Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

-

«Bizim federasiyadakı idmançıların heç birinin Bakıya getmək arzusu yoxdur”.

Bunu Ermənistanın yunan-Roma güləşçisi, 2014-cü ilin dünya çempionu Arsen Julfalakian deyir.

Düzdür, Ermənistanın Milli Olimpiya Komitəsi Bakıda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunlarına qatılmaq qərarı verib.

Julfalakiansa deyir ki, yəqin ki Bakıda onların təhlükəsizliyi təmin ediləcək, amma bərabər şəraitin təmin olunacağına inanmır. Onun sözlərinə görə, 2007-ci ildə Bakıda gördükləri əsasında bunu deyir:

“Bərabər şərait haqda nə qədər danışılsa da, söz başqadır, gerçəklik başqa. 2007-ci ilin dünya çempionatında bizi Bakıda gizli qarşıladılar, avtobusumuzdan isə Türkiyə bayrağı asmışdılar. Bunu belə əsaslandırdılar ki, avtobusa hücum olmasını istəmirlər. Bizi apardıqları mehmanxana 2-3 kilometr radiusunda dövrəyə alınmışdı, otelə heç bir maşın yaxınlaşa bilmirdi. Hətta sahil tərəf də qapadılmışdı. Hər 15 metrdən bir silahlı əsgər dayanmışdı. Mən soruşanda ki, əsgər nəyə lazımdı, dedilər ki, dənizdən hücum olmamasından ötrü. Təsəvvür edirsiniz, bu o deməkdir ki, bizə təhlükə var. Belə şəraitdə yarışa hazırlaşmaq, qələbəyə köklənmək çətindir. Bütün bunların nə dərəcədə idmana aidiyyatı var, nə dərəcədə siyasətlə bağlı deyil?..”

Ermənistan Bakıdakı Olimpiya oyunlarında sambo, atıcılıq, cüdo, güləş, boks, taekvando kimi idman növlərində təmsil olunacaq.

Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Grachya Rostamyan deyib ki, onları ən çox Bakıda hakimlərin ədalətli olub-olmayacağı narahat edirdi.

Amma Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi səviyyəsində onlara obyektivliyin təmin olunacağı söz verilib:

“Bizim cəmiyyətdə belə bir yanlış təsəvvür var ki, olimpiya oyunları Bakıya məxsusdur. Olimpiada sadəcə Bakıda keçirilir. Əlbəttə, heç kəsə Bakıya getmək xoş deyil, amma idman nüfuzu və ölkənin nüfuzu bizim üçün vacibdir”.

Rostamyan deyir ki, bu dəfə onların hədəfi sadəcə olimpiadada iştirak deyil, məqsəd qələbə qazanıb Ermənistanın üçrəngli bayrağını Bakıda qaldırmaqdır.

Qeyd edək ki, sözügedən idman növlərində Azərbaycan idmançıları da çox güclüdürlər. Xüsusən bunu ötən ölimpiadada güləşçilər sübut ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG