Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:48

"Tənqidçi – ilk növbədə döyüşçü, ideoloqdu"


Roman Senchin
Roman Senchin

-

"İkiminincilər nəslinin tənqidçiləri talelərini öz idealları uğrunda mübarizə aparmaqla çətinə salmaq istəmirlər".

"Literaturnaya qazeta"nın baş redaktor müavini, yazıçı Roman Senchin-lə söhbət. Onun "Yoltışevlər" romanı 2009-cu ildə «Большая книга» və «Русский Букер» mükafatlarının qısa siyahısına düşüb.

Əsərlərini burda oxu

– Siz o azsaylı yazıçılardan birisiniz ki, həmişə tənqidçiləri həssaslıqla anlayıb, yaradıcılıq sahəsində yeni adlara sevinib və heç vaxt, hətta ən amansız rəylərdən inciməyib. İndi sizin tənqid və tənqidçilər qavrayışınızda bir şey dəyişibmi?

– İki mininci ilin ortalarında mən əmin idim ki, yeni nəsil tənqidçilər – yaşca gənc və dünyaduyumu olan insanlar – təkcə ədəbiyyatımızı təzələməyəcək, həm də ona yeni mətləblər gətirəcək. Valeri Pustovoy, Sergey Belyakov, Andrey Rudalevin və bir çox başqalarının böyük, çoxşaxəli məqalələri çoxlu vədlər verirdi.

Təəssüf ki, elə "qalın" tənqidin dövrü uzun davamlı olmadı- bəziləri fikrini qısa anlatmaq üçün internet-qəlibə, digərləri ədəbiyyatşünaslığa, bioqrafiya yazmağa getdi...

Ən başlıcası, bu tənqidçilər hədəf seçdikləri prinsipləri axıracan müdafiə etmədilər. Tənqidçi – ilk növbədə döyüşçü, ideoloqdu. Bu, hər halda, ədəbi məhsulun sadə qiymətləndiricisi, baş verənlərin konstatatoru, intellektual analitiki deyil.

Vissarion Belinsky
Vissarion Belinsky

Mənim üçün tənqidin istiqamətləri bunlardır- Belinski, Pisarev, Lakşin, Dedkov. Amma onların taleyi çox mürəkkəb oldu. Yəqin ki, ikiminincilər nəslinin tənqidçiləri talelərini öz idealları uğrunda mübarizə aparmaqla çətinə salmaq istəmirlər. Ya da ki, iki minin sonu, iki min onun əvvəli boz-bulanıq illərdə onları itirdilər.

Əlbəttə, işartılar da olur. Bu günlərdə İnternet dərinliklərində Valeri Pustovoyun “Gənclik tufan qarşısında” məqaləsini gördüm. Əla məqalədi. Amma tənqidçini, eşidilməkdən ötrü ildə 10-15 oxşar məqalə, üstəgəl əlli mənalı resenziya yazmaq lazımdır. Halbuki bu, sağlamlıq üçün zərərlidir.

– Bu mübarizəni necə təsəvvür edirsiniz? Aksionizm və siyasi performanslar kimi? Axı jurnal manifestlərində uzağa getmək olmaz. Və siz hansı idealları nəzərdə tutursunuz: geniş dünyagörüşlü mövqeyi, yoxsa estetik prinsipləri?

– Həm kağız üzərində, həm də real həyatda fəal olmaq lazımdır... Vaxtilə mən başqa cür düşünürdüm, ancaq vəziyyət dəyişib, elə mənim şüurum da gah inkişaf edib, gah da əksinə... Dünyagörüşü və estetik prinsiplərinə gəldikdə isə, əslində, bu, mahiyyətcə eynidir. Əgər kitab sənin estetik prinsiplərinə cavab vermirsə, onda sən də onu oxuya bilməyəcəksən, lap o, dünyagörüşcə sənə yaxın olsa da...

Ümumiyyətlə, zənnimcə, kitab tənqidçi (məsələn, Pisarevdən ötrü belə olub) üçün həyat haqqında danışmağa səbəb olmalıdı. Həmçinin, buna kitabsızlıq da səbəb ola bilər.

– Siz özünüz də ədəbi prosesin şərhçisi və analitiki kimi çıxış edirsiniz. Hansı son kitab yenilikləri sizdə təsir buraxdılar, hansıları sizi məyus etdilər?

– Biz ədəbiyyatı aylarla, ən çoxu – mövsümlə ölçməyə adət etmişik. Haqqında mart ayında səs-küy salınan kitab uzağı noyabr ayına qədər unudulur, sanki köhnəlir. Ədəbiyyat tarixinin çevrilmiş səhifəsi olur... "Qırmızı işıq", "Dəfnə", "Ucadan müraciət" kimi kitablar məni məyus etdilər. Bu, məncə ironiyasız, bir növ ciddi postmodernizmdi. Yeri gəlmişkən, ironiya, bəlkə də, elə müəlliflərin iradəsindən kənar, bu mətnlərdə görünür.

Görünür ki, onlar kitablardan gələn, kabinet adamları tərəfindən yazılıb, elə həyat, tarix, insanlar arasında qarşılıqlı münasibətlər bu cür kitabdan gələn, qeyri-həyati olur. Həm diktofon yazılarının oxunması, daha doğrusu şifahi nitqin stilizasiyası, hansını ki, "Ucadan müraciət" kitabında görürük, xilas edə bilmir…

Qeyri-bədii ədəbiyyatdan Pavel Basinskinin Tolstoy və Kronştadt haqqında kitabı yaddaşımda iz buraxdı. O həm də aktual, maraqlı oldu. Onun mənə çox xeyri oldu.

Denis Qutskonun “Beta-erkək” romanı mürəkkəb hisslər qoydu. Ümumiyyətlə, Denisin son illərki zahirən donuq, gözəçarpmayan nəsri mənə gərəklidir. Amma o, açıq-aşkar öz realizminə nəsə əlavə fikirlər qatır, modelləşdirir, bu da nəzərə çarpır…

Sergey Shargunov özünün "1993" romanını imzalayır, sentyabr, 1993.
Sergey Shargunov özünün "1993" romanını imzalayır, sentyabr, 1993.

Sergey Şarqunovun 1993-ci il haqqında çıxacaq romanını gözləyirəm. Ümid edirəm ki, Sergey onda öz ədəbi gəncliyinin, cadukünlüyünün arasından qurtulacaq. Mənim hissiyatımla o, "Ura!" ilə tutduğu və "Quş qripi”, “Şəkilsiz kitab" ilə möhkəmləndirdiyi sərhədləri çoxdan aşıb irəliləməyə hazırdır.

– Bəs sizin öz əsərlərinizin arasında lap sevdiyiniz və ən sevmədiyiniz varmı? Bu uşaq sualına görə də bağışlayın.

– Bəlkə, bu, şablon səslənəcək, amma bütün əsərlərim mənə eyni dərəcədə əzizdir. Düzdür, mən görürəm ki, biri çəpdi, digəri əyridi, üçüncüsü donqardı... Təkrar nəşrlərdə əməliyyat keçirməyə, nəsə düzəltməyə çalışıram. Sevilməyəni və ya heç də uğurlu alınmayanı dəftər şəklində masanın üstündə qalır. Çox şey girişdiyin mövzulardan asılıdır. Köklənə bilmədiyin mövzular olur, onda povest və ya hekayə uğursuz alınır.

Hərçənd, nə vaxt ki, jurnala əlyazmamı aparıram, əminəm ki, dünya ədəbiyyatının ən yaxşı əsərini aparıram. Ancaq, sonra mənə çox şeyləri redaktor, sonra tənqidçilər, sadə oxucular üzümə, yaxud İnternet vasitəsilə izah edir. Və onda mən yaxşı yazmağa yeni cəhdimi edirəm, yenə eyni şeylər təkrar olur.

– Ötən il Medvedev sizə digərləri ilə birlikdə mədəniyyət sahəsində RF hökuməti Mükafatının verilməsi haqqında fərman imzalayıb. Bu, əlbəttə, çox sevindiricidir. Pul ailənin atasına qətiyyən mane olmayacaq, üstəlik sizin çoxillik, inadlı, dəlisov-asketik yazıçı əməyiniz mükafata layiqdir.

Amma görəsən bu daxili münaqişə olmadan ötüşmədi ki: bu mükafatı almaq, ya almamaq; mükafata əsər vermək, ya da verməmək? Axı siz – milli konqresin aksiyalarının fəal iştirakçısısınız, burada isə, belə çıxır ki, sizə doğma olmayan dövlətdən hədiyyə qəbul etmisiniz?

– Ən yaxşı vəziyyətdə, əlbəttə, ədəbiyyat və dövləti paralel mövcud olmalıdır. On doqquzuncu əsrdə Belinski, Nekrasov, Aksakovun “Vətənə məktublar”ı, “Müasir”i, “Moskvityanin”i ilə, keçən əsrdə Korolenko, Qorki, Leonid Andreyevin “Bilik”i, “İtburnu”su ilə belə idi.

İndi dövlət və ya dövlətin əlindəki milyarderlər əksər qəzet və jurnallara pul verirlər, mükafatları, bir sıra kitabların nəşrini maliyyələşdirirlər və s. Əgər biz dövlət tərəfindən aldadılanlarıqsa, nə etmək olar… Mükafat üçün əsəri özüm təqdim etmədim, bunu məndən dolayı-xəbərsiz etdilər, mən də "Yoltışevlər" kitabının Rusiya hökumətinin Mükafatına iddialı olmasını təsadüfdən-təsadüfə öyrəndim. Yeri gəlmişkən, sənədləri iki təşkilat bir-birindən asılı olmayaraq vermişdi.

Müəyyən daxili münaqişə vardı: içib özümü təqdimetmə mərasimində nə deyəcəyimi, necə aparacağımı təsəvvür etməyə başladım. Həyat fantaziyamı gürçəkləşdirməkdən məni xilas etdi- mükafatın təqdimatı zamanı Moskvadan uzaqlarda idim və iştirak edə bilmədim.

Başa düşürəm, mənim cavabım çox da birbaşa deyil, ancaq həyat da hamar deyil, əyriliklərlədir.

Müsahibəni Aliq Nağıoğlu çevirib

XS
SM
MD
LG