Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

«Saytların dil mənzərəsi» necə göründü?


«Saytların dil mənzərəsi» mövzusunda mətbuat konfransı - 13 mart 2015

«Saytların dil mənzərəsi» mövzusunda mətbuat konfransı - 13 mart 2015

-

Martın 13-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə «Saytların dil mənzərəsi» mövzusunda mətbuat konfransı keçirilib.

AMEA-nın yaydığı xəbərə görə, tədbiri giriş sözü ilə akademik Tofiq Hacıyev açaraq «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Akademik Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək məqsədilə institut əməkdaşları tərəfindən ölkə saytlarında ədəbi dilin normalarının qorunması istiqamətində monitorinqlərin aparıldığını bildirib.

T.Hacıyev dil nöqsanlarının aradan qaldırılması işinə kömək edəcək «Qaynaq xətt»in işə salınacağı barədə də məlumat verib. Hazırda AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin xəttin işə salınmasına çalışır.

Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələr aparıldığını, 15-ə yaxın saytın dil monitorinqinin 4 ayadək çəkdiyini bildirib.

Q.Məhərrəmli Monitorinq şöbəsinin 1000-ə yaxın informasiyada 500 səhv müşahidə etdiyini açıqlayıb.

İnstitutun aparıcı işçisi Nəzakət Qaziyeva saytların dili üzərində aparılan monitorinqlərin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışıb. O, saytlarda fonetik normaların pozulmasına diqqət çəkib və əlavə edib ki, saytlarda leksik pozuntular (29 faiz) digər normaları üstələyir. Üslub səhvləri (28 faiz) leksik pozuntudan, qrammatik səhvlər (19 faiz) isə ən sonda gəlir.

Monitorinqlər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG