Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

NZS sakinləri palçıqlı yollardan, çürümüş kanalizasiya xətlərindən şikayət edir


Arxiv fotosu
Arxiv fotosu

-

“Bu, bizim hər gün palçığa bulaşdığımız küçələrdir... Baxın, kanalizasiya xətləri normal işləmir deyə lyuklar dolub-daşır. Heyf, yağışlı havada gəlməmisiniz, qayıq lazımdır bura, qayıq...”

Səttar Gülbalayev 46 ildir ki, NZS qəsəbəsinin İlham Məmmədov küçəsində yaşayır. Bu küçə qəsəbənin əsas küçələrindən hesab olunur. Qarşısına müxbir çıxıb deyə 63 yaşlı Səttar kişinin necə deyərlər, “dərdi təzələnib”.

Səttar Gülbalayev virtualaz.org saytına açıqlamasında qəsəbənin problemlərini dilə gətirir. Deyir, Xətai Rayon İcra Hakimiyyətinə kanalizasiya xətlərinin köhnəlməsindən, yolların bərbadlığından dəfələrlə şikayət ediblər.

“Burada kanalizasiya quyuları tez-tez daşır. Uzun illərdir ki, bu küçənin sakinləri üfunətlə çarpışırlar. Nə qədər müraciət etsək də heç bir məmur şikayətimizə baxmır. Xətlər tutulub, təmizləmək lazımdır. Nə kanalizasiya idarəsində, nə də icra hakimiyyətində bir adam tapa bilmirik ki, dərdimizi deyək. İcra hakimiyyətinə nə qədər zəng edirik, dəstəyi qaldırıb deyirlər hamı iclasdadır” - Səttar Gülbalayev deyir.

ÇİRKAB SULAR HƏYƏTLƏRƏ DOLUR

Küçə sakinləri deyirlər ki, çirkab sular həyətlərə axır, bir müddət sonra öz-özünə çəkilib gedir. Üfunətini isə günlərlə ciyərlərinə çəkməli olurlar.

NZS qəsəbəsi Babək prospektinin qovşağında yerləşir. İndi bu prospektdə dəbdəbəli mebel mərkəzləri, avtoservis mərkəzləri, bahalı otellər, ticarət obyektləri yer tutur. Prospektdən qəsəbəyə burulanda isə sanki həyatın dibinə düşürsən.

Yolların bu vəziyyətdə olması qəsəbənin ortasında maşınların hərəkətini çətinləşdirir. Kanalizasiya sistemi normal işləmədiyindən hər yağış yağandan sonra kanalizasiya sularına qarışan yağış suları gölməçələrə çevrilir və günlərlə qurumur.

Sakinlərin dediklərindən: “Küçələrdə asfalt örtüyünün olduğu vaxtları unutmuşuq. Hər yer baxımsızlıqdan bu vəziyyətə düşüb. Yayda toz-torpaqdan, qışda zığ-palçıqdan küçəyə çıxmaq olmur. Əsas problemlərimizdən biri də zibilliklərdir. Qutuları gətirib qoyublar, ancaq vaxtlı-vaxtında gəlib boşaltmırlar. Qəsəbədə sakinlərin, evlərin sayı artıb. Bu isə o deməkdir ki, zibilimiz də artıb”.

"ÇAL-ÇAĞIRLI" YAVƏR SƏFƏROV KÜÇƏSİ...

Qəsəbənin Yavər Səfərov küçəsində yaşayan sakinlərin isə dərdi daha dözülməzdir. Deyirlər, bir az imkanı olanlar küçəboyu kiçik pivəxana və qəlyanaltıxanalar açıblar. Səhərə qədər çal-çağır, dava-dalaş səsindən rahatlıq yoxdur.

Qəsəbə sakinləri şikayətlənməkdə davam edirlər: “Pulu olan kənardan gəlir, bir də görürsən qısa vaxtda bir şadlıq evi, ya kafe, market tikdi. Xüsusilə də kiçik kafelərin əlindən səhərə qədər rahatlığımız yoxdur. İnsi-cinsi bilinməyən, əli mikrofon tutan küçə adamları yığılır, səhərə qədər çal-çağır, səs-küy... Bir sözlə, bu ərazidə nəzarətsizlikdir. Bizə insan kimi yaşamağa imkan vermirlər”.

Xətai Rayon İcra Hakimiyyətindən isə sakinlərin şikayətinə cavab olaraq bildirdiər ki, İlham Məmmədov küçəsindəki evlərin çoxu Neft Şirkətinin ərazisinə düşdüyündən həmin evlərin sökülməsi barədə məhkəmə qərarları var.

Digər küçələrdəki vəziyyətə gəlincə isə qurum hazırkı vəziyyəti ərazidə hər il fərdi yaşayış evilərinin, şadlıq evlərinin, ticarət obyektlərinin artması ilə əlaqələndirir. Xətlərdə tıxaclar yarananda ilkin tədbirlər görülsə də bu, problemin qarşısını almır. Yeni xətlərin çəkilməsinə ehtiyac var və yaxın vaxtlarda bu işlərə başlanılacaq.

XS
SM
MD
LG