Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:57

Britaniya millət vəkilləri Rusiyanın Avropa Şurasında qalmasını niyə istəyirlər?


Bir qrup millət vəkili Rusiyanın Avropa Şurası üzvlüyündən çıxarılması təklifini müzakirə edib.

Çərşənbə günü Britaniya parlamentində Rusiyanın Avropa Şurasından çıxarılması təklifinə baxanxüsusi iclas keçirilib.

Doğrudur, iclas parlamentin əsas zalında – Nümayəndələr Palatasında deyil, Uestminister sarayının çoxsaylı məşvərət otaqlarından birində keçirilib və bu yığıncaqda sözü gedən məsələ ilə maraqlanan millət vəkilləri iştirak ediblər.

Lakin müzakirəyə toplaşanların beş-on nəfər olmasına baxmayaraq, müşahidəçilər debatların heç də az əhəmiyyətli olmadığını söyləyirdilər, çünki onların əsasında hasil olacaq ümumi rəy əsl parlament qanununun əsasına çevrilə bilərdi.

Təklif

İclası onun keçirilməsi üçün təşəbbüs qaldırmış mühafizəkar millət vəkili Christofer Chope açıb.

O Avropa Şurasının 1949-cu ildə qəbul olunmuş nizamnaməsinin 3 və 8-ci maddələrinə əsaslanaraq Britaniyanın Rusiyanın şuradan çıxarılmasına dair təklif verməsini istəyib.

Sözü gedən nizamnamə maddələrində qanunun alililiyini tanımayan və bu prinsipi kobud şəkildə pozan ölkənin Avropa Şurası üzvlüyündən xaric edilməsi məsələsinə baxılması nəzərədə tutulur.

Cənab Chope bildirib ki, Britaniyanın təklifi əsasında Avropa Şurasının Nazirlər Kabineti Rusiyanın xaric edilməsi məsələsinə baxa bilər.

Rusiya şurada qalsın

Christofer Chope başqa beynəlxalq təşkilatlarda üzvlüyü misal gətirib və deyib ki, məsələn, müxtəlif vaxtlarda qanun pozuntularına görə Nigeriya, Fici və Zimbabve Britaniya Birliyi üzvlüyündən xaric ediliblər.

Chope-un ardınca çıxış edən millət vəkillərinin hamısı Rusiyanın insan haqları sahəsindəki qanunları kobud şəkildə pozduğunu və bu məsələdə prezident Putinin neqativ rolunu təsdiqləyiblər, lakin onlardan heç biri Rusiyanın Avropa Şurasından çıxarılmasına dair təklifi qəbuil etməyib.

BBC-nin Rus xidməti yazır ki, bunda Christofer Chope-un özünün qatı anti-Avropaçı olması əsas rol oynayıb.

Putini sevindirməyək

İş burasındadır ki, Britaniyanın özünün Avropa İttifaqında qalıb-qalmaması məsələsi qarşıdan gələn 7 may parlament seçkilərində əsas mövzulardan biri olacaq.

Cənab Chope-un opponentləri bu qənaətdədirlər ki, onun Rusiya barədə təklifi, onsuz da ziddiyyətlər içərisində vurnuxan Avropa İttifaqını daha çox parçalaya bilər.

Mühafizəkar millət vəkillərindən Edward Lee deyib ki, bu gün Avropa İttifaqının parçalanmasından ən çox Vladimir Putinin özü qazanmış olardı.

“Təsadüfi deyildir ki, Britaniyanın Avropa İttifaqından çıxmasının ən qızğın tərəfdarı olan UKİP partiyasının lideri Nigel Farage Vladimir Putinin açıq dəstəkçilərindən biri sayılır” – deyib millət vəkili.

Yenə də Mike Hancock

Bir vaxtlar Rusiya xüsusi xidmətlərinin casusu olmaqda ittiham edilən Katya Zatuliveter-in müdiri olmuş qalmaqallı millət vəkili Mike Hancock isə Rusiyaya münasibətdə ikili standartları tənqid edib.

O deyib ki, on illərlə Şimali Kiprin Türkiyə tərəfindən işğalına göz yuman, Kosovonun Serbiyadan ayrılmasına biganə qalan Britaniya Rusiyaya qarşı qərəz nümayiş etdirir.

Debatlarda belə bir arqument də səslənib ki, Rusiyanın Avropa Şurasından xaric edilməsi bir çox Rusiya vətəndaşlarını Avropa İnsan Haqları Məhkəməsində ədalət axtarmaq imkanından məhrum edərdi.

Bunu Nemtsov da istəməzdi

Millət vəkillərindən biri bu yaxınlarda qətlə yetirilmiş Boris Nemtsov-un da Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinə olduğunu yada salıb.

Debatlarda Britaniya xarici işlər nazirinin müavini David Liddington da iştirak edib.

O deyib ki, Rusiyaya qarşı istər iqtisadi, istərsə də siyasi təzyiqləri sanksiyalar vasitəsilə həyata keçirmək zəruridir, lakin dialoqun saxlanması da həyati əhəmiyyət daşıyır.

Debatlardan sonra BBC Rus xidməti müxbirinin suallarına cavab verən Christofer Chope təklifi qəbul olunmasa da, müzakirədən razı qaldığını deyib.

O bildirib ki, müzakirələr zamanı heç bir millət vəkili Rusiyanın Ukraynaya münasibətdə yürütdüyü siyasətə haqq qazandırmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG