Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:26

Dövlət qurumlarının İnternet səhifələri müasir tələblərə cavab verirmi?


40-a yaxın dövlət strukturu və 6 neft şirkətinin internet səhifəsinin monitorinqi aparılıb

40-a yaxın dövlət strukturu və 6 neft şirkətinin internet səhifəsinin monitorinqi aparılıb

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi 40-a yaxın dövlət strukturu və 6 neft şirkətinin internet səhifəsinin monitorinqini aparıb. Monitorinq bu ilin mayından oktyabra qədər olan dövrü əhatə edir. Layihənin əlaqələndiricisi Osman Gündüz deyir ki, monitorinqin məqsədi dövlət strukturlarının «İnformasiya əldə etmək haqqında» qanuna uyğun olaraq informasiya texnologiyalarından nə dərəcədə istifadə etdiklərini müəyyən etməkdir.


Monitorinqin nəticələrinə görə Daxili İşlər Nazirliyinin internet səhifəsi «İnformasiya əldə etmək haqqında» qanunun tələblərinə daha çox cavab verir. Layihənin mütəxəssisi Azər Həsrət deyir ki, bu dəyərləndirmə Daxili İşlər Nazirliyinin ümumi fəaliyyətinə verilən qiymət kimi başa düşülməməlidir.


10 ballıq dəyərləndirmədə ən aşağı yerləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Məclis və Xarici İşlər Nazirliyinin internet səhifələri tutur
Onun sözlərinə görə 10 ballıq dəyərləndirmədə ən aşağı yerləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Məclis və Xarici İşlər Nazirliyinin internet səhifələri tutur: «Milli Məclisin İnternet səhifəsi yenə də aşağı reytinqdədir. Xarici İşlər Nazirliyinin İnternet səhifəsi də eləcə».

Azər Həsrət deyir ki, onlar monitorinq apararkən bir sıra prinsipləri əsas götürüblər. Yəni İnternet səhifəsində onun mənsub olduğu qurum, təşkilatın strukturu, hüququ normativ bazası haqqında məlumat olmalıdır. Bura məsul şəxslər haqqında məlumatlar da daxildir. Bundan başqa səhifədə həmin qurumun fəaliyyəti ilə bağlı operativ məlumatlar olmalıdır. Nəhayət əsas prinsiplərdən biri də ictimaiyyətlə əlaqənin necə qurulmasıdır. Tutaq ki, Daxili İşlər Nazirliyinin səhifəsiylə tanış olarkən vətəndaşların müraciət etməsi üçün bir sıra imkanların yaradıldığı məlum olur. Yəni vətəndaş onlara necə şikayət edə bilər, Daxili İşlər Naziri, onun müavinləri ilə necə əlaqə saxlamaq olar. Ancaq bunu Milli Məclisin səhifəsi haqqında demək mümkün deyil. Üstəlik parlamentdə qəbul edilən qanunlar bu səhifəyə vaxtında yerləşdirilmir. Bəzən hətta hansısa agentlik bu sahədə Milli Məclisin İnternet səhifəsini üstələyir.


Monitorinqin təqdimat mərasiminə qatılan Milli Məclisin əməkdaşı Yaşar Əməşov da bu iradları qəbul etdiyini bildirdi. Ancaq onun sözlərinə görə yaxın vaxtlarda onların səhifəsində böyük dəyişiklik olacaq: «Bəli bizim səhifə günün tələblərinə cavab vermir. İnformasiya texnologiyası çox sürətlə inkişaf edir. Ancaq biz artıq bu istiqamətdə müəyyən işlərin görülməsinə başlamışıq…» Xarici İşlər Nazirliyində də onların İntenret səhifələrinə tənqidi münasibətlə razılaşırlar.


Əslində bu monitorinqdə yüksək bal toplayan səhifələrdə də peşəkar tələblərə cavab verməyən məqamlara rast gəlmək mümkündür. Məsələn Daxili İşlər Nazirliyinin səhifəsinə baş xəbər iki həftə əvvəl yerləşdirilib. Monitorinqin nəticələri ilə bağlı bəzi tənqidi fikirlər təqdimat mərasimində də səsləndi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sektor müdiri İsfəndiyar Əliyev qeyd etdi ki, monitorinqdə hər hansı bir səhifədə tenderlərlə bağlı məlumatın olmaması, başqa bir səhifənin sürətinin aşağı olmasıyla eyni səviyyədə dəyərləndirilir. Bu da səhifələrə verilən ümumi qiymətdə müəyyən ədalətsizliklər yaradır.


Ötən ilin dekabrında qəbul edilən «İnformasiya əldə etmək haqqında» qanuna görə bir il ərzində bütün icra strukturlarının, 3 il ərzində isə bələdiyyələrin İnternet səhifələri yaradılmalıdır. Ancaq, qanunun qəbulundan təqribən 10 ay keçir, yəni bu müddətin tamamına bir neçə ay qalsa da bəzi dövlət qurumlarının-o cümlədən Fövqəladə Hallar Nazirliyinin İnternet səhifəsi yoxdur. Ancaq elə bu günlər yağış Bakıda bir sıra kommunal problemlər meydana çıxarıb və vətəndaşların Fövqəladə Hallar Nazirliyi ilə daha sıx təmasına ehtiyac yaranıb. Fövqəladə Hallar Nazirliyi bu il yaranıb, ancaq Bakı Şəhər İcra Hakimiyyətinin də internet səhifəsi ilə tanış olarkən bu qurumun yağışın yaratdığı problemlərlə bağlı vətəndaşlara hər hansı bir tövsiyəsinə və ya xəbərdarlığına rast gəlmək mümkün deyil. Bakı şəhər İcra Hakimiyyətinin internet səhifəsində sonuncu xəbər, iyunun 15-də «Qurtuluş günü» ilə bağlı keçirilən bayram tədbirlərinə həsr edilib…


Günün bütün mövzuları

XS
SM
MD
LG