Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

-

Novruz bayramı ilə bağlı 9 gün istirahət olacaq. Turizm şirkətləri həmin günlər işləməyəcək əhaliyə ölkə daxilində dincəlmək üçün Novruz paketləri təqdim edir. Bu paketlərdən ən ucuzu 40, ən bahası 1400 manatadır.

3 GECƏ – 1400 AZN

New Baku Travel şirkəti martın 21-23-də «Rixos Quba» otelində 2 nəfərlik otağı 1399 manata təklif edir. Martın 21-22-də Lənkərandakı «Qafqaz Sahil Lənkəran» otelində isə bir gecənin qiyməti 65 manatdır. Qubadakı Cənnət Bağında da martın 21-22-də 65 manata dincəlmək mümkün olacaq.

Mingəçevir Riverside otelində isə 21-22-23 martda qiymət 150 manatdır.
Shahdag otelində martın 20-dən 25-ə qədər iki nəfərlik otaqda bir gecəlik istirahət 190 manatadır.

Şamaxı Palace oteli martın 20-23-də və 21-24-də ailəvi 3 gecəlik Novruz Paketi təqdim edir. Paketin qiyməti 1399 manatdır. 6 yaşına qədər iki uşağın qalması ödənişsizdir. Bura səhər və şam yeməyi daxildir. Martın 21-22-də Hande Yener və İradə İbrahimova burada konsert verəcək.

BİR GECƏ 40 MANAT

Lənkərandakı “Palıdlı Sahil” istirahət mərkəzi isə Novruz şou proqramı da daxil olmaqla bir gecəni 50 manata təklif edir. Oteldə gecələmə, gündə 3 dəfə yemək, Palıdlı meşədə çay süfrəsi və Novruz şou proqramı bu qiymətə daxildir.
Lerikdəki Relax istirahət mərkəzi isə martın 20-də bir gecəsi 40 manatlıq istirahət təklif edir. Bu qiymətə oteldə gecələmə, səhər yeməyi və Novruz şənliyi daxildir.

Greenwich Travel Club şirkətinin paketində “Rixos Quba” otelində 22-24 martda 3 gün 2 gecəlik istirahət 550 manata, “Qafqaz Sport” otelində martın 21-24-də 4 gün 3 gecəlik istirahət 305 manatdır. 550 manata səhər yeməyi, qala şam yeməkləri və əyləncə konsertləri daxildir. 305 manatın içində isə səhər yeməyi və bayram konserti var. “Yeddi Gözəl” oteli martın 21-24-də 4 gün 3 gecəni bir nəfərə 120 manata təklif edir. Burada ancaq səhər yeməyi verilir.

MANATIN TƏSİRİ OLMAYIB

«Rixos» qrupunun otellər üzrə satış meneceri İlkin Rüstəmov AzadlıqRadiosuna deyib ki, manatın ucuzlaşması daxili turizmə təsir etməyib.

“Improtex Travel” şirkətinin meneceri Aysel Nuriyeva da bildirir ki, mart ayında daxili turlar üçün müəyyənləşdirilmiş qiymətlər olduğu kimi qalacaq.

Novruz bayramı ilə bağlı martın 20-dən 28-ə qədər istirahət günləridir. Martın 29-dan iş günü başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG