Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

2016-cı ildə neftin bir barreli 90 dollardan aşağı olmayacaq


Neft buruqları
Neft buruqları

-

«İLHAM ƏLİYEV İSLAHAT QƏRARLARI QƏBUL ETMƏLİ OLACAQ»

«Turan» agentliyi neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasının iqtisadi deyil, siyasi səbəblərini təhlil edib. Bildirilir ki, 2015-ci ilin ikinci yarısında «Brent» markalı neftin bir barrelinin qiyməti 75 dollara qədər yüksələ bilər, amma 90 dollardan çox olmayacaq, 2016-cı ildə isə bir barrel neftin qiyməti 90 dollar sərhədini keçəcək.

Təhlilə görə, qiymətlərin artması və azalması ABŞ-da və Vaşinqtonun siyasətinin təsiri altında hərəkət edən Səudiyyə Ərəbistanında hasilatın artmasına və azalmasına səbəb olur:

«Hazırda neft qiymətlərinin ucuzlaşmasına bu iki oyunçunun bazara əlavə neft həcmi çıxarması ilə əlaqədar təkliflərin tələbatdan artıq olması səbəb olub.

Məşhur iqtisadçı Gary Shilling qeyd edir ki, Səudiyyə Ərəbistanının öz büdcəsini maliyyələşdirə bilməsi üçün 90 dollar/barrel qiymət tələb olunur. Amma onun 726 mlrd. dollar valyuta ehtiyatı var ki, bu da ona iki il ərzində 40 dollar/barreldən az qiymətə davam gətirməyə imkan verir».

Müəllif yazır ki, Azərbaycan hökuməti, çox güman ki, Səudiyyə Ərəbistanının ehtiyaclarına əsaslanaraq, 2015-ci il büdcəsində neft qiymətlərini 90 dollar/barrel olaraq nəzərə alıb. Amma Davos İqtisadi Forumundan iki həftə sonra ölkə başçısı təcili olaraq proqnoza yenidən baxmalı və milli valyutanı devalvasiyaya məruz qoymalı oldu:

«Bu il Əliyev yenə də iqtisadiyyatın strukturuna və iqtisadi azadlıqlara münasibətinə yenidən baxmalı, neft hasilatının sürətlə azalması və qiymətlərin sabit olmaması zamanı rejimi və ölkəni mümkün sarsıntılardan qorumaq üçün islahat qərarları qəbul etməli olacaq».

Barack Obama və Vladimir Putin 2014
Barack Obama və Vladimir Putin 2014

«TƏRƏZİNİN BİR GÖZÜNÜ GÜCLÜ ŞƏKİLDƏ ƏYMƏK OLMAZ»

«Yeni Müsavat» qəzetinin «Azərbaycan: ABŞ-la Rusiyanın «nifaq alması» kimi...» sərlövhəli məqaləsində rəsmi Bakının Rusiya və ABŞ-a fərqli mövqeyi təhlil olunur.

Müəllif yazır ki, Azərbaycanda rəsmilər, dövlət mətbuatı səviyyəsində Rusiya heç vaxt hədəfə alınmadığı halda, ABŞ və onun prezidenti tez-tez sərt tənqid, hətta təhqir hədəfinə çevrilir:

«Amerikanın müstəqil mətbuatında adicə tənqidi məqalə dərhal Vaşinqtonun mövqeyi sayılaraq ona qarşı qara PR kampaniyasına start verilir. Di gəl, təkrar edirik, torpaqlarımızın işğalında baş rolu oynamış Rusiyanın ünvanına yumşaq tənqidi belə görmürük».

Müəllifin qənaətincə, proseslərin təhlili Bakıya iki qlobal gücün geosiyasi savaşında daha balanslı siyasət yürütməyi, tərəzinin gözlərindən birini güclü şəkildə əyməməyi diktə edir.

«RUSİYADAKI AZƏRBAYCANLILAR DEPORTASİYA OLUNUR»

«Azadlıq» qəzeti yazır ki, Rusiyadakı azərbaycanlılar kütləvi şəkildə deportasiya olunur.

Deportasiya yeni miqrasiya qaydaları ilə izah olunur. Lakin elə deportasiya olunmuş elə şəxslər var ki, onlar heç bir qanun pozuntusuna yol verməyib.

Rusiyada olan bəzi azərbaycanlıların redaksiyaya verdiyi məlumata görə, deportasiyanın daha çox Rusiyadakı böhranla bağlı olduğu düşünülür:

«Böhran Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Xeyli iş yerləri bağlanıb. İşsizlər ordusunun sayı artıb. Belə bir vəziyyətdə qeyri-rusları ölkə üçün əlavə yük kimi görürlər. Ona görə də deportasiya kütləvi xarakter alıb».

Sevinc Fətəliyeva
Sevinc Fətəliyeva

«AZƏRBAYCANIN MÜSTƏQİL SİYASƏTİNİ HƏZM EDƏ BİLMƏYƏN XARİCİ DAİRƏLƏR VAR»

«Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və mühüm layihələr reallaşdırmaqla Azərbaycan barış və əməkdaşlıq məkanı kimi dünyaya özünü təqdim edir. Bunu isə Azərbaycan özünün müstəqil siyasi iradəsi ilə reallaşdırır. Təbii ki, ölkəmizin bu xoşməramlı siyasətini dəstəkləyənlər çox olsa da, inkişafımızı istəməyən, müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var».

Bu fikirləri yap.org.az saytına YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu dairələrin başında erməni lobbisi dayanır. Ona görə də, Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir.

«Hesab edirəm ki, Azərbaycan ilk Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya bir daha azad, demokratik, sivil dövlət kimi təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində bəzi dairələr ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışırlar. Amma düşünürəm ki, Avropa Oyunları zamanı belə qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik»- deyə, S.Fətəliyeva vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG