Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:24

Bu gedişlə zəif cins kişilər olacaq


-

“Bütün bunlar onların beyni, cismi və kimyəvi proseslərlə bağlıdır” – İngilis internat məktəbi Vellinqton Kollecinin müəllimi Anthony Seldon belə deyir.

“Mentalitetə görə ipə-sapa yatmaq, ağıllı olmaq onlarlıq deyil” – bunu isə Nyu Yorkdakı Bronx Leadership Akademiyasının rəhbəri İvan Yip deyir.

Məktəblərdən birinin sualtı üzgüçülük klubu var, digəri isə ehtiyacı olan əksər şagirdlərini qəlyanaltı ilə təmin edir.

Bu iki məktəbin ortaq xüsusiyyəti isə hər ikisinin eyni problemlə mübarizə aparmasıdır: yeniyetmə oğlanlar qızlardan geri qalırlar.

Bu elə bir problemdir ki, onilliklər öncə bu barədə heç söhbət belə gedə bilməzdi. 1960-cı illərdək qızlarla müqayisədə oğlanlar təhsildə daha irəli gedə bilir və ali məktəbləri də daha çox oğlan bitirirdi. İndi isə istər zəngin, istərsə də yoxsul ölkələrdə vəziyyət tam əksinədir.

Bir vaxtlar qızlarda elmə bağlılığın zəifliyindən narahat olan siyasətçiləri indi qaraqabaq oğlanlar düşündürür. İsveçrə “oğlan böhranı” ilə bağlı araşdırmalara başlayıb. Avstraliya “Oğlanlar, Yeniyetmələr, Kitablar və Baytlar” adlı mütaliə proqramı hazırlayıb.

Qərargahı Parisdə olan OECD - İqtisadi Əməkdaşlıq və İnkişaf Mərkəzi isə beyin mərkəzləri ilə zəngin ölkələrlə bağlı hesabat hazırlayıb.

Hesabatda göstərilir ki, araşdırmanın gəldiyi nəticəyə görə, oğlanlar qızlar üzərində dominantlığı demək olar ki, ancaq riyaziyyat sahəsi üzrə saxlayırlar. Amma mütaliədə fərq yerlə-göy qədərdir. 64 ölkənin hər birində qızlar oğlanları bu sahədə üstələyir.

MƏKTƏB KİMLƏR ÜÇÜN “VAXT İTKİSİDİR”?

OECD hesab edir ki, savadlanma ən vacib amildir, çünki gələcəkdə əldə edəcəyin bilgilər məhs savaddan asılıdır. 50 faiz yeniyetmə oğlanlar qızlarla müqayisədə riyaziyyat, mütaliə və elmi bilikləri əldə etmə vərdişlərinə həvəsli deyillər.

Məktəbdə eyni sinifdən olan qızlar və oğlanlar arasındakı bu fərqin səbəbini aydınlaşdırmaq üçün əvvəlcə onların məktəbdən kənar həyatlarına nəzər salmaq lazımdır. Yeniyetmə 15 yaşlı qız orta hesabla ev tapşırıqlarını yerinə yetirməyə həftədə 5 – 5,5 saat vaxt sərf edir. Bu isə eyni yaşlı oğlanla müqayisədə bir saat çox deməkdir. Oğlanlar isə vaxtlarını daha çox videooyunlar və internetdə keçirirlər. Oğlanların yarıdan çoxu ilə müqayisədə qızların dörddə üçü xüsusi zövq aldıqlarına görə mütaliə edirlər.

Məktəbi “vaxt itkisi” hesab edən oğlanların göstəricisi qızlarınkından iki dəfə çoxdur. Əgər bir vaxtlar müəllimlər qızları təhsilin yalnız oğlanlar üçün olmadığına inandırmaq məqsədilə əllərindən gələni edirdilərsə, OECD-nin iddiasına görə, indi əksinə valideynlər və bu sahədə maraqlı olan kəslər oğlanları inandırmağa çalışırlar ki, əsl kişilik dedikləri heç də akademik nailiyyətsiz olmalıdır - deyə düşünməməlidirlər.

Bəzi ölkələr də vardir ki, orada sözügedən göstəricilərə görə oğlanlar öndədir. Məsələn, Latın Amerikasında mütaliə ilə bağlı gender balansı çox cüzi pozulur. Adətən oğlanların xeyrinə gender balansı daha çox riyaziyyatla bağlı pozulur. Amma bunun əksi olan ölkələr də var. Məsələn, İslandiya, Norveç və İsveçdə qızlar riyaziyyatda oğlanlarla eyni səviyyədədir, amma mütaliədə gender fərqi kifayət qədər çoxdur.

QIZLARIN DOMİNANTLIĞI MƏKTƏBDƏN SONRA DA DAVAM EDİR

Qızların təhsil sahəsində dominantlığı məktəbdən sonra da davam edir. Əgər onilliklər öncə universitetlərdə oğlanlar çoxluq təşkil edirdisə, indi vəziyyət fərqlidir. İndi ali təhsil alan qızların sayı iki dəfədən çox artıb. Əgər 1985-ci ildə ali təhsil alan tələbələr arasında qızlar 46 faiz idilərsə, indi bu göstərici 56 faizdir. 2025-ci ilədək 58 faizədək qalxa bilər.

Qızların universiteti bitirmə faizi də oğlanlardan üstündür. Qızlarla oğlanlar arasında fərq özünü peşə seçimində də göstərir. Məsələn, əgər qızlar daha çox elmə, tibbə, incəsənətə maraq göstərirlərsə, oğlanlar kompüter, mühəndislik və bu kimi digər peşələrə meyllidirlər.

BU PROBLEM QADINLARI DA DÜŞÜNDÜRMƏLİDİR

Siyasətdən daha çox sosial dəyişikliklər qadını ali təhsil almağa həvəsləndirir. Ailədə uşaq sayının az olması və ya hamiləliyin qarşısını alan həblər, ümumiyyətlə gec ailə qurmaq və uşaq dünyaya gətirmək – bütün bunlar qadınları iş həyatına daha çox bağlayır. Qadınlar nə qədər çox cəmiyyət arasında olurlarsa, diskriminasiya da bir o qədər azalır. Boşanma hallarının artması da qadının özünü saxlaya bilmə gücünə malik olmasını vacib edən şərtlərdən biri olub. Məhz bütün bunlara görədir ki, hazırda hər yerdə qadınlar kişilərə nisbətən daha ambisiyalıdırlar, istər təhsildə, istərsə də karyerada. Indi inanmaq çətindir ki, 1900-1950-ci illərdə Amerikada iş yerlərinin təxminən yarısı evli qadınların üzünə qapalı idi.

Bütün bunların nəticəsi kimi demək olarmı ki, qadınlar dominant cinsə çevrilməkdədirlər? Hanna Rosinin 2012-ci ildə nəşr olunmuş “Kişilərin sonu və Qadınların yüksəlişi” adlı kitabında təsdiq olunur ki, Amerikada qadınlar nəinki təhsildə, həmçinin peşəkarlıq və ictimai işdə də öndədirlər. kişilərin bu cür geriləməsi indi əksər ölkələrdə narahatlıq yaratmaqdadır. Bu problem qadınları da narahat etməlidir, çünki bu gedişlə onlar özlərindən aşağı səviyyədə olan kişilərlə ailə qurmaq məcburiyyətində qalacaqlar.

XS
SM
MD
LG