Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46

-

Gənc quldur bunu eşidəndə, əllərindəki mirvariləri və yaqutları yerə tullayıb, iti qılıncını qınından çıxartdı və Səhra Adamına dedi:

— Səndə olan Tanrı dərkini tez mənə ver, yoxsa səni öldürərəm...

Oscar Wilde

MÜDRİKLİK MÜƏLLİMİ

Hələ uşaqlıqdan o, Tanrını tam anlama qabiliyyətinə malik idi, yeniyetməlik çağına çatanda isə, doğulduğu azad şəhərdəki bir çox müqəddəslər və əməli-saleh qadınlar onun cavablarındakı inanılmaz müdriklikdən heyrətə gəlirdilər.

Valideynləri ona yetkinlik paltarı və üzüyü verəndə, ata-anasının üzündən öpüb, onları tərk etdi, Tanrıdan danışmaq üçün dünyanı gəzib-dolanmağa çıxdı.

Çünki o vaxtlar hələ çoxları ya Tanrını heç tanımır, ya da onun barəsində natamam bilgilərə sahib idilər. Yaxud da ki, meşələrdə yaşayıb, ibadət edənlərin qayğısına qalmayan yalançı Tanrılara sitayiş edirdilər.

O, üzünü günəşə tutub, yola çıxdı, ayaqları yalın idi, çünki müqəddəslərin belə yeridiyini görmüşdü. Onun belindən yol çantası və balaca, saxsı suqabı asılmışdı. Yolla yeridiyi vaxt o, Tanrını dərk etməkdən doğan sevinc hissilə dolu idi, yorulmadan Tanrını mədh edən mahnılar oxuyurdu.

Bir müddətdən sonra o, tanımadığı bir ölkəyə gəlib çıxdı, bu ölkənin çoxlu şəhərləri vardı. On bir şəhər gəzdi, bu şəhərlərdən bəziləri vadilərdə, bəziləri geniş çayların sahilində, bəziləri isə hündür təpələrdə yerləşirdi. O hər şəhərdə özünə onu sevən və ardınca gələn bir tələbə tapırdı. Həmçinin, o şəhərlərdəki bir çox adamlar da onun ardınca gəlirdilər. Tanrı dərki bütün ölkəyə yayılmışdı, bir çox şəhərlərin valiləri onun dinini qəbul eləmişdi, bütlərin durduğu məbədlərin kahinləri görürdülər ki, gəlir yarıbayarı azalıb, indi onlar günorta məbəddən səslənəndə, çox az adam onlara tovuzquşu və qurban əti gətirirdi. Halbuki Tanrı dərkini təlim edən adam bura gələnə qədər bu ölkədə belə ənənə vardı.

Amma arxasınca gələnlər, şagirdləri çoxaldıqca, onun kədəri də artırdı. O öz kədərinin niyə belə çox olduğunu bilmirdi. Çünki həmişə Tanrıdan danışır, Yaradanın ona bəxş etdiyi vergi, istedadla vardığı Tanrı dərkini təlim edirdi.

Bir dəfə o, Ermənistanda yerləşən on birinci şəhərdən çıxırdı, şagirdləri və xeyli insan onun arxasınca gəlirdi. O, dağın başına qalxdı, şagirdləri ətrafına yığışdı, xeyli insan isə yorulub vadidə qalmışdı.

O, başını əllərinin içinə alıb, ağlaya-ağlaya Qəlbindən soruşdu:

— Niyə axı mənim içim qorxu və kədərlə doludur, niyə hər bir şagirdim sanki günorta yanıma gələn düşmən kimidir?

Qəlbi ona cavab verdi:

— Tanrı səni Özünün tam dərki ilə mükafatlandırdı, sənsə öz dərkini başqalarına payladın. Sən qiymətli incini param-parça elədin, hələ tikilməmiş parçanı cırıq-cırıq edib başqalarına verdin. Müdrikliyini başqalarına verən kəs özü-özündən oğurluq etmiş olur. Müdrikliyini başqalarına verən şəxs öz xəzinəsini quldurlara hədiyyə edən insan kimidir. Bəyəm Tanrı səndən daha müdrik deyilmi? Onun səninlə bölüşdüyü sirri niyə başqalarına açırsan? Mən nə vaxtsa çox varlı idim, sənsə məni dilənçiyə çevirdin. Bir vaxtlar mən Tanrını görə bilirdim, sənsə Onu məndə gizlədin.

Və o yenə ağladı, çünki Qəlbinin ona doğruları dediyini bilirdi, bilirdi ki. Tanrını dərk etmə qabiliyyətini başqalarına verib, özü də Tanrının rizəsinin bir qırağından yapışanların gününə düşüb, bilirdi ki, inancı onu tərk edir, çünki indi ona inananların sayı çox artmışdı.

Və o, özü-özünə dedi:

— Mən daha Tanrı barədə danışmayacağam. Öz müdrikliyini başqalarına verən kəs özü-özündən oğurluq etmiş olur.

Bir neçə saat keçdi və şagirdləri onun qarşısında təzim edərək, dedilər:

— Müəllim, bizə Tanrıdan danış, axı sən onu elə dərk edirsən ki, bu dünyada Onu sənin kimi dərk edəcək ikinci insan yoxdur.

O, şagirdlərinə cavab verdi:

— Mən sizə Yerdə və Göydə olub-bitən hər şeydən danışaram, amma mən sizə Tanrıdan danışmaq istəmirəm. Bundan sonra mən daha heç vaxt Tanrıdan danışmayacağam.

Şagirdləri ona qəzəbləndilər və dedilər:

— Sən bizi bu səhraya ona görə gətirmisən ki, sənin sözünü dinləyək. Sənin vədinə görə ardınca gələn çoxlu sayda insanları və sənə inanıb gələn bizləri belə yarıyolda qoyacaqsan?

Və o, şagirdlərinə dedi:

— Mən sizə Tanrıdan danışmayacağam.

Çox adam qəzəbləndi və dedi:

— Sən bizi səhraya gətirib ac qoydun. Bizə Tanrıdan danış, bu bizə bəsdir.

Amma o, heç bir cavab vermədi. Çünki bilirdi ki, Tanrıdan danışsa, öz xəzinəsini bu adamlara vermiş olacaq.

Şagirdləri kədərlənib, çıxıb getdilər, insanların çoxu öz evinə qayıtdı. Çoxları yolda öldü.

Və o tək qalanda, ayağa durdu, üzünü aya tutub, getdi. Düz yeddi ay heç kimlə kəlmə kəsmədən, heç kimə cavab vermədən yol getdi. Yeddinci ayın tamamında o bir səhraya çatdı, bu – Böyük Çay səhrası idi. O bir vaxtlar Kentavrın yaşadığı səhranı tapıb, orda özünə qalacaq düzəltdi, qamışdan həsir hörüb, mağara həyatı keçirməyə başladı. Səhra adamı oldu. Və hər saat Səhra adamı Tanrıya şükür edirdi ki, Özü ilə, Özünün heyrətamiz Əzəməti ilə bağlı bəzi şeyləri içində qoruyub saxlamağa ona güc verdi.

Bir axşam Səhra Adamı yaşadığı mağaranın qarşısında oturmuşdu. Qəfildən ordan gözəl üzlü, amma qəzəbli bir oğlan keçdi. Oğlanın əynində kobud parçadan paltar vardı və əlləri boş idi. Hər axşam oğlan əliboş halda ordan keçir, hər səhər isə əlləri qiymətli inci və yaqutla dolu geri qayıdırdı. Çünki o, quldur idi və tacirlərin karvanlarını soyurdu.

Səhra Adamı ona baxır və oğlana yazığı gəlirdi. Amma heç nə demirdi. Çünki bilirdi, danışan adam özünü Tanrı dərkindən məhrum edir.

Bir səhər oğlan yenə əlləri dolu halda qayıdırdı. Qəfildən, oğlan dayanıb, qaşlarını çatdı və ayağı ilə quma bir təpik vurub dedi:

— Mən hər dəfə burdan keçəndə niyə belə baxırsan? Nədir sənin gözlərində gördüyüm ifadə? İndiyə qədər hələ heç kim mənə belə baxmayıb. Bu baxışlar məni didir, məni çaşdırır.

Səhra Adamı cavab verdi:

— Sən mənim gözlərimdə təəssüf görürsən. Gözlərimdə gördüyün və səni çaşdıran ifadənin adı təəssüfdür...

Gənc oğlan həqarətlə gülüb, Səhra Adamının üstünə qışqırdı:

— Mənim əllərimdə yaqut və mirvarilər var, sənsə bir qamış həsirin ümidinə qalmısan. Sən mənə baxıb, nəyə təəssüflənə bilərsən? Mənə nəyə görə yazığın gəlir?

Səhra Adamı dedi:

— Sənə ona görə yazığım gəlir ki, sən Tanrını dərk eləmirsən...

— Bəyəm Tanrını dərk etmək belə qiymətli bir şeydir ki? — oğlan bunu deyib, mağaranın girişinə yaxınlaşdı.

— Tanrı dərki dünyadakı bütün yaqutlardan və mirvarilərdən qiymətlidir, — Səhra Adamı dedi.

— Bəs, o səndə var? — gənc quldur soruşdu və bir az da yaxına gəldi.

— Bir vaxtlar həqiqətən vardı, — Səhra Adamı dedi — bir vaxtlar mən Tanrını tamamilə dərk edirdim. Amma ağılsızlığımdan onu başqalarına payladım. Amma qalan hər nə varsa, mənim üçün dünyanın bütün cəvahiratından qiymətlidir.

Gənc quldur bunu eşidəndə, əllərindəki mirvariləri və yaqutları yerə tullayıb, iti qılıncını qınından çıxartdı və Səhra Adamına dedi:

— Səndə olan Tanrı dərkini tez mənə ver, yoxsa səni öldürərəm. Xəzinəsi mənimkindən çox olan adamı niyə də öldürməyim axı?

Səhra Adamı əllərini açıb dedi:

— Bu dünyada onu dərk etmədən yaşamaqdansa Tanrı dərgahına gedib, ona orda dualar etmək daha gözəl deyilmi? Istəyirsən, öldür məni, amma mən Tanrı dərkini sənə verə bilmərəm.

Gənc quldur diz üstə çöküb, ona xeyli yalvardı, amma Səhra Adamı onunla Tanrı barədə danışmaq istəmirdi, o öz xəzinəsini quldura vermədi. Gənc quldur ayağa qalxıb, Səhra Adamına dedi:

— Qoy, sən istəyən kimi olsun. Mənsə burdan üç günlük məsafədə olan Yeddi Günah şəhərinə gedərəm, orda yaqutlarımın əvəzinə həzz, mirvarilərimin əvəzinə sevinc satın alaram.

Və o, xəzinəsini yerdən götürüb, getdi.

Səhra Adamı qışqırdı, oğlanın ardınca düşüb, yalvardı. Üç gün o oglanın ardınca gedib, geri qayıtmağa səslədi, Yeddi Günah Şəhərinə getməməsi üçün yalvardı.

Hərdən gənc quldur geri qanrılıb, Səhra Adamına baxır və deyirdi:

— Mənim mirvari və yaqutlarımdan qiymətli Tanrı dərkini mənə verəcəksən?Əgər onu mənə versən, şəhərə girmərəm.

Səhra adamı deyirdi:

— Nəyim varsa verərəm, bircə ondan başqa. Onu heç nəyin qarşılığında vermək olmaz.

Üçüncü gün onlar Yeddi Günah Şəhərinin qara darvazalarına çatdılar. Şəhərdən qəhqəhələr ucalırdı. Gənc quldur da qəhqəhə çəkib, şəhər darvazalarını döymək istədi. Amma bunu etmək istəyəndə Səhra Adamı onun qarşısına keçib, ətəyindən yapışaraq, dedi:

— Əllərini uzat, qollarını boynuma dola, qulağını ağzıma daya və mən Tanrı dərkindən nəyim qalıbsa, onu sənə verəcəm.

Gənc quldur dayandı.

Səhra Adamı öz Tanri dərkini oğlana verəndən sonra üzüqoylu torpağa çöküb, ağladı. Nəhəng bir qara bulud şəhəri də, oğlanı da onun gözündən itirdi və Səhra Adamı onları bir daha görmədi.

Budur, o uzanıb, ağlayırdı. Kimsə gəlib onun yanında dayandı. Onun yanında dayananın misdən ayaqları, nazik hörgüyə bənzəyən saçları vardı. O, Səhra Adamını yerdən qaldırıb, dedi:

— İndiyə qədər Tanrı sənə Özünün tam dərkini bəxş eləmişdi. İndisə sən Tanrı sevgisinə sahib oldun. Bəs, niyə ağlayırsan?

Və O, Səhra Adamını öpdü.

Tərcümə: Günel M.

Günün bütün mövzuları

XS
SM
MD
LG