Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

-

Ağcabədi rayonunun Poladlı kəndində yaşayan Rəşad Dadaşov yalnız 22 yaşında bilib ki, onda anadangəlmə sağ böyrək olmayıb. Hərbi xidmətdən qayıdandan sonra səhhətində problemlər yaranan gənc bir müddət müxtəlif diaqnozlarla müalicə olunub. Sonda həkimlər qeyd etdiyimiz patologiyanı, habelə sol böyrəkdə ciddi problem olduğunu aşkarlayıblar.

«OĞLUMUN SƏHHƏTİNƏ ZƏRƏR HƏRBİ XİDMƏT DÖVRÜNDƏ DƏYİB»

Rəşadın anası Radə Dadaşova iddia edir ki, oğlu hərbi xidmət zamanı sağlamlığını itirib:

«Əsgərliyə aparılanadək Rəşadın sağlamlıqla bağlı heç bir şikayəti olmayıb. Evə buraxılandan bir-iki ay keçməmiş bu hala düşdü. Murov yüksəkliyində soyuqladığından və sərt hərbi təlimlərdən böyrəyində fəsadlar yaranıb. Qanuna görə, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə dəyən zərər dövlət hesabına ödənilməlidir. Amma ağırlaşma evə buraxılandan sonra yarandığından heç kəsə sübut edə bilmirik ki, oğlumun səhhətinə zərər hərbi xidmət dövründə dəyib».

ÇAĞIRIŞÇILARIN DAXİLİ ORQANLARI YOXLANILMIR?!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyevin verdiyi cavabda etiraf olunur ki, Ağcabədi sakinindəki mövcud patologiya (tək böyrək) xidmətə cəlb edilməzdən əvvəl aşkar oluna bilərdi:

«Lakin qanunvericilikdə hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşların daxili orqanların ultrasəs müayinəsi nəzərdə tutulmayıb. Bu səbəbdən R.Ə.Dadaşov USM-dən keçirilməyib».

«MƏNİM OĞLUM FAKTİKİ OLARAQ QURBANDIR»

Radə xanım bu cavabla razılaşmır. O, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladığı yazılı müraciətdə həm oğlunun səhhəti və bundan sonrakı taleyi ilə bağlı narahatlıqlarını, həm də qanunvericiliyə etirazını dilə gətirib:

«Bu, oğlumun, yaxud ailəsinin təqsiri deyil ki, həqiqi hərbi xidmətə cəlb edilənlərin daxili orqanları yoxlanılmır. İnkişaf etmiş bir ölkədə çağırışçıların sağlamlıq durumunu dəqiq müəyyən etməkdən ötrü USM aparatının olmaması, yaxud belə bir müayinəyə ehtiyac duyulmaması təəccüb və təəssüf doğurur. Mənim oğlum faktiki olaraq qurbandır. Lakin nə dəymiş zərər ödənilib, nə də onun sosial müdafiəsi təmin edilib. Rəşadın 24 yaşı var. Bu insan sonrakı həyatını kimin hesabına, necə qurmalıdır?».

Tibbi-Sosial Ekspertiza Komissiyasının cavabı

Tibbi-Sosial Ekspertiza Komissiyasının cavabı

VƏTƏNDAŞ NƏ ƏMƏKQABİLİYYƏTLİ, NƏ DƏ ƏLİL HESAB OLUNUR

Radə Dadaşova bildirir ki, oğlu əmək qabiliyyətini itirsə də, əlil hesab olunmur:

«Tibb müəssisələrindən verilən sənədləri Ağcabədi şəhərlində yerləşən 22 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasına təqdim etmişdik. Bizi aylarla gözlədib, sonda əlillik qrupu təyin etməkdən imtina etdilər. Oğlum üç ay ərzində ən azı bir dəfə müalicə kursu keçməlidir. Sağlamdırsa, bu müalicə niyə aparılır?! Yarımcan, müalicə olunan adam necə işləyə bilər? Həyat yoldaşımın vəfatından sonra ailəmizin maddi vəziyyəti xeyli pisləşib. Buna görə son vaxtlar Rəşadı müalicə etdirə bilmirik».

«XƏSTƏLİK, ÖLÜM FAKTLARI DÖVLƏTƏ VƏ ORDUYA ETİMADI AZALDIR»

İstefada olan polkovnik, hərbi həkim Habil Şirinov hesab edir ki, çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliyə ehtiyac var:

«Daxili orqanlarla bağlı müxtəlif problemlər, o cümlədən anomaliyalar ola bilər. Yalnız müayinə olunan şəxsin şikayəti əsasında bu orqanların yoxlanılması doğru deyil. Ümumiyyətlə, hərbi qulluqçuların tibbi müayinəsinə məsuliyyətli yanaşılmalıdır. Əsgərin xidmət dövründə ciddi xəstəliyə mübtəla olmağı, yaxud ölməyi dövlətə və orduya etimadı azaldır. Hər çağırış məntəqəsinə bir USM aparatı almaq nə qədər xərc apara bilər ki? Onsuz da dövlət büdcəmizdən hərbi məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılır».

ŞİKAYƏT EDƏN VƏTƏNDAŞA RƏSMİLƏR HÜQUQLARINI İZAH EDİR...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyev bildirir ki, əgər səhhətində ağırlaşma əmələ gəlibsə, Rəşad Dadaşovun əlillik vəziyyətinə yenidən baxıla bilər.

Ağcabədi rayon İcra Hakimiyyətindən isə vətəndaşa Mərkəzi Xəstəxanada pulsuz müayinə və müalicə olunmaq, eləcə də zəruri dərman preparatları əldə etmək hüququ izah edilib.

XS
SM
MD
LG