Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

.

ARTAN XƏRÇƏNG XƏSTƏLƏRİ - SƏBƏBLƏR

- Atam öskürürdü. Onu il yarım vərəm dispanserində müalicə etdilər. Bir il yarımdan sonra bildik ki, atam vərəm yox, ağciyər xərçənginə tutulubmuş. Bu da bizim xərçənglə mübarizəmizi gecikdirdi, xəstəlik artıq ikinci mərhələyə adlamışdı.

Bunları danışan Bakı sakini Sevinc Qocayevadır. O danışır ki, atası 3 ildir ağciyər xərçəngindən əziyyət çəkir. Deyir ki, düzgün qoyulmayan diqanoz vəziyyəti daha da pisləşdirib. Atası vərəm müalicələrindən sonra xərcəngə qarşı əməliyyat olunub. Lakin xəstəlik sakitləşməyib, bir müddət sonra yenidən baş qaldırıb.

İndi vəziyyətdən iki çıxış yolu var: ya kimyəvi müalicə almaq, ya da hər şeyi taleyin hökmünə buraxıb, xəstəlik imkan verdiyi qədər yaşamaq.

Sevinc Qocayeva kimyəvi terapiyanın qiymtətindən danışır, deyir hər seansı 250 manat olan bu müalicə az gəlirli ailənin imkanlarından kənardır:

“Atam imtina etdi bu müalicədən. Həkim dedi ki, ən yaxşı halda 1 il yaşaya bilər”.

5 İLƏ 35 FAİZ ARTIM

Azərbaycan Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimlinin sözlərinə görə Azərbaycanda onkoloji xəstələrin sayı ildən-ilə artır. Onun Trend informasiya agentliyinə verdiyi açıqlamasına əsasən onkoloji xəstələrin sayı 2010-cu ildə 28 min nəfər idisə, 2014-cü ilin sonunda artaraq 40 min nəfərə yaxınlaşıb.

Statistikya görə, Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik ağ çiyər və nəfəs yolları xərçəngidir. Bunlar da ən çox kişilərdə rast gəlinir.

Hazırda ölkədəki onkoloji xəstələrin 3-də 1-i isə 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.

Xərçəng xəbəri ilk dəfə Sevinc Qocayevanın ailəsini hələ 4 il əvvəl sarsıdıb. O zaman anasının süd vəzi xərçənginə tutulduğu məlum olub. Deyir ki, təsəllini onda tapırlar ki, xəstəlik ilkin mərhələdə aşkarlanıb. Ancaq anasının da sağalması onlara ucuz başa gəlməyib. Deyir ki, hər analizin, həkimin öz qiyməti var:

“Onkologiya mərkəzində bizdən 3 min manata yaxın pul istədilər. Biz başqa yerdə əməliyyat etdirdik. Qohum əqraba olmasa insan batar. Yaxın qohumlarımız yığışdı, kimi 200 mant, kimi 300 manat… 1400 manatı toplayıb əməliyyat etdirdik. Ancaq atamda lazım olan pulu toplaya bilmədik”.

XEYİRXAH QOHUMLAR

Amma az sonra Qocayavler ailəsi Rusiyada yaşayan xeyirxah tanışlarının yardımı ilə ailə başçısını əməliyyat etdirə biliblər.

Xərçəng bəlası ilə üzləşən yüzlərlə ailənin belə imkanlı dost-tanışı varmı?

Bəziləri ümudsiz qalanda kömək dalınca sadəcə olaraq ictimaiyyətə üz tutur. Ötən bir neçə il ərzində Azərbaycanda onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün müxtəlif kampaniyalar keçirlib, onların müalicəsi üçün vəsait toplanıb. Bununla sağlığına qovuşanlar da olub, müalicəsi gecikdiyindən həyatdan köçənlər də.

Kişilər arasında ağ ciyər xərçəngininin birinciliyini artıq qeyd etdik. Bəs, qadınlar arasında vəziyyət necədir?

Baş onkoloq Azad Kərimlinin sözlərinə görə, qadınlarda daha çox süd vəzi xərcəginə təsadüf olunur. Ümumilikdə hazırda Azərbaycanda 9 712 nəfərdə süd vəzisi xərcəngi var. Onlardan 4 304 nəfəri 5 və daha çox müddətdə bu diaqnozla yaşayanlardır.

