Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:37

Avstriyalı vəkillər Qazaxıstan prezidenti Nazarbayevin keçmiş kürəkəninin Vyana həbsxanasında intihar etdiyini şübhə altına alıblar.

Avstriya hüquq-mühafizə orqanları Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, milyonçu Rakhat Aliyev-in intihar etmədiyinə, əslində siyasi qətlin qurbanı olduğuna dair şübhələrin araşdırlmasına başlayıb.

Həbsxana rəsmiləri ötən çərşənbə axşamı saat 7.20-də Rakhat Aliyev-in meyitinin tənziflərdən düzəldilmiş kəndirdən asılı vəziyyətdə aşkar etdiklərini bildirmişdilər.

Casus romanı kimi

“The İndependent” qəzeti “Qazaxıstanın avtokratik lideri Nazarbayevin siyasi rəqibinin Aliyev-in Vyanadakı Cozefstad həbsxanasının xəstəxana bölümündə intihar etməsini John Le Carré-ın casus romanlarından götürülmüş süjet”ə bənzədib.

Qəzet yazır ki, vaxtilə Qazaxıstanın Vyanadakı səfiri və bundan əvvəl ölkəsinin təhlükəszilik xidmətlərinin rəhbəri işləmiş Aliyev iki qazax bankirinin qətlində əli olması iddiası ilə məhkəmə dinləməsini gözləyirdi. O ötən iyunda Avstryia hakimiyyət orqanlarına özü təslim olmuşdu.

Avstriya Qazaxıstanda insan haqlarının bərbad vəziyyətini əsas gətirərək onun ekstradisiyası ilə bağlı Astananın ricasını rədd etmişdi.

Həbsxana başçısı Peter Prechtl ilkin təhqiqatdan sonra Aliyev-in özünü asdığını bildirmişdi.

Kameraların kameraları

Mətbuat yazır ki, xəstəxana rəhbərliyi öz qərarını bütün kameralarda yerləşdirilmiş video kameralardan alınan videoyazılar əsasında çıxardığını iddia edir.

Bu kameralar həbsxanaya gəlib-gedənlərin hamısını qeydə alır.

Həbsxana rəhbərliyi bildirib ki, Aliyev son dəfə sağ olaraq axşam saat 10-da kameralara dərmanlar paylanarkən görünüb.

Cənab Prechtl iddia edir ki, sonrakı 9 saat ərzində Rakhat Aliyev-in kamerasına kiminsə daxil olduğunu və ya kameraların işinə müdaxilə edildiyini göstərən əlamətlər yoxdur.

Bununla belə Aliyev-in vəkilləri iddia edirlər ki, həbsxananın verdiyi məlumatların doğru olmadığını nümayiş etdirən çoxsaylı dəlillər mövcuddur.

“Biz əminik ki, onun ölümü könüllü şəkildə icra edilmiş intihar olmayıb” – deyib vəkil Klaus Ainedter.

Onu həbsxanada hədələyiblər

Cənab Ainedter bildirib ki, ölümündən cəmi bir neçə saat əvvəl Aliyev başqa bir iş üzrə məhkəməyə ifadə verməyə hazırlaşırmış.

O həbxanada saxlanan məhbuslardan birinə qarşı ifadə verəcəkmiş. Həmin məhbusun Aliyev-ə onu öldürəcəyini və bunu intihar kimi quracağını söylədiyi iddia olunurdu.

Vəkilin dediyinə görə, sözü gedən məhbus Aliyev-dən pul qoparmaq istəyirmiş.

Həbsxana rəhbərliyi Rakhat Aliyev-i təhdidlərdən qorumaq üçün onu xəstəxana bölümünə keçirtmişdi.

Vəkillərin sözlərinə görə bundan başqa Aliyev həmçinin çərşənbə günü səhər üçün bərbər çağırtdırmışdı və ailəsi ilə görüşə hazırlaşırdı.

Onun dul xanımı Elnara Aliyev-lərin Maltadakı evindən danışaraq bildirib ki, ərinin intihar etməsini tamamilə qeyri-mümkün sayır.

Qadının sözlərinə görə, Rakhat Aliyev son dərəcə sevdiyi ailəsini bu şəkildə qoyub gedə bilməzdi.

İkinci autopsiya

Aliyev-in vəkilləri bildiriblər ki, o yaxşı yata bilmək üçün yuxu dərmanı qəbul edirmiş, lakin autopsiya onun orqanizmində yüksək dozada qəbul edilərsə, ölümcül ola biləcək güclü yuxu preparatının izlərini göstərib.

Vəkillər dozanın müəyyənləşdirilməsi üçün ikinci autopsiyanın keçirilməsini tələb ediblər.

Onlar həmçinin diqqəti belə bir məqama çəkiblər ki, birinci autopsiyanı icra etmiş həkim, Aliyev-ə qarşı ittihama əsasən keçiriləcək dinləmədə prokurorluğun şahidi olmalıymış.

Avstriyanın ədliyyə naziri Wolfgang Brandstetter, Rakhat Aliyev-in ölüm səbəbinin araşdırılması məqsədilə müstəqil komissiya yaradılmasına sərəncam verib.

Qəzet yazır ki, prezidentin qızı Dariga Nazarbayeva ilə evli olması Aliyev-ə xarici işlər nazirinin müavini və vergilər naziri kimi postları tutmasına kömək etmişdi və müəyyən bir məqamda ona qaynatasının varisi kimi baxılırdı.

Kürəkənin süqutu

Lakin o, 2007-ci ildə Qazaxıstandakı Nurbankın direktoru olduqdan sonra bankın prezidenti və sədri yoxa çıxmışdılar. Elə həmin il Rakhat Aliyevə qarşı adam oğurluğu ilə bağlı cinayət işi açılarkən, o, artıq Avstriyada öz ölkəsinin səfiri kimi xidmət edirdi.

2008-ci ildə Qazaxıstan məhkəməsi Aliyev-i adam oğurluğunda, dövlət xəyanətində və prezidentə qarşı çevriliş cəhdində təqsirli bilmişdi. 2011-ci ildə bankirlərin meyitlərinin tapılmasının ardınca Qazaxıstan rəhbərliyi Avstriyadan Aliyev-in təslim edilməsini rica etmişdi. Lakin Avstriya Qazaxıstanda insan haqlarının vəziyyəti ilə bağlı ekstradisiyadan imtina etmiş, amma Aliyev-i mühakimə edəcəyini bildirmişdi.

Avstriya hakimiyyət orqanları öldürülmüş bankirlərin qohumlarınıtəmsil edən “Təqdir” adlı təşkilatın birbaşa prezident Nazarbayevə tabe xüsusi xidmətlərin qurama təşkilatı olduğundan şübhələnirlər. “Təqdir” qrupunun avstriyalı vəkili bu iddiaları rədd edir.

Ölümündən əvvəl Rakhat Aliyev iki bankirin oğurlanmasında və qətlində heç bir iştirakının olmadığını iddia edir və bildirirdi ki, prezident tərəfindən qurulmuş siyasi qəsdin qurbanı olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG