Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

Oğluna kəsilmiş cəzaya etiraz edən ana məhkəmə binasında damarlarını kəsib


Arxiv fotosu

Arxiv fotosu

-

“Məhkəmələr oğlum Əlvan Abdullayevin üstünə bir ölüm işi yıxıblar. İki ildir ki, oğlum istintaq orqanlarında, məhkəmələrdə günahsız olduğunu deyir. Ancaq eşidən yoxdur. Oğluma 9 il 6 ay cəza kəsilib. Bu gün Ali Məhkəmə cəzanı qüvvədə saxladı. Həyat yoldaşım etiraz əlaməti olaraq damarlarını doğradı”.

Martın 12-də Ali Məhkəmənin binasında Şirvan şəhər sakini Elminaz Abdullayeva özünə qəsd edib. O, ülgüclə damarlarını kəsib. Məhkəmə işçiləri xanımı xəstəxanaya götürüblər. Onun həyat yoldaşı Eldar Abdullayev deyir ki, başlarına gələn hadisələrin səbəbkarları müstəntiqlər və hakimlərdir.

ÖLƏN KİM, ÖLDÜRƏN KİM?

Hələ bir neçə gün əvvəl Elminaz Abdullayeva “Qaynar xətt”imizə oğlunun günahsız olması barədə məktub və məhkəmə qərarlarını yollayıb. Həmin sənədlərdən biri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin oğlu barəsində çıxardığı hökmdür.

Əlvan Abdullayev Zaur Aşurovun qətlində özünü təqsirli bilməyib. Məhkəmə ifadəsində göstərib ki, onun Zaurun qardaşı Davud Aşurovla mübahisəsi düşüb. Davud Aşurov 18 mart 2013-cü il tarixdə beş nəfər yaxın qohumu ilə silahlı və içkili vəziyyətdə maşınının qarşısı kəsib:

“Əvvəl evimə gəlmişdilər. Dedilər, gedək söhbət edək. Qapıdan qovdum. Yarım saatdan sonra bazara gedəndə maşınımın qarşısını kəsdilər. Mən də qapıları içəridən bağladım. Bıçağın tiniylə maşınımın şüşələrini qırıb qapını açdılar. Məni düşürüb üstümə tökülüşüb döydülər. Əllərindən çıxıb qaçdım, qardaşım Rəşada zəng vurdum ki, məni döyüblər. Rəşad öz maşınıyla mənim dalımca gələrkən Davudgilin məhəlləsindən keçəndə l onun maşınına silahdan atəş açıblar. Rəşad maşını saxlayan kimi Davudla qardaşı Zaur ona çataraq yenə atəş açıblar. İlk atəş boşa çıxıb, Rəşad Zaurla əlbəyaxa olarkən Davud öz silahıyla Rəşada növbəti dəfə atəş açıb. Ancaq güllə Rəşada yox, öz qardaşı Zaura dəyib. Davudun açdığı ikinci atəş nəticəsində Rəşad başından yaralanıb. Mən qardaşımı qan içində görüb qorxdum”.

Əlvan Abdullayev məhkəmənin nəzərinə çatdırıb ki, atışma nəticəsində Zaur Aşurov dünyasını dəyişib, o, başından yaralanmış qardaşı Rəşad Abdullayevi xəstəxanaya götürüb və həyatı xilas edilib.

ABDULLAYEVLƏR MƏHKƏMƏ QƏRARLARI İLƏ RAZILAŞMIR

Beləliklə, Əlvan Abdullayev Zaur Aşurovun öz qardaşı Davud tərəfindən açılan güllə nəticəsində öldüyünü bildirib. Ancaq Davud Aşurov məhkəmə ifadəsində qardaşı Zaurun Əlvan tərəfindən odlu silahla qətlə yetirildiyini göstərib.Məhkəmə hökm çıxararkən Əlvan Abdullayevin yox, Davud Aşurovun ifadəsini əsas götürüb. Şahid qismində dindirilənlərsə əsasən Davud Aşurovun hadisələrdə iştirak etmiş yaxın qohumları olub.

Apellyasiya instansiyası Əlvan Abdullayev barəsində çıxarılmış hökmü qüvvəsində saxlayandan sonra məhkumun vəkili Ali Məhkəməyə üz tutub. Martın 12-də Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvəsində saxlayıb. Abdullayevlər ailəsi isə məhkəmələrin qərarları ilə razılaşmır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG