Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:48

Prezidentin körpü tikintisinə ayırdığı 1 milyon manatı kim mənimsəyib?


Körpünün tikintisi dayandırılıb

Körpünün tikintisi dayandırılıb

-

«Yeni Müsavat» qəzeti yazır ki, 2013-cü il sentyabrın 6-da Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə Salyanda körpü tikintisi üçün 1 milyon manat ayrılıb. Körpü Salyanın Babazənan qəsəbəsindən rayon mərkəzinə qədər məsafəni qısaltmaq məqsədilə Kür çayı üzərində tikilməliymiş:

«Amma nədənsə ötən ilin iyunundan körpünün tikintisi dayandırılıb. Bu da Babazənan qəsəbəsinin 6 min nəfərdən çox əhalisinin narazılığına səbəb olub.

Uzun illərdir ki, körpü olmadığından sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaq üçün yalnız qayıqlardan istifadə edirlər. İkinci alternativ yolla isə ancaq avtomobil vasitəsilə getmək olar.

Rayon mərkəzindəki bazara getmək üçün qayıqlardan istifadə edən qəsəbə sakinləri hər gün öz həyatlarını təhlükə altında qoyurlar. Dəfələrlə qayıqlardan çaya düşən insanlar olub. Onların əksəriyyəti xilas edilsələr də, aralarında həyatlarını Kürdə boğularaq itirənlər də olub».

Qəzet yazır ki, Salyan rayon İcra Hakimiyyəti işlərin yarımçıq qalmasını maliyyə çatışmazlığı ilə bağlayıb:

«...maliyyə çatışmazlığını bəhanə gətirən İcra Hakimiyyəti görəsən, bir milyon manatı hara xərcləyib? Bəlkə də 1 milyon manat pulun sadə bir körpünün tikilməsinə bəs etməməsi Nəqliyyat Nazirliyinə görədir? Axı, həmin pullar Nəqliyyat Nazirliyinə verilib. Altı min sakinin istifadə edə biləcəyi körpünün puluna kim göz dikib?».

«AVROPA STANDARTLARININ NƏ OLDUĞUNU AXIRADƏK IZAH EDƏN YOXDUR»

«Dünyanın ən böyük problemi düz sözü deyə bilməməkdir».

«Xalq» qəzeti» yazır ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Walter ilə görüşündə belə deyib. Onun qənaətincə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir.

Əli Həsənov

Əli Həsənov

Baş nazirin müavini bildirib ki, məruzəçinin Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə gərginliyin artması ilə bağlı hazırlayacağı məruzənin obyektiv olacağına əmindir.

Baş nazirin müavini insan haqları sahəsində «Avropa standartları»ndan da bəhs edib: «Ancaq onun nə olduğunu axıradək izah edən yoxdur… Hər ölkəyə ayrılıqda, onun inkişaf yolunu nəzərə almaqla yanaşmaq lazımdır. Baxmaq lazımdır ki, bizdə - Azərbaycanda 10 il əvvəl vəziyyət necə idi, indi necədir?».

Qəzet yazır ki, Robert Walter işğal altındakı torpaqların azad ediləndən sonra dağıdılmış infrastrukturun bərpası ilə bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş düşəcəyini söyləyib.

«SANKSİYALAR AZƏRBAYCAN XALQINA YOX, OĞRU HAKİMİYYƏTƏ TƏTBİQ EDİLMƏLİDİR»

«Azadlıq» qəzeti Amerika Azərbaycanlıları Demokratiya Uğrunda - AZAD təşkilatının rəhbəri Elmar Şahtaxtinski ilə müsahibəni yayıb. Azərbaycan-ABŞ münasibətlərindən danışan Şahtaxtinski bu münasibətlərin miflər üzərində qurulduğunu söyləyib: «Bu, həm Bakının, həm də Vaşinqtonda Azərbaycanla bağlı dairələrin özlərinin yaratdığı miflərdir. Bu mif iki mənfi nəticəyə gətirib: Əvvəla, ABŞ-da müəyyən dairələr, eləcə də lobbi qrupları Azərbaycanda baş verənlərə, xüsusilə də insan haqları pozuntularına göz yumublar. Ikincisi, bu, Bakıdakı rejimdə özünəarxayınlıq yaradıb, belə ki, hakimiyyət öz əhəmiyyətini əsas gətirərək, ABŞ-ın hər zaman onun yanında olacağını, pozuntulara göz yumacağını güman edirdi.

Elmar Şahtaxtinski

Elmar Şahtaxtinski

Problem ondadır ki, əgər bir gün Azərbaycan həqiqətən də çətin vəziyyətə düşərsə, o zaman ölkənin ABŞ-da əhəmiyyətini şişirdən bir neçə lobbi qrupu və yaxud Vaşinqtonun hökumət dairələrində müəyyən səbəblərdən bu mifə qulluq edən insanlar deyil, daha ciddi dairələr vəziyyətə qiymət verəcəklər və reallığı əsas tutacaqlar. Bu isə o deməkdir ki, o zaman Azərbaycana ABŞ-dan gözlədiyi kömək gəlməyəcək...».

Elmar Şahtaxtinski Azərbaycana sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlara da toxunub: «ABŞ 1992-ci ildən bəri Azərbaycana qarşı müəyyən haqsız sanksiyalar tətbiq edib: Məsələn, Qarabağla bağlı 907-ci düzəliş: Azərbaycan faktiki olaraq öz torpağını qoruduğuna görə cəzalandırılıb. Bu sanksiyalar 20 ildir ortadadır və Bakıda hakimiyyət bunun qarşısını almaq üçün sözdən kənar heç bir addım atmayıb.

Bizim Vaşinqtonda dediyimiz odur ki, Azərbaycan xalqına öz torpağını qoruduğuna görə sanksiyalar etməkdənsə, Amerika hökuməti bu xalqın haqlarını tapdalayan, varını talan edən oğru hakimiyyəti sanksiyaya salsın! Əks halda, Azərbaycan xalqına göndərilən mesaj səhvdir: Yəni, biz sizi öz torpağınızı qoruduğunuza görə cəzalandırırıq və sizin haqlarınızı pozan, sərvətinizi talan edən rejimlə də dostluq edirik».

NOVRUZDA QATARLARIN SAYI ARTIRILACAQ, SU, QAZ, İŞIQ KƏSİLMƏYƏCƏK

«Bizim yol» Novruzda kommunal qurumların əhaliyə fasiləsiz xidmət vəd etdiklərini bildirir.

Bakı Dəmiryol Vağzalı

Bakı Dəmiryol Vağzalı

«Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qəzetə deyib ki, qurum bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq: «Ölkə boyu hər bir abonentin bayram günlərində süfrələrinin işıqlı olması üçün qurum əlindən gələni edir. Hal-hazırda təhvil-təslim işləri gedir. Xüsusi ilə rayonlarda, kəndlərdə çalışırıq ki, heç bir problem olmasın».

«Azəriqaz» İstehsalat Birliyi də Novruz bayramı ilə əlaqədar 2015-ci il martın 16-dan 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, bayram günlərində hər hansı qiymət dəyişikliyindən söz gedə bilməz. Çünki qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir: «Qiymətlər necə var, elə də qalır. Sərnişindaşınma departamentində ən çox sıxlıq 19-20 mart tarixlərində gözlənilir. Bununla əlaqədar vaqonlar texniki baxışdan keçirilib. Həmin günlərdə əlavə vaqonlar qoşulur. Vaqonlar hazırdır. Sıxlıq olacaqsa, həmin istiqamətlərdə daha çox vaqonlar yola salınacaq».

«Bütün bayramlarda olduğu kimi, bu Novruzda da «Azərsu» ASC-nin rəhbər işçilərindən ibarət növbətçilik cədvəli tərtib olunacaq». Bunu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib. O qeyd edib ki, həmin şəxslər bayram günlərində 24 ərzində qərargahda çalışacaqlar. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG