Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:04

AŞPA-nın həmməruzəçiləri Anar Məmmədli ilə görüşüblər


Anar Məmmədli

Anar Məmmədli

​Martın 11-də ailə üzvləri 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüblər.

Ailə üzvlərinin dediyinə görə, Anar Məmmədlinin əhvalı yaxşıdır, səhhətində ciddi problemlər olmasa da, üzündə yaranan allergiyaya görə müalicəsi hələ də davam edir.

Anar Məmmədli saxlanıldığı cəzaçəkmə müəssisəsində yerləşən başqa bir baraka köçürülüb, hazırda saxlandığı yerindən narazı deyil.

Anar Məmmədli qaldığı barakın yaxşı olmadığına görə yerinin dəyişdirilməsi üçün bir neçə gün öncə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etmişdi.

Anar Məmmədli ailə üzvlərinə bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Bakıda səfərdə olarkən, onunla görüşüblər. Anar Məmmədli ilə görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri də iştirak edib. Bundan əlavə Avropa Birliyinin insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis də Anar Məmmədli və Müsavat başqanının müavini Tofiq Yaqublu ilə görüşüb. Görüşdə Avropa Birliyinin Azərbaycandakı missiyasının rəhbəri, səfir Malena Mard da iştirak edib.

Görüşlərdə siyasi məhbuslardan, onların saxlanma şəraitindən, eləcə də ölkədəki vəziyyətdən və bu ilin payızında keçiriləcək parlament seçkilərindən danışılıb.

Anar Məmmədliyə və orada saxlanılan digər siyasi məhbuslara 3-4 gündən bir müstəqil qəzetlər verilsə də, onlarla bağlı olan yazılar kəsilərək götürülür.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 16 dekabr 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG