Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:02

«İranda qadına uşaqdüzəldən maşın kimi baxırlar»


İranlı qadın və uşaq - 2015
İranlı qadın və uşaq - 2015

-

İranda kontraseptivlərdən istifadə edən qadınlara sərt məhdudiyyətlər qoyula, eləcə də uşağı olmayanadək əmək bazarından çıxarıla bilər. Bunları yeni təklif olunan iki qanun layihəsi nəzərdə tutur. «Amnesty International» beynəlxalq hüquq-müdafiə təşkilatı martın 11-də həmin layihələrə görə hesabat yayıb.

Qurum bildirir ki, İranda hakimiyyət ölkədə əhali sayının azalmasını önləmək üçün təkrar doğuşlara nail olmaq istəyir və bu məqsədlə ifrat metodlara əl atır.

«Təklif olunan qanun layihələri İranda qadın və qızların hüquqlarını bir neçə on il geri atacaq. Hakimiyyət təhlükəli mədəniyyət təbliğ edir. Qadınlar əsas hüquqlarından məhrum edilir və onlara uşaqdüzəldən maşın kimi baxılır, nəinki öz bədəni və həyatına qərar vermək üçün fundamental hüquqları olan insan varlıqları kimi», - «Amnesty International»ın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Hassiba Hadj Sahraoui deyir.

«Bu qanun layihələri qadınlara qaşı ayrı-seçkilik salan stereotipləri gücləndirir. Dövlət əhalisinin şəxsi həyatına görünməmiş müdaxilə edir. Onlar hərbi qüdrət və geosiyasi güc imici yaratmağa çalışır və doğum səviyyəsini artırmağa cəhd edir. Ancaq eyni zamanda qadınların fundamental hüquqlarını tapdalayırlar – ər-arvad çarpayısı da kənarda qalmır», - Sahraoui sözlərinə əlavə edir.

«İSLAM DÖVLƏTİ»NƏ HANSI ÖLKƏLƏRDƏN QOŞULURLAR

«Wall Street Journal Europe» «İslam Dövləti» silahlı qruplaşmasına qoşulan yaraqlıların hansı ölkələrdən olmasını göstərən qrafika hazırlayıb. Hesablamalara görə, «İslam Dövləti» və digər yaraqlı qruplar dünyadan 20 min xarici döyüşçünü cəlb edə bilib. Onlardan təxminən 5 mini Qərb ölkələrindəndir.

İŞİD-çilər İraqda tarixi abidələri məhv edirlər - mart 2015
İŞİD-çilər İraqda tarixi abidələri məhv edirlər - mart 2015

Qrafikada Radikallaşma və Siyasi Zorakılıq Beynəlxalq Mərkəzinin 2014-cü ilin ikinci yarısını əhatə edən məlumatlarından istifadə olunub.

Avropada birinci yeri Rusiya və Fransa tutur. Bu ölkələrdən 800-1500-dək döyüşçünün İD-ə qoşulduğu bildirilir. Sonrakı yerlərdə Almaniya, Böyük Britaniya, Belçika, Bosniya, Niderland gəlir.

Orta Asiyada ilk 3 yeri Özbəkistan, Pakistan və Türkmənistan tutub. Afrikada Tunis və Mərakeşin hərəsindən 1500 döyüşçü İD-ə qoşulub. Türkiyədən İD-ə qoşulanların sayı 600-dür.

XƏZƏRİN ENERJİ RESURSLARI: PROBLEMLƏR VƏ ÜSTÜNLÜKLƏR

«Enerji təhlükəsizliyi geosiyasi narahatlıq doğurduğu bir zamanda Xəzərin zəngin enerji resursları yenidən diqqət mərkəzinə gəlir». «Financial Times» qəzetində Avropa Yenidənqurma və İnkişaf Bankının enerji üzrə direktoru Riccardo Puliti Avropa Birliyinin yeni açıqladığı Enerji Birliyi Paketindən yazır. Sənəddən görünən odur ki, Avropa Birliyi enerji tələbatının ödənməsini şaxələndirmək üçün Xəzər regionunu ciddi nəzərdən keçirir.

Müəllif Cənub Qaz Dəhlizinin inkişafı üçün işlərin görüldüyünü, qazın Xəzər hövzəsindən Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınacağını yazır.

Bu ayın sonunda Londonda keçiriləcək seminarda Cənub Qaz Dəhlizi müzakirə olunacaq. Tədbir «Xəzər Dəhliz Konfransı 2015» adlanacaq. Regionlardan olan iştirakçılar və Böyük Britaniya layihənin böyük potensial risklərini də müzakirə edəcək. Müəllifin fikrincə, bu risklər resurs və tələb, eləcə də möhkəm, balanslı və uzunmüddətli gəlir axınını nümayiş etdirməklə bağlıdır.

Xəzər
Xəzər

«İlkin olaraq dəhlizlə «Şah Dəniz» qazı daşınacaq, ancaq Xəzər və Aralıq dənizlərində «Şah Dəniz»dən də böyük yataqlar kəşf olunub. Gələcəkdə Cənub Qaz Dəhlizi Azərbaycanın digər yataqlarından, həmçinin Türkmənistandan, İraqın şimalından qaz nəql edə bilər».

«Hazırda Avropanın qaza tələbatı aşağıdır. Ancaq uzaq perspektivdə Avropaya daha çox qaz lazım olacaq, kömür və nüvə enerjisi çıxdaş ediləcək», - yazan müəllif böyük kəmərin riskləri sırasında siyasi və sərhəd amillərinin də olduğunu, bu məsələnin hökumətlərarası sazişlərlə tənzimlənə biləcəyini qeyd edir.

TÜRKİYƏDƏ «MINECRAFT» VİDEO-OYUNU QADAĞAN OLUNA BİLƏR

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi «Minecraft» (Şaxta) oyununa dair təhqiqatı bitirib və hökuməti bu populyar video-oyunu qadağan etməyə çağırıb. Nazirlik oyunun uşaqları zorakılığa həvəsləndirdiyini bildirir.

«Hurriyet Daily News» yazır ki, nazirliyin bir şöbəsinin hazırladığı hesabat hüquqi prosedurun başladılması üçün hüquq departamentinə göndərilib.

Bu oyunda oyunçu 2D və 3D kubların köməyi ilə dizaynlar hazırlayır. Oyunun bəzi hissələrində oyunçu işinə davam etmək üçün mübarizə aparmalıdır. Hesabatda deyilir ki, «oyunda uşaqlar evlər, körpülər tikir, ancaq bunları qorumaq üçün «düşmənləri» öldürməlidirlər. Qısası, oyun zorakılığa söykənir».

«Microsoft»un 2.5 milyard dollara aldığı oyun zorakılıq elementlərinə görə ABŞ-da da müzakirə doğurub. Ancaq hələlik onu qadağan edən ölkə yoxdur.

Türkiyədə yeddi ay ərzində «Minecraft» oyunu barədə kitabın 80 min nüsxəsi satılıb.

XS
SM
MD
LG