Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

-

“Qızımın külü də ələ gəlmədi. Allah belə olacağı heç düşmənin də başına gətirməsin. Ev tamam yandı. Bircə çöp də çıxara bilmədik. İndi “budka”ya sığınmışıq. İki körpə nəvəm, həyat yoldaşım, oğlum, mən...”

Zeynalabdin Tağıyev qəsəbəsindəki bağçılıq təsərrüfatı ərazisində yaşadıqları ikimərtəbəli evi və ailə üzvünü itirən Bağırovlar problemlərini AzadlıqRadiosunun “Qaynar xətti” ilə bölüşürlər.

Çimnaz Bağırovanın sözlərinə görə, yanğın səhər saatlarında baş verib. Həmin vaxt o, Bakıda imiş. Elə xəbəri də ona telefon vasitəsilə qonşular çatdırıb:

“ALIŞAN TAVAN ÜSTÜNƏ DÜŞMÜŞDÜ"

“Zəng vurdular ki, ev yanır. Mən çatınca külə dönmüşdü ev. Qızım da içərisində... Deməli, evdə qızım, nəvələrim, kürəkənim, bir də kürəkənimin qardaşı olub. Həmin gün qaz kəsilmişdi. Evin damından tüstüləyirmiş. Həyətdə toyuq-cücələri yemləyən qızım qaçıb evə. Birinci uşaqları çıxardıb çölə. Özü qayıdıb girib yenə evə. Kürəkənimgil yorğan-döşəkləri çıxarmaq istəyiblər. Ev tüstü olduğundan bir-birlərini görə bilməyiblər. Qızım ikinci mərtəbədə olanda dam yanaraq üstünə düşüb. Bircə “yandım” qışqırtısını eşidiblər. Boğulduqlarından evdən çıxıblar”.

28 yaşlı Ülviyyə övladlarını xilas edəndən sonra alışıb yanan evə növbəti dəfə sənədləri götürmək üçün daxil olubmuş. Yanan tavan üstünə çökdüyündən ailə üzvləri onu xilas edə bilməyiblər. Ananın deməsinə görə, yanğınsöndürənlər hadisə yerinə gec yetişiblər:

“Çox gec gəlmişdilər. Onlardan az sonra da mən Bakıdan gəlib çatdım. Yanan yanmışdı, dağılan dağılmışdı...”

Yanmış evin qalıqları altından Ülviyyənin əvvəl bir hissəsi tapılır və dəfn edilir. Bir neçə gün sonra qəbri yenə açılır. Bu dəfə tapılmış digər hissələri torpağa gömülür.

Ülviyyənin 4 yaşlı oğlu Elşən də hadisə vaxtı yanıq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilir.

Araşdırmanın nəticəsinə görə, yanğın qısaqapanmadan baş verib.

Şikayətçi Çimnaz Bağırova

Şikayətçi Çimnaz Bağırova

“ÇARƏSİZLİKDƏN "BUDKA"YA SIĞINDIQ"

Ancaq ailənin dramı bununla bitmir. Bağırovlar ailəsini hələ qarşıda yenə ağır sınaqlar gözləyirmiş. Onlar cəmi bir neçə günlüyə qohum-qonşu evinə sığına bilirlər. Ümid yanmış evin qarşısındakı əvvəllər təsərrüfat əşyalarını yığdıqları kiçik köşkə qalır.

“Yığışmışıq “budka”ya, döşəməsi yox, damı yox... iki körpə uşaq və yaşlı, xəstə adamlar, soyuqdan, şəraitsizlikdən qırılırıq”.

Yerli icra hakimiyyəti və bələdiyyə ailəyə kömək etmək gücündə olmadıqlarını bildirib.

Sumqayıt şəhər icra hakimiyyətində yardım üçün yazdıqları məktuba cavabda bildirilir ki, dəfnin təşkili məqsədilə dövlət tərəfindən ayrılan vəsaitlərin verilməsinə görə sənədlər təqdim olunmalıdır. Ancaq məktubda bu sənədlərin hansılardan ibarət olduğu qeyd edilməyib.

Bələdiyyədən isə ailəyə 200 manat verilib. Ailə başçısı Teymur Bağırov:

“Çağırdılar Sumqayıt bələdiyyəsinə, bir-iki sənədə qol çəkdirib 200 manat verdilər. Dedilər, yas mərasiminə görə yardımdır. Qızımın 40 mərasimindən 10 gün sonra verdilər”.

Ancaq Bağırovlar yerli icra hakimiyyətinə və bələdiyyəyə buna görə yox, yanmış evin bərpasına yardım üçün ağız açdıqlarını deyirlər.

Sumqayıt şəhər icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, yardım üçün müraciət etmişTeymur Bağırova həm yazılı, həm də şifahi qaydada cavab verilib. Evin bərpası icra hakimiyyətinin imkanları xaricindədir.

Bələdiyyədən isə bildirilib ki, imkanları 200 manata çatıb və Teymur Bağırova dəfn xərci kimi bu məbləğdə yardım edilib. Ev tikmək üçün isə bələdiyyənin fondunda vəsait yoxdur.

Bağırovlar ailəsinin heç nəyi yoxdur. Gücləri yalnız şəxsiyyət vəsiqəsi əldə etməyə çatıb. Dövlət qurumlarından və bələdiyyədən ümidi üzən ailənin xeyirxah insanların köməyinə ehtiyacı var.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG