Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38

-

İndi siz naşirlər, kitab mağazaları, yazarlar, hardasız, soruşmaq ayıb olmasın?

Bütün günü “Kitab bizim üçün dəyərdir“ deyib car çəkməklə kimi inandırırsız?

Elə bütün nəşriyyyatlara üzümü tutub deyirəm bunu, Qanun, Alatoran, Bakı Kitab Klubu, Hədəf və s. Budurmu sizin dəyəriniz?

Fariz Bayramov

YALANÇI "KİTABSEVƏRLƏR"Ə AÇIQ MƏKTUB

İllərdir ki, ölkənin ziyalı təbəqəsində, əsasən də mətbuatda tez-tez bu sözlərə rast gəlirik:

“Bizdə kitab oxunmur”, “Bizdə kitab oxuyan yoxdu”, “Əşşi, biz düzələn bəndə deyilik. Biz hara, kitab hara?“, “Bu gənclərin axırı hara gedir, bunlar kitaba öyrəşənə qədər beyinsiz bir gənclik yetişəcək” və s.

Tam razıyam, biz az kitab oxuyan bir millətik. Bu nə sirr, nə də ki, danılacaq faktdır.

Amma ANS demişkən, gəlin əyri oturaq, düz danışaq. Jurnalistlərimiz zaman-zaman mətbuatda, internet mediasında məqalələr dolusu bu sözləri car çəkirlər, hansı yazarımıza mikrofon uzadılsa bu sözlərlə deyinir.

Hələ ən çox qan ağlayıb yaş tökən bəziləri daha var; hörmətli nəşriyyat sahiblərimiz və kitab satışı ilə məşğul olan kəslər. “Kitab bazarı bərbaddır, qazanmaq mümkün deyil, oxucu səviyyəsi çox aşağıdır” və s. İllərdir ki bu sözləri eşidirik, amma gəlin reallığa baxaq.

Yox, mən hörmətli jurnalistlərimizin, yazarlarımızın, ziyalılarımızın, naşirlərimizin dediklərinin qeyri-real olduğunu iddia etməyəcəm, necə deyərlər, dilim ağzımda od tutar. Bəhs edəcəyim reallıq başqadır.

Sizcə tək şikayətlənməklə iş bitirmi? Deyinməklə bu problemi çözmək olarmı? Niyə məsələni kökündən həll etməyə çalışmırlar? Bilirəm, deyəcəklər ki “Bu maddiyyata bağlı olan məsələdir, hökumət dəstək verməlidir, dövlət dayaq olmalıdır” və s.

Bunun artıq çeynənmiş söhbət olduğunu anlamağımız xeyrimizə olardı. Onlar əgər bu sahəyə dəstək versələr, onsuz da bu millət sovet dönəmindəki kimi məcburən və ya yaltaqlıqdan, gözə girməkdən ötrü oxuyacaq. Bildiyimiz kimi, hazırda dövlət səviyyəsində kitaba dəstək sıfır dərəcəsindədir, dayaq yox, dəstək yox… Bəs belə olduqda siz ziyalılara, jurnalistlərə, yazarlara və naşirlərə iş düşmürmü?

Yoxsa yuxarıda saydığım şikayətlənmələrinizlə işinizi bitmiş hesab edirsiniz?

Bütün günü Axundzadədən, Mirzə Cəlildən, Sabirdən, Cabbarlıdan, Hacıbəylidən misallar çəkən sizlər, təkcə çarəni bunda görürsüz yoxsa? Onların işi təkcə tənqid etməklə bitirdimi? Hər biri bu yolda əlini daşın altına qoymamışdımı?

Bunu da unutmayaq, onların dövründə heç əhalinin 90 faizi yazıb oxumaq belə bilmirdi. İndi daha əlverişli şərait var axı. Bəs niyə bu şəraitdə məsələnin kökünə varmayasız və ya bu məsələnin başlanğıcı olan gənclərlə birbaşa işləməyəsiz? Artıq internet var, sosial şəbəkələr var, bir neçə insanı bir yerə toplayıb nəsə təbliğ etmək üçün çox gözəl fürsətlər var.

Cənablar və xanımlar, şikayətlənməklə nəsə əldə etmək olmaz! Şikayətlənin, deyinin, tənqid edin bu milləti, söyün oxumurlar deyə, yıxın-sürüyün mütaliə etmirlər deyə. Amma boş da durmayın eyni zamanda, təbliğlə də məşğul olun, oxuduqlarınız haqda yazın, paylaşın, maraq oyadın. Siz belə etsəniz, gənclərin də marağı çoxalacaq, heç oxumayanlar əllərinə kitab alacaqlar, az oxuyanlar çox oxuyacaqlar, zəif, bayağı ədəbiyyat oxuyanlar daha ciddi ədəbiyyata müraciət edəcəklər, sıravi oxucular hazırlıqlı oxuculara çevriləcək, hazırlıqlı oxucular da ki… Elə sizlərə də bu qədəri gərək deyilmi? Bir millətin səviyyəsini qaldıran elə hazırlıqlı oxucular, mütaliəli insanlar deyilmi?

Ola bilsin ki, bu sözləri oxuduqca bəzinizdə qıcıq yaransın, müəllifi haqlı olaraq tanımaq istədiniz. Gəlin özümü sizə təqdim edim! Yox, şəxsimi sizə uzun-uzadı təqdim etməyəcəm. Adi bir adamam, sizə baxanda demək olar ki heç kiməm, nə siz kimi məşhuram, nə siz kimi iti qələmim var, nə sizin kimi ağıllı kəlləm, nə də sizinkinin yanından keçməyə cürət edəcək təhsilim var.

Amma təmsil etdiyim toplum birbaşa sizi maraqlandıran, hətta iddia edərdim ki, maraqlanmağa məcbur olduğunuz bir toplumdur! Bu o toplumdur ki, yuxarıda sadaladığım bütün işləri təmənnasız və dəstəksiz görməkdədir. Nə “qeheteşnik”lərdən kömək görüb indiyədək, nə səfirliklərdən, nə də ki hansısa sponsorlardan.

O toplum ki, təkcə mütaliə etməklə kifayətlənmir, həm də təbliğlə məşğul olur. Boş zamanlarında Facebook sosial şəbəkəsində, bloq və saytlarda oxuduqları kitablar haqqında məlumatlar, təəssüratlar yazırlar, yaşıdlarını, tay-tuşlarını da bu kitabları oxumağa səsləyirlər. Facebookdakı kitab səhifə və qrupları birbaşa bu işlə məşğuldurlar. Gənclər özləri bu cür qruplar yaradıblar, özləri kimi xoş niyyətdə olan dostlarını başlarına toplayıblar, digərlərini də mütaliəyə səsləyirlər.

Möhtərəm yazarlarımızın, hansı ki qrup və ya səhifələrində xeyli oxucu sayı var, hamısı sırf öz kitablarının reklamı ilə məşğuldurlar. Bir çox kitab səhifələri də sırf satışla məşğuldurlar, on-line kitab satışından qeyri bir maraqları yoxdur. Mənə inanmasanız, daxil olub özünüz şahidə çevrilə bilərsiniz.

Hələ nəşriyyatlar dillə deyiləsi deyil. Hansının səhifəsinə daxil olsanız, öz məhsullarının satış qiymətini, əsərin haqqında olsa-olsa qısaca, reklam xarakterli bir neçə cümlə görəcəksiz ki, bununla da kifayətlənərək işlərini bitmiş hesab edirlər. Ancaq elələri də var ki, sırf kitab təbliğatı ilə, mütaliəyə səsləməklə məşğuldurlar.

Bir dəfə jurnalist Rövşən Danyeri bu barədə bir məqaləsində göstərmişdi ki, nəşriyyatlar və yazarlar, birbaşa bu cür qrup və səhifələrlə işləməli, onlara dəstək olaraq eyni zamanda onlardan yararlanmalıdırlar. Məncə, çoxunuz Rövşən bəyin sözlərini vecə almadınız.

Mənim də üzv və idarəedicilərindən biri olduğum Kitabsevərlər qrupunun üzvləri hər gün kitablar haqqında yazılar yazır, yazarlar barədə məlumatlar, maraqlı şəkillər paylaşır, hər həftə real görüşlər təşkil edirlər. İndiyədək 4 kitab çap etdirmiş, kitab təbliği ilə bağlı bir neçə video çarx çəkmişlər. Ən əsası isə, bütün bunları tam təmənnasız, öz maddi vəsaitləri hesabına edirlər.

İndiyədək bəzi nəşriyyatlara və yazarlara müraciət etdikdə isə, baha qiymətlərlə, gecikdirmə və süründürmələrlə, etirazlarla və hətta Bakı Kitab Klubu nəşriyyatından da məntiqsiz bir bəhanə ilə (çap etdirəcəyimiz kitabın üz qabığının “biz deyən deyil, siz deyən rəng olacağı təqdirdə 2.20 azn-ə başa gələn kitabı 4 azn-ə çap edəcəyik” demişdilər) qarşılaşıblar.

Doğrudur, bəzi yazarlarımız və köşə yazarlarımız var ki, hər fürsətdə öz məqalələrində, müsahibələrində kitabı təbliğ edirlər.

Məsələn, Seymur Baycanın 10 yazısından 8-də kitab adı çəkilir, özünün oxuyub mütaliə etdiyi kitablardan misallar çəkir, hər kəsi oxumağa, oxuduqları haqda yazaraq başqalarında da maraq oyatmağa çağırırır.

Günel Mövlud, Zamin Hacı, Şahvələd Çobanoğlu, Səadət Cahangirqızı, Nail Nurəddinoğlu, Elkin Xəlilov və bəzi başqa yazar və jurnalistlər hansı kitab təbliğatı haqda müraciət olunsa, sözümüzü yerə salmayıblar, kömək ediblər, səsimizə səs veriblər.

Hər birinə təşəkkür edirik, alqışlayırıq. Amma onların da fəaliyyəti yalnız müraciət ediləndə görülür. Jurnalistlərə elə bir sözüm yox, ancaq adlarını çəkdiklərimdən yazar olanları, kitab naşirləri heç biri bu gənclərlə işləmirlər. Halbuki işləsələr birbaşa xeyrini görərlər. Hətta işləməsələr belə, yenə də bu qrupların onlara xeyri var. Biz fərq qoymadan hər kəsin əsəri haqda yazılar yazılmasına izn veririk. Hər hansı əsəri kim oxusa, o əsər haqqında öz təəssüratlarını yazır. Bir müddətdən sonra görürük ki, artıq neçə nəfər o kitabdan alaraq oxuyub, fikirlərini bildirib. Qrupumuzu izləyənlərdən biri olan yazar və naşir Rasim Qaraca bəy bu sözümüzü təsdiqləyər, məncə…

İndi guya yazarlarımız bu qruplardan və ya sırf bizim qrupdan xəbərdar deyillər?

Özüm şahidi olmuşam dəfələrlə, hər birinin xəbəri var bizdən. Amma qoşulmurlar nədənsə, dəstək vermirlər. Budurmu onlar üçün dəyərli olan kitab?

… Cənab naşirlər, guya siz bilmirsiniz ki, bizim təmənnasız gördüyümüz işlərin birbaşa, birinci xeyri məhz sizədir? Axı mən bu gün hər hansı kitabı oxuyub haqqında yazdımsa, 26 minlik qrup üzvlərindən çox yox, 100 nəfəri bu yazını oxudusa, ən azı 50-si maraqlanır, bu kitabı tapıb oxumağa çalışır. Həmin kitablar da məhz sizlərin məhsullarıdır ki, bu da sizin satışınıza fayda verir.

Lakin görək hansı nəşriyyat bizlə əməkdaşlıq etməyə can atır? Təkcə “Bakumoz” nəşriyyatı səsimizə səs verib, özləri bizlə maraqlanıb, köməyini təklif edib, müraciət edəndə geri çevirmədən məmnuniyyətlə yanımızda olublar. İndi soruşa bilərsiz “Bakumoz” nəşriyyatından, peşmandırmı bundan və ya nə qədər xeyrimiz dəyib onun biznesinə?

Yüz faiz zəmanət verirəm, sübut-dəlillərlə də göstərə bilərəm ki, razıdırlar bizdən. Neylədi “Bakumoz”, gətirib cibimizə pul basmadı, rüşvət vermədi ki? Sadəcə yanımızda oldu, harda axsadıqsa əlini uzatdı. Bizə qoşulanda məqsədi sadəcə kömək etmək idisə, dolayısıyla bizdən də çox özü nələrsə əldə etmiş oldu.

Kitabevim.az mağazasında isə, gənclərin öz vəsaiti hesabına nəşr etdirdiyi kitabın təqdimatı üçün müraciətlərinə “təqdimatda satılanın 50 faizi bizimdir” dedilər. Bəzi yazarlar bizdən faydalandıqları halda, işimiz düşdükdə bir kitab piarına belə kömək etmək istəmədilər…

İndi siz naşirlər, kitab mağazaları, yazarlar, hardasız, soruşmaq ayıb olmasın? Bütün günü “Kitab bizim üçün dəyərdir“ deyib car çəkməklə kimi inandırırsız? Elə bütün nəşriyyyatlara üzümü tutub deyirəm bunu, Qanun, Alatoran, Bakı Kitab Klubu, Hədəf və s. Budurmu sizin dəyəriniz? Kimi inandırırsız buna?

Hansınız səhifənizdə satışdan qeyri düz-əməlli kitab təbliği edirsiz? Hansınız bizimki kimi qrup və səhifələrlə işləyirsiniz? Hansınız yanımızdasınız? Bəlkə qrup rəhbərimiz Rəşad Babalının siyasi mövqeyi və tənqidi yazılarıdı sizləri ən böyük kitab qrupu və səhifəsindən uzaq salan? Rəşad bəy qrupda siyasi və ya şəxsi mövqe sərgiləməklə deyil, kitab təbliği ilə məşğuldur. Hətta bəyənmədiyi, sevmədiyi yazarlar barədə qrup və səhifədə paylaşımlara qadağa qoymadı.

Əksinə, imkan düşdükcə özü də paylaşdı. İnanmırsızsa, buyurub izləyə bilərsiz. Bağışlayasız məni, cəmi bir ildir ki bu qrupun idarə edilməsində iştirak etməkdəyəm, gördüklərim heç də kitabın sizlər üçün dəyər olduğunu demir.

Təvazökarlıqdan uzaq olsa da bunu bildirəcəm; təkcə Kitabsevərlər qrupunun son bir illik zamanda gördüyü işlərin, kitab aləminə verdiyi xeyirin, mütaliəyə səsləməyin, gənclərdə kitaba maraq oyatmağın heç yarısını cəminiz bir yerdə etməmisiniz!

Siz yanımızda olsanız da, olmasanız da, biz bu işlə məşğul olmuşuq, oluruq və olacağıq. Amma siz ki “Kitab bizim üçün dəyərdir“ deyirsizsə, buyurun bu siz, bu meydan, bu biz, bu da “kitab oxumayan millət”. Əl-ələ verərək əlahəzrət KİTAB üçün nələrsə edək!

Nəşriyyatlar və kitab satışı ilə məşğul olan kəslər, qoşulun bizə, dolayısıyla siz də həm ədəbiyyat, həm də biznes maraqlarınıza qatqı qatın. Yazarlar, şairlər və şairələr, yaradıcı insanlar, qoşulun bizə, həm öz əsərləriniz haqda məlumat vermiş olun, həm əsərləriniz haqda oxucu fikrini birbaşa qaynağından öyrənin, həm də ki dəyər hesab etdiyiniz kitabın təbliğatında bizə yardımçı olun.

Hörmətli ədəbi tənqidçilərimiz, bu qrup və səhifələrdə ən yeni ədəbiyyat yaranmaqdadır. Siz istəsəniz də, istəməsəniz də yalnız öz əhatələrinin əsərlərini çap edən ədəbiyyat jurnal, qəzet və saytlarından kənarda da dəyərini gözləyən ədəbiyyat yetişir. Bu da bizim ədəbiyyatdır, buna da sahib çıxmaq sizin boynunuzun borcudur. Onsuz da virtuala çox vaxt sərf edirsiniz, bu zamanın bir hissəsini də bizlə keçirin. Bu gənclərin sizlərin məsləhətlərinizə və təbliğatınıza ehtiyacı var.

Ya da… ya da ki birdəfəlik buraxın boş-boş ağızdolusu dəyərlərdən danışmağı!

kitabsever.wordpress.com

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG