Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:33

İran sazişini Konqres sabotaj edə bilər


İran və «Altılıq»ın Vyanada nüvə danışıqları - 24 noyabr 2014
İran və «Altılıq»ın Vyanada nüvə danışıqları - 24 noyabr 2014

-

«İranın nüvə sazişini Konqresdə tənqid edənlər ötən həftə qeyri-adi sürətlə hərəkətə keçərək, az qala, danışıqlara zərbə vuracaq səsverməyə səbəb olacaqdı. Ancaq soyuq başlar qalib gəldi və iş yubandı. Lakin Konqres hələ də sazişi sabotaj edə bilər». «The New York Times» qəzetinin redaksiya məqaləsində belə deyilir.

Senat çoxluğunun lideri Mitch McConnell ötən çərşənbə axşamı təklif edib ki, sazişin Konqresdə baxılmasını tələb edən qanun layihəsi səsə qoyulsun. Ancaq layihə tərəfdarları səsverməni martın 24-dək ertələməyi təkid ediblər. Həmin tarixədək Birləşmiş Ştatlar da daxil altı fövqəldövlət və İran nüvə sazişi üzrə çərçivə sazişi əldə etməlidir.

İranın nüvə proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaların yumşaldılmasını nəzərdə tutan sazişi Senatın təsdiqləməsinə ehtiyac yoxdur. Prezident Obama-nın Konqresin razılığı olmadan onun icrasına başlamaq səlahiyyəti var. Konqresin əsas gücü odur ki, Obama bəzi sanksiyaları müvəqqəti dayandıra bilsə də, ancaq və ancaq Konqres onları birdəfəlik ləğv edə bilər. İran öhdəlikləri pozarsa, Konqres yeni sanksiyalar da qoya bilər:

«Senatdakı layihə istənilən sazişi poza bilər. Razılaşma bağlanandan sonra beş gün ərzində prezident Konqresə mətni, İranın razılaşmanı necə yerinə yetirməsi, eləcə də bu sənədin Amerikanın təhlükəsizliyə hədə olmaması barədə sertifikat təqdim etməlidir. Beş gün absurd dərəcədə az vaxtdır. Bundan başqa, layihə prezidentə 65 gün ərzində sanksiyaları yumşaltmağı qadağan edir. Gərək Konqres dinləmə keçirsin və razılaşmanı dəstəkləmək qərarını versin».

ÇİNİN DAHA DA MÜRƏKKƏBLƏŞMƏSİ

«Vladimir Putin talanından ən çox qazanan Çin ola bilər. Avropa bazarları azaldıqca, çinli danışmanlar Rusiya qazının alıcılarına çevrilir».

Vladimir Putin və Xi Jinping - 2014
Vladimir Putin və Xi Jinping - 2014

Fred Hiatt «Washington Post» qəzetində yazır ki, həm də bu, müqayisədə Çini daha yaxşı göstərir – nəzərə alaq ki, Çin vətəndaş cəmiyyəti və azadlıqlara tarixi hücumlarının tən ortasındadır. Rusiya qonşu ölkəni işğal edir və bu barədə yalanlarını təkrarlayır. Bu arada Çinin Cənubi Çin dənizində hərəkətləri çox mədəni görünür.

Üstəlik, Kremlin yaxınlığında müxalif siyasətçinin güllələnib yerə sərildiyi bir vaxtda Çində insan haqları fəallarının təqibi və həbsi, az qala, sivil təsir bağışlayır.

«Ancaq Putin-in barbar hərəkətlərinə baxmayaraq, Çin demokratik dünya və ABŞ-ın növbəti prezidentinə daha çox təhlükə yaradır. Pekin Olimpiadası ərəfəsində nisbətən yumşalma yaransa da, Oyunlardan sonra Çin əks tərəfə üz tutdu. Xi Jinping iki il öncə hakimiyyətə gələndən bu istiqamət daha da güclənib», - müəllif yazır.

«Partiya rəsmiləri universitetlərdə ideoloji nəzarəti gücləndirir. Rejimin tənqidinə cürət edən media məngənəyə salınır. Çinin daxili təhlükəsizlik büdcəsi hərbi büdcəni də ötüb keçib. On minlərlə təhlükəsizlik agenti rəqəmsal məkanda rejimə sadiqliyi gücləndirir...

Bütün bunlar uzaq perspektivdə Çinin özü üçün problemdir. Vətəndaşlarının azadlığının artması ölkənin iqtisadi artımına güc verərdi. Yaradıcılıq və sahibkarlıq boğulduqca, azad kommunikasiya boğulduqca, Çinin sürətli inkişafı da əngəllənəcək», - müəllif yazır.

Şaxtaçılar Ukrayna parlamenti qarşısında maaşların və pensiyaların artırılmasını tələb edirlər - 2 mart 2015
Şaxtaçılar Ukrayna parlamenti qarşısında maaşların və pensiyaların artırılmasını tələb edirlər - 2 mart 2015

KİYEVDƏ MÜHARİBƏ İZLƏRİ

«Stratfor» Araşdırmalar Mərkəzi Lili Bayer-in Kiyevə səyahət qeydlərini dərc edib. Müəllif altı aydan sonra bir daha gəldiyi şəhərdə müharibənin izlərini açıq-aşkar gördüyünü yazır:

«Aeroportda «Sberbank»ın filialında dedilər ki, yerli valyuta yoxdur. Məni əmin etdilər ki, müvəqqəti problemdir. Ancaq böyük və boş küçələrdən taksiylə keçəndə, sürücü də valyuta böhranına toxundu. Ukrayna qrivnası rekord həddə düşmüşdü. Sürücü, elə şəhərdə rastlaşdığım bir çoxları rusca danışmağa həvəsli görünür, qiymətlərin dramatik atımından bəhs edirdilər. Hətta çörəklə süd də bahalanıb».

Müəllif «Maydan»da gördüyü azsaylı etirazçılardan, addımbaşı rastına çıxan hərbçi və könüllülərdən də bəhs edir.

«Kreml Kiyev hökumətini zəiflətmək istəyir. Çünki parçalanmış Ukrayna Qərbin siyasi və müdafiə bloklarına uğurlu inteqrasiya edə bilməyəcək... Kiyevdə sakinləri ən çox narahat edənsə valyuta böhranıdır. Ölkənin şərqindəki müharibə paytaxtın gündəlik həyatında da gözə girməyə başlayıb. İfrat sağçı partiyalar ötən seçkilərdə uğur qazanmayıb, ancaq hökumətin ifrat sağçı könüllü batalyonları hərbi komandanlığa inteqrasiya etmək cəhdləri hökumətin gücünü sınağa çəkə bilər», - müəllif yazır.

XS
SM
MD
LG