Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:53

«Salamatdırsa, niyə üzə çıxarmırlar?»


Foto: Arxiv
Foto: Arxiv

-

Azərbaycan vətəndaşlarını Suriyada döyüşməyə göndərməkdə ittiham olunan qrup üzvlərindən Zülfüqar İbrahimovun və Vüqar Əliyevin yaxınları narahatdırlar.

Onlar martın 11-də həbs edilərək Tərtərdən Bakıya gətirilən həmin şəxslərlə bu günədək vəkillərinin görüşə bilmədiklərini söyləyiblər.

Zülfüqar İbrahimovun bacısı Yeganə İbrahimova AzadlıqRadiosuna deyib ki, qardaşına işgəncə verilməsindən qorxurlar: «O, salamatdırsa, niyə üzə çıxarmırlar? Biz çox qorxuruq. Bu neçə gündə boğazımızdan bir tikə çörək keçməyib. Üstəlik, qardaşımın anadan əlil doğulan övladı var, o da baş verənlərə görə narahatdır və halı çox pisdir».

Vüqar Əliyevin vəkili Cavad Cavadov adıçəkilən şəxslərin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti təcridxanasında saxlandıqlarını bildirir: «Qanunla bu şəxsləri 24 saatdan artıq müvəqqəti saxlama təcridxanasında tuta bilməzlər. Onlar həmin müddətdən sonra istintaq təcridxanasına köçürülməliydilər».

Vəkil deyir ki, müstəntiq onunla bu haqda bir dəfə söhbət edib, daha sonra görüşlərdən yayınıb.

Cavad Cavadov baş verənlərlə bağlı məhkəməyə də müraciət etdiyini söyləyir. Martın 19-da məhkəmə baxışı olmalıdır: «Ümid edirik ki, sağdırsa məhkəməyə gətirəcəklər».

ELÇİN BEHBUDOV SAXLANANLARA BAŞ ÇƏKƏCƏK

Vüqar Əliyev Böyük Quruluş Partiyasının üzvüdür, Zülfüqar İbrahimov isə Ümid Partiyasının sabiq sədr müavinidir. Onlar hazırda Qarabağ Azadlıq Təşkilatında təmsil olunublar. Təşkilat onların cinayət törətməsinə inanmır. QAT sədri Akif Nağı İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovdan təqsirləndirilənlərin səhhəti ilə maraqlanmasını xahiş edib.

Elçin Behbudov AzadlıqRadiosuna deyib ki, şəhərdən uzaqda olduğu üçün təcridxanaya gedə bilməyib, bu işlə gələn həftə maraqlanacaq.

Hüquq-mühafizə orqanlarının məlumatında deyilir ki, Tərtərdə ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Dəstənin 4 üzvü Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.

Rəsmi məlumata əsasən, onların yaşadıqları evdən 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG