Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:22

Fəzail Ağamalı: «İlqar Məmmədov özünü «Avropanın çocuğu» kimi aparırdı»


Fəzail Ağamalı

Fəzail Ağamalı

-

«ƏŞİ, ƏCƏB ETDİN, DİNLƏDİN, İNDİ ÇIX BEYNƏLXALQ TƏŞKİLATLARA DE Kİ, İSTİNTAQ GEDİR»

«Yeni Müsavat»a müsahibəsində deputat Fəzail Ağamalı Ombudsman Elmira Süleymanovanın fəaliyyətindən, parlamentə verdiyi hesabatdan danışıb. O hesab edir ki, ombudsman öz işində ciddi dönüş yaratmalıdır:

«Hesabatla tanış olanda məlum oldu ki, daha çox ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrin, eyni zamanda konkret söz, fikir, vicdan azadlıqlarının təşviqinə yer verilir. Həmçinin, ona müraciət edənlər haqqında ayrı-ayrı qurumlarla gördüyü işlərin statistik məlumatlarına daha çox üstünlük verir. Bu isə ombudsman üçün kifayət deyil. Məni daha çox düşündürən, qayğılandıran məsələ ombudsmanın özünün imkanlarından istifadə edərək beynəlxalq səviyyədə Azərbaycanla bağlı məsələləri qaldırmamasıdır».

Deputatın fikrincə, ombudsman kabinet müvəkkilinə çevrilməli deyil və ya hansısa bir layihədə iştirak edib onu hesabatına salmaqla kifayətlənməli deyil:

««Eurovision» yarışması zamanı olduğu kimi, indi də Birinci Avropa Yay Oyunları ərəfəsində Azərbaycana qarşı ən müxtəlif iftira, böhtanlar yağdırılır, boykot çağırışları edilir. Baxın, ölkəmizdə həyata keçirilən həbslərlə bağlı, Leyla və Arif Yunusla bağlı hansı kampaniya gedir. Bu isə hesabatında yazır ki, Leyla Yunusla, Arif Yunusla görüşdüm, filankəsi dinlədim. Əşi, əcəb elədin, dinlədin! İndi çıx beynəlxalq təşkilatlara de ki, Azərbaycanda istintaq gedir, imkan verin bu istintaq işi başa çatsın. İstəyirsinizsə bu istintaqda iştirak edəsiniz, gəlin bərabər şəkildə onların məhkəməsində iştirak edək. Axı fakt faktlığındadır ki, Leyla Yunus Azərbaycan dövlətinə xəyanət edib, o, Ermənistan üçün işləyib, Ermənistanın Azərbaycanda kəşfiyyat şəbəkəsini yaratmağa çalışıb.

İlqar Məmmədov

İlqar Məmmədov

Yaxşı, bunu erməni lobbisi, erməni diasporu müdafiə edirsə, sən heç olmasa, ombudsman kimi onların qabağına çıxmalısan, onların qarşısına konkret faktlar qoymalısan».

Fəzail Ağamalı Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, REAL-ın sədri İlqar Məmmədovun azadlığa buraxılmaması haqda suala belə cavab verib: «Biz bilirik ki, İlqar Məmmədov Avropada hansı kanallara malik idi, «Avropanın çocuğu» kimi Azərbaycanda siyasi fəaliyyətini qururdu. Avropada da İlqar Məmmədovun əlaqə saxladığı, onların tapşırıqlarını yerinə yetirdiyi qüvvələrin, anti-Azərbaycan qüvvələrin içində yer aldığını biz bilirik. İndi nə edək, Azərbaycanın dövlət maraqlarını İlqar Məmmədovun ambisiyalarına qurban verək?».

DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİ İXTİSARLARI ARAŞDIRDIĞINI BİLDİRİR

anspress.com dövlət qurumlarında aparılan ixtisarlara toxunub. Sayt yazır ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu yöndə araşdırma aparıb: «Araşdırmanın nəticələrinə görə, ən çox əmək müqaviləsinə xitam verilən sahələr tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri olub. Bu da daha çox həmin sahələrdə əmək müqavilələrinin əsasən müddətli olması və işçilərin hərəkət tezliyinin yüksək olması ilə bağlıdır».

Bundan başqa, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildiriblər ki, daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə bağlı araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub».

Elnur Astanbəyli

Elnur Astanbəyli

GÜNÜMÜZÜN BALAŞLARI

Elnur Astanbəyli «Azadlıq» qəzetində AMAY Ticarət Mərkəzinin həbsdəki rəhbəri Abdulla Abdullayevin məhkəmədə söylədiklərindən yazıb. Abdullayev «Mən həbsdən əvvəl heç nə bilmirəmmiş» söyləyib. Məqalə müəllifi isə yazır: «İnciməyin, cənab, amma bu bir cümlədə heç bir səmimiyyət yoxdur. Ədalətsiz şəkildə varlanmağın, kirli yollarla yüksək imtiyazlar qazanmağın yollarını bilirdiniz, amma bir tayfa-klan rejiminin Azərbaycanı hamımız üçün necə təhlükəli, qorxunc, dəhşətli bir gələcəyə sürüklədiyini bilmirdiniz? Axı siz hamıdan çox işin içində idiniz - görürdünüz ki, bu ölkədə hansısa mənsəb, yaxud biznes sahibi olmaq üçün hansı şərtlər tələb edilir! Elə isə bir gün bunun bədəlini bütün xalqla bərabər özünüzün də ödəməli olacağınızı anlamaq çoxmu çətin idi?!

Azərbaycanda bu Şər ağacını əkib, vaxtlı-vaxtında suyunu verib dibini belləyib, böyüdüb, sonra da onun acı meyvəsini dərib yeməyə başlayanda üz-göz turşutmaq lazım deyil. Etiraflar, peşmanlıqlar, təəssüflər üçün artıq xeyli gecdir. Bu etiraflar, peşmanlıqlar, təəssüflər yaradıcısı və iştirakçısı olduğunuz ədalətsiz düzənin on illərdir xalqa yaşatdığı məşəqqətlər, məhrumiyyətlər qarşısında onsuz da çox aciz və yersiz görünürlər».​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG