Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:19

Putin Kadyrov-u "Şərəf" Ordeni ilə təltif edib


Ramzan Kadyrov
Ramzan Kadyrov

Rusiya prezidenti həmçinin keçmiş casus Aleksandr Litvinenko-nun qətlində şübhəli bilinən Vladimir Lugovoy-u da mükafatlandırıb.

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadyrov-u “əmək fəaliyyətinə” görə “Şərəf” Ordeninə layiq görüb.

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, bu hadisə Kadyrov-un Rusiya müxalifətçisi Boris Nemtsov-un qətlində şübhəli bilinən Zaur Dadayev-ə həsr olunmuş internet postuna görə tənqid olunduğu bir vaxta təsadüf edib.

Rusiya prezidentinin fərmanı dövlət xəbər portalında – martın 8-də dərc olunub.

Fərmanda deyilir ki, “Ramzan Kadyrov bu mükafata - əmək uğurlarına, ictimai fəallığına və uzun illər ərzində vicdanlı işinə görə layiq görülüb”.

Bundan əvvəl Putin Kadyrov-u 4-cü dərəcəli “İgidliyinə görə” Ordeni ilə mükafatlandırmışdı.

O həmçinin “Rusiya Federasiyasının Qəhrəmanı” adını alıb.

Lugavoy da orden alıb

Blogerlər vurğulayırlar ki, Vladimir Putin Kadyrov-la yanaşı həmçinin Rusiya xüsusi xidmətlərinin keçmiş casusu Aleksandr Litvinenko-nun qətlində şübhəli bilinən Vladimir Lugovoy-u da mükafatlandırıb. Lugovoy-a “Vətən qarşısında xidmətlərinə görə” Ordeni verilib.

Çeçenistan başçısı Ramzan Kadyrov bazar günü İnstagramda yazdığı postda Boris Nemtsov-un qətlində şübhəli bilinən Zaur Dadayev-i “əsl Rusiya vətənpərvəri” adlandırıb.

Moskva məhkəməsinin hakimi Natalya Mushnikova-nın verdiyi məlumata görə Dadayev Nemtsov-un qətli ilə bağlı etiraf ifadəsi verməyə başlayıb.

Lakin bir sıra media vasitələri Dadayev-in bu barədə dinləmədə heç nə demədiyinə diqqət çəkirlər.

Moskva Dadayev-i də təltif edib

Maraqlıdır ki, vaxtilə Kadyrov-un “Sever” çeçen batalyonunda xidmət etmiş Zaur Dadayev 2010-cu ildə Rusiya prezidenti tərəfindən “İgidliyinə görə” Ordeni ilə təltif olunub.

Bu mükafat ona “Şimali Qafqaz regionunda hərbi vəzifəsini şərəflə icra etdiyi üçün” verilib.

Dadayev-in həbsindən dərhal sonra yazdığı postda Kadyrov qeyd edir ki, “Zauru əsl Rusiya vətənpərvəri kimi tanıyıb”.

“Batalyon komandirinin müavini olan Zaur Dadayev alayın ən qorxmaz və igid qulluqçularından biri olub” – yazır Çeçenistan rəhbəri, - Mən inanıram ki, o Rusiyaya səmimi-qəlbdən sədaqətlidir və Vətən üçün canından keçməyə hazırdır”.

Dadayev-i “Charlie Hebdo” qəzəbləndiribmiş...

Kadyrov həmçinin bildirib ki, Dadayev Fransanın satirik jurnalı “Charlie Hebdo”nun Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsindən “sarsılıbmış”.

Rusiya mətbuatı yada salır ki, elə Boris Nemtsov-un öldürüldüyü gün Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin mümkün motivlər arasında “İslamçı ekstremist” versiyasının da olduğunu bildirmişdi.

Markin demişdi ki, Nemtsov “Charlie Hebdo” jurnalsitlərini dəstəklədiyinə görə, guya ölüm hədələri alıbmış.

Kadyrov tənqid olunur

Rusiya sosial mediasında Ramzan Kadyrov Nemtsov-un qətlində şübhəli bilinən şəxsi müdafiə etməkdə ittiham olunur.

Rusiyanın tanınmış ictimai xadimlərindən Anton Nosik yazır ki, “Rusiya vətəndaşını dörd güllə ilə arxadan vuranın Rusiyaya sədaqətli döyüşçü olduğunu iddia etmək absurddur”.

Nosik Kadyrov-un Qroznıdakı mitinqdə “Charlie Hebdo”da qətlləri törədənləri müdafiə etməsi ilə, Moskvanın mərkəzindəki qətlə haqq qazandırması arasında paralel olduğunu vurğulayır.

Boris Nemtsov-un partiyadaşı İlya Yashin BBC-yə verdiyi müsahibədə qətlin İslam ekstremizmi ilə bağlı olduğuna inanmadığını deyib.

“Ola bilsin ki, qətldə Qafqaz izi var, lakin düşünmürəm ki, bu, “Charlie Hebdo”ya görə edilib, - deyib Yashin, - Onun mövqeyi Rusiyada islamçı radikalların xoşuna gəlmirdi, lakin o, “Charlie Hebdo” və ya İslam radikalları barədə diskussiyalarda əsas fiqur deyildi”.

Bəs Nemtsov nə deyib?

Boris Nemtsov Parisdə baş vermiş terror hadisəsini “İslam inkviziyası” adlandırmışdı.

O həmçinin bildirirdi ki, “dinlərin ən gənci olan İslam hələ özünün orta əsrlərini yaşayır və İslam inkviziyası üzərində qələbə üçün çox vaxt lazım gələcək”.

Ramzan Kadyrov “Charlie Hebdo”nun 1, 5 milyard müsəlmanın dini hisslərini tənqid etmək hüququnu müdafiə edənləri özünün şəxsi düşməni” elan etmişdi.

Boris Nemtsov-un dini qisas əsasında qətlə yetirildiyi barədə versiya hələlik Moskva tərəfindən rəsmən irəli sürülməyib.

Kadyrov-un şərhlərinin dövlət etikasından kənar olduğu barədə suallara cavabında prezident Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, istintaq hərəkətləri davam etdiyindən bu barədə heç bir şərh verməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG