türkiyənin içindəki və xaricdəki müşahidəçilər prezident Recep Tayyip Erdoğan-ın «Yeni Türkiyə»sində avtoritar idarəçiliyin güclənməsindən getdikcə daha çox narahat olmağa başlayırlar.

Recep Tayyip Erdoğan AKP-nin qurultayında - 2014
Recep Tayyip Erdoğan AKP-nin qurultayında - 2014

«The Washington Post»da Kadir Yıldırım yazır ki, bu dəyişikliyin iqtisadi əsasları dərindən təhlil olunmayıb, ancaq çox vacibdir. Çünki Erdoğan-ın hakimiyyəti, regiondakı digər diktaturalar kimi, təkcə hərbi gücə söykənmir. Əvəzində, Erdoğan-ın gücü himayədarlığın yeni versiyasına əsaslanır – proteksionizm 2.0 versiyasına.

Proteksionizm 2.0 versiyasının iki xüsusiyyəti onu şəxsi qohumbazlıq və yaxud, sadəcə, hakimiyyətdən istifadədən fərqləndirir - Korrupsiyanın dərəcəsi və Erdoğan-ın və onun Ədalət və İnkişaf Partiyasının (AKP) bunu bir elmə çevirməsi. Dövlət ehtiyacları üçün bir sıra sifarişlər, torpaqların alınması, irihəcmli özəlləşdirmə məhz hökumət liderlərinin xeyir-duası ilə həyata keçirilir.

Məsələn, keçmiş nazir Erdoğan Bayraktar 2013-cü ilin dekabrında korrupsiya iddiası üzrə məhkəmədə deyirdi ki, «...İstanbulun yenidən zonalara bölünməsi planları birbaşa baş nazir Erdoğan-ın göstərişi ilə həyata keçirilib». Beləliklə də, bu, yenilənmiş himayədarlıq partiya rəsmilərinin şəxsi ehtiyaclarını deyil, partiyanın daha çox hakimiyyət ələ keçirməsini, siyasi məqsədlərini irəli aparmasını hədəfləyir.

Erdoğan-ın yenilənmiş himayəçiliyi kompleks mexanizmlə işləyir və hökumət büdcəsindən savayı iki əsas gəlir mənbəyinə söykənir. Bir tərəfdən, baş nazir «Örtülü Ödenek» adlı xüsusi fonddan yararlanır. Bu fondakı pulu istədiyi kimi, heç bir nəzarət və hesabatlılıq olmadan ayırır və pulun hara xərcləndiyini açıqlamağa borclu da deyil. Məsələn, 2013-cü ildə 700 milyon dollar bu məqsədlə xərclənib. 2003-cü ildə Erdoğan baş nazir kimi fəaliyyətə başlayanda, məbləğ 70 milyon dollar idi. Digər tərəfdən, yerli və mərkəzi hökumət səviyyəsində dövlət sifarişləri nəzarətdə saxlanır. Yerli AKP rəsmilərinin Erdoğan-ın oğlu Bilal-ın rəhbərlik etdiyi TURGEV kimi QHT-lərə vəsait ayrılmasını dəstəkləyir. Ayrılan məbləğ də açıqlanmır. Maraqlıdır ki, bəzi dindarlar belə ayırmalara haqq qazandıran fətvalar veriblər.

Vladimir Putin
Vladimir Putin

PUTIN VƏ «MARİUPOL SINAĞI»

«Qərb Ukraynaya özünümüdafiə üçün döyüş silahları vermək məsələsini götür-qoy etdiyi bir vaxtda, prezident Vladimir Putin Ukraynanın strateji Mariupol şəhərinə hücumu çək-çevir edir. Qərb birləşməli və onun qarşısını almalıdır».

Bunu «The New York Times» qəzetində oxuyuruq:

«Prezident Obama Ukraynaya 75 milyon dollarlıq qeyri-döyüş yardımı göstərməyə razılaşıb. Ancaq Vaşinqton və Kiyevdə bəzilərini bu qərar qane etmir. Onlar ABŞ-ın tank əleyhinə silahlar göndərməsini istəyirlər. Yeni yanaşma gərəkdir».

«Koordinasiya olunmuş trans-Atlantik təşəbbüs Qərbi birləşdirə və Putin-in əsas məqsədlərindən birini həyata keçirməsini əngəlləyə bilər – Rusiya ilə Krım arasında torpaq körpünün yaradılmasını ideyasını. «Mariupol sınağı» adlana biləcək Qərb təşəbbüsü tələb edir ki, Birləşmiş Ştatlar Almaniya və Avropanın qalan hissəsi ilə razılığa gəlsin və Putin-in bu şəhər üzərinə hərəkətinə reaksiyanı müəyyənləşdirsin».

«Vaşinqtonda bir sıra siyasətçilər və təhlilçilər kimi inanırıq ki, Kiyevə döyüş silahlarının verilməsi Ukrayna ilə həmrəylik nümayişi olar və Putin-i aqressiv hərəkətdən çəkindirər», - müəlliflər Hans BinnendijkJohn Herbst yazır.

«Cənab Putin deyib ki, atəşkəsin saxlanmasını istəyir. Qərb birləşməli və onu sözünü yerinə yetirməyə məcbur etməlidir... Kiyevə döyüş silahları verilməli və təlim keçilməlidir, təkcə Birləşmiş Ştatlar tərəfindən deyil, avropalılar tərəfindən də. Daha sərt iqtisadi sanksiyalar qoyulmalıdır. Qərb açıq şəkildə Rusiyanı SWIFT maliyyə sistemindən çıxarmaq məsələsini müzakirə etməlidir. Bu addım onsuz da təntiyən Rusiya iqtisadiyyatını daha da çökdürər. Qərbə səyahət edən rusiyalılar üçün viza limitləri qoyulmalıdır. Bu addımlar, Avropaya təbii qaz verilişinin kəsilməsinin yaratdığı kimi, Rusiyanın dramatik reaksiyasını doğurar».

XS
SM
MD
LG