GƏRƏKSİZ ƏMƏLİYYATLAR

Hamdi Koçer

Hamdi Koçer

Bir müddət Azərbaycanda müxtəlif klinikalarda çalışmış türkiyəli həkim, mamoloq Hamdi Koçer bildirir ki, Azərbaycanda ən çox yayılan əlamətlər mastopatiyadır – süd vəzində şiş. O deyir ki, Azərbaycanda bu xəstəlikdən qurtulmağın yolunu daha çox cərrahiyyə əməliyyatında görürlər, halbuki buna həmişə ehtiyac olmur:

“Mastopatiya Azərbaycanın milli xəstəliyidir. Bu xəstəlik üçün əməliyyata ehtiyac yoxdur deyirdim. Ona görə məni orda işləməyimə əngəl törətdilər”.

Son 5 ildə Azərbaycanda onkoloji xəstələrin sayı 35% artıb. Bu qədər artıma səbəb nədir?

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, ümumilikdə dünyada da onkoloji xəstələrin sayı artır. Buna əsas səbəb, qidalanma, ekoloji amillər və hərəktsizlikdir. Ekspert bildirir ki, xaricdən gətirilən qidalarla bağlı müayinələr aparılmalıdır. Bunun üçünsə ərzaq təhlükəsizliyi konsepsiyası olmalıdır.

Adil Qeybulla başqa bir məsləyə diqqət çəkir. Onun fikrincə, insanların vaxtaşırı müayinə edilmələri də xəstəliyin erkən aşkara çıxarılıb müalicəsini asanlaşdıra bilər:

“Xəstəliyin vaxtında aşkarlanması üçün insanların vaxtaşırı müayinə olunmalıdırlar. Tibbi sığorta haqqında qanun imzalansa da icra mexanizmləri yoxdur. İcbari tibb sığortası insanların sosial müdafiəsi üçün ciddi elementdir. İnsanların çoxu öz tibbi xidmət xərclərini qarşılaya bilmirlər. Tibbi sığorta olmayan yerdə səhiyyənin tam xalqın, vətəndaşın xeyrinə fəaliyyət göstərməsindən danışmaq olmaz”.

««RAK» MƏNİ PİVƏSİZ YEYİR...»

Şair Vaqif Səmədoğlunun dəfni

Şair Vaqif Səmədoğlunun dəfni

Şair Vaqif Səmədoğlu da xərçəngdən əziyyət çəkirdi. Bir neçə dəfə müalicə alsa da nəticəsi ürəkaçan olmadı. Bu ilin yanvarında xərçəng şairin həyatına son qoydu. Ölümündən sonra AzadlıqRadiosuna danışan xanımı şairin öz xəstəliyi haqda fikirlərini bölüşdü:

«Vaqif zarafatla deyirdi ki, əvvəllər mən «rak»la (xərçənglə) pivə içirdim. İndi «rak» məni pivəsiz yeyir... Zarafat axtarırdı, özünü daxilən ruhlandırırdı».

İCRASIZ PREZİDENT SƏRƏNCAMI

Tibbi sığortanın tətbiqini sürətləndirmək üçün prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması barədə 2013-cü ildə sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimlənməsini bu agentlik həyata keçirməli idi. Sərəncamda qeyd olunurdu ki, ilkin mərhələdə ixtisaslı tibbi sığorta mütəxəssislərin hazırlanması həyata keçirilməlidir.

Azərbaycanda tibbi sığortaya dövlət büdcəsindən hər il milyonlarla manat pul ayrılır. Məsələn, 2009-cu ildə 50 milyon, 2010 və 2011-ci illərdə 30 milyon manat ayrılıb. Lakin bu vəsait istifadə olunmadığından hər il yenidən büdcəyə qaytarılır. Başqa sözlə, tibbi sığorta sistemi işləmir. Bu, həm də o deməkdir ki, prezidentin Dövlət Tibbi Sığorta Agentliyinin yaranmasına dair 2008-ci ildə verdiyi sərəncam icra olunmur.

Bunun səbəbini də sonrakı reportajlarda ortaya çıxaracağıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG