Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:05

Akif İslamzadə: «Bu mahnı qiyamətəcən gedəcək!»- [video]


Azerbaijan -- singer Akif Islamzade, Baku, 15Dec2010
Azerbaijan -- singer Akif Islamzade, Baku, 15Dec2010

-

AzadlıqRadiosunun arxivindən - 2012-ci ildə hazırladığımız reportaj:


Akif İslamzadənin ifasında səslənən «Neyləyim» (Alagözlüm) mahnısının yaranmasından 30 ildən çox vaxt ötür. Mahnının sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsusdur. Akif bəyə telefon açıb 30 yaşlı mahnı ilə bağlı fikirlərini öyrəndik. Müsahibəni həm oxuya, həm də dinləyə bilərsiniz.


--Akif bəy, xoş gördük! Necəsiniz, necə dolanırsınız?


--Təşəkkürlər...


--Hər zaman səsinizi-sədanızı eşidirik. Sevilən mahnılarınızdan birinin yubileyini qeyd etməyə hazırlaşırsınız deyəsən...


-- Bəli. Sabah yox, birigün. Ayın 23-də «Cıdır» restoranında. Saat 19-da.


--Təşəbbüs kimdən gəldi?


--Bir dostumuz var—Emin. 7-8 ay öncə bir söhbətimiz oldu. Təklif verdi ki, bəlkə bu mahnının 30 illiyini qeyd edək? Mən də dedim, vallah, mən təşkilati iş bacarmıram. Onda bu işi götürdü öz üzərinə...


-- Lütfən söyləyin mahnı necə yarandı? Siz mahnının ilk ifaçısı oldunuz?
Akif İslamzadə "Sın ayrı" mahnısın tarixçəsini danışır
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00
Direct-ə keçid



--İlk ifaçısı mənəm.


--Onda mahnının yaranış tarixçəsini bizə danışın...


--1982-ci ildə Rəsul Rza dünyasını dəyişmişdi. Nigar xanımın da bundan xəbəri yox idi. Xəstəxanada yatırdı, ağır idi... Onun könlünü almaq üçün Emin Sabitoğlu rəhmətlik Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələdi. Yazılan kimi dedilər ki, mən söyləyim. Gecə qaralama kimi elədik. Dedik, sonra üstündə işləyərik...


--Nigar xanım özü mahnını eşitdimi?


-- Eşitmişdi. Səsi studiyada yox, ev şəraitində yazdıq. Piano ilə--Emin Sabitoğlu özü müşayiət edirdi. Yazıb Nigar xanıma eşitdirmişdilər. Və mən bu günə kimi düşünürəm ki, biz günaha batmışıq. Bəlkə də xanım qulaq asan kimi başa düşüb ki, Rəsul dünyasını dəyişib...


--Axı, mahnının sözləri əvvəllər yazılmışdı...


--Elədir. Amma mahnının oxunma tərzindən, intonasiyasından bu aydın sezilirdi. Düşünürəm ki, Nigar xanım şairə qadın idi, incə qadın idi, duyğulu insan idi... Yəqin ki, mahnının oxunuşundan başa düşüb ki, Rəsul yoxdur... Allah keçsin günahımızdan!


--Mahnı yarandığı gündənmi sevildi, yoxsa bəzi mahnılar kimi zamanla?


-- Mənim repertuarımda bir neçə mahnı var ki, anında, efirə gedən gündən yaddaşlara həkk olunub. Bu mahnı da elə oldu. 30 ildir ki, hitə çevrilib.


--İndi dinləyəndə hansı hissləri keçirirsiniz?


--30 il keçsə də, o hislər korşalmayıb, dəyişməyib... O mahnının sözlərində də, intonasiyasında da, ifasında da bir səmimiyyət var. Mahnının dilə-ağıza düşməsinin səbəbi də yəqin elə o səmimiyyətdir.


--Türkiyədə də sevildi bu mahnı, orada da oxundu.


--Elədir. 10-15 il öncə Vaqif Səmədoğlu mənə bir jurnal göstərdi. Orada ayın sevimli mahnıları göstərilmişdi. İçində «Neyləyim» mahnısı da vardı. Yazmışdılar ki, bəstəçi Emin Sabitoğlu, söz Nigar Rəfibəyli, ifa Akif İslamzadə. Türkiyədə bu mahnını Müşərrəf Akay da söyləyib?


--Elədir. Müşərrəf xanım da oxuyub.


-- Bizdəki türk restoranlarında da bu mahnının türk musiqiçiləri tərəfindən oxunduğunun şahidi olmuşam. Bilmirəm, bəlkə məni görüb oxuyurlar...


--Akif bəy, Sizə bir müşahidəmi söyləyim. Dünən işdən evə gedəndə qızım radioda tez-tez dalğaları dəyişirdi. Yəni istədiyi mahnını tapa bilmirdi. Birdən Sizin ifanızda bu mahnı səsləndi və qızım mahnını axıracan dinlədi. Düzü, Sizdən müsahibə almaq istəyi də elə onda yarandı. Bu mahnıda elə bir şey var ki, bütün dövrlərdə adamı dinləməyə vadar edir...


-- Bütün mahnıların—«Qaragilə»dən tutmuş «Sarı gəlin», «Laçın», «Girdim yarın bağçasına»dək—hamısının bəstəkarı olub. Amma zaman keçdikcə bəstəkar da, sözlər də, ilk ifaçı da unudulub və mahnı xalq mahnısına çevrilib. «Neyləyim» də bu tipli sevilən mahnıdır...


-- Məncə, «Neyləyim» mahnısı illər, əsrlər keçsə də unudulmayacaq. Nə bəstəçisi, nə söz yazarı, nə də ifaçısı...


-- Mən də elə bilirəm. Düzdür, Nigar xanım, Emin Sabitoğlu dünyasını dəyişib. Allah onlara qəni-qəni rəhmət eləsin. Bu millət qiyamətəcən var. Və qiyamətəcən onlara rəhmət var. Bu mahnı qiyamətəcən gedəcək...


-- Oldu. Çox sağ olun. Təşəkkür edirəm, Akif bəy, həm mahnıya görə, həm də müsahibəyə görə.


-- Mən təşəkkür edirəm!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